Tallində akademik Zərifə Əliyeva adına uşaq bağçasının filialının açılışı olmuşdur

Aprelin 27-də Tallində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına uşaq bağçasının açılışı olmuşdur. Filialın açılışı Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmişdir.

Yüzədək uşağın tərbiyə olduğu uşaq bağçası 6 ildən çoxdur fəaliyyət göstərir. Bağçada azərbaycanlı uşaqlarla yanaşı rus, eston, habelə başqa millətlərdən olan uşaqlar tərbiyə olunurlar.

Zərifə Əliyeva adına uşaq bağçasının filialının açılmasında Tallinn şəhər bələdiyyəsi və Bakının Suraxanı Rayon İcra Hakimiyyəti böyük rol oynamışlar. Uşaq bağçasının fəaliyyəti Estoniya Təhsil Nazirliyi və Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən də dəstəklənir.

Filialın açılış mərasimində Tallinn şəhərinin Kesklinnas Rayon İcra Hakimiyyətinin başçısı Mixail Korb, Estoniya Təhsil Nazirliyinin şöbə müdiri İrene Kyaosaar və Estoniya parlamentinin deputatı Eldar Əfəndiyev çıxış etmişlər.

Çıxış edənlər uşaq bağçasının filialının açılması münasibətilə Azərbaycan diasporunu təbrik etmişlər. Estoniya ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafı vurğulanmışdır. Kesklinnas Rayon İcra Hakimiyyətinin başçısı Mixail Korb Azərbaycan diasporunu Estoniyada fəaliyyət göstərən ən fəal diaspor təşkilatlardan biri kimi qiymətləndirmişdir.

TALLINN. 27.04.201. AzərTAc.