Azərbaycan Prezidenti İlham Əliyev akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir

Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dövlətimizin başçısı yubiley tədbirində nitq söylədi.

Prezident İlham Əliyev mərasimdə iştirak etmək üçün Bakıya gələn qonaqları salamladı. Bildirdi ki, Zərifə Əliyevanın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı müxtəlif tədbirlər keçirilmişdir. “Zərifə xanım sözün, əsl mənasında, böyük həkim idi”, - deyən Prezident İlham Əliyev onun Azərbaycan və dünya oftalmologiyasına verdiyi dəyərli töhfələrdən danışdı. Dövlətimizin başçısı Zərifə xanımın açdığı və insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsal sahələrində tədqiqat aparan laboratoriyanın fəaliyyətindən bəhs etdi. Bildirdi ki, alim kimi böyük zirvələrə yüksələn Zərifə xanımın əsərləri bu gün də əhəmiyyətini itirmir. Oftalmologiya sahəsində SSRİ-də ən yüksək Averbax mükafatına layiq görülən Zərifə xanımın fəaliyyəti ilk növbədə insan amilinə əsaslanırdı.

Azərbaycan Prezidenti bildirdi ki, Zərifə xanım ulu öndər Heydər Əliyevin həyat yoldaşı kimi hər zaman dahi siyasət xadiminin fəaliyyətinə dəstək olmuşdur. Yüksək mədəniyyətə sahib olan Zərifə xanım bir çoxları üçün son ümid yerinə çevrilmişdi.

Prezident İlham Əliyev vurğuladı ki, daim insanlara yardım etmək amalı ilə yaşayan Zərifə xanımın unudulmaz obrazı hər zaman əziz və doğma olaraq qalacaqdır. Çünki Zərifə xanım əsl ziyalı idi və Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə təcəssüm etdirirdi.

“Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub”, - deyən dövlətimizin başçısı nitqində son illərdə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən də danışdı. Bildirdi ki, son 10 ildə 500-dən çox tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Bakıda və bölgələrdə zəruri tibb xidməti almaq üçün hər cür şərait yaradılmışdır. Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artmışdır.

“Bizim siyasətimizin mərkəzində insan amili - Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyev bildirdi ki, gənc nəslin sağlam böyüməsi üçün mükəmməl tibbi xidmət olmalı, kadr potensialının artırılması istiqamətində tədbirlər görülməlidir. Dövlətimizin başçısı həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşdüyünü, qazanılan uğurların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev bir daha Zərifə xanımın xatirəsini anaraq onun işıqlı obrazının hər bir insanın qəlbində yaşadığını dedi.

Səhiyyə naziri Oqtay Şirəliyev akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin bu gün də böyük hörmət və ehtiramla xatırlandığını bildirdi. Qeyd etdi ki, Zərifə xanım Əliyevanın elmi əsərləri, tədqiqatları yenə də aktualdır və onun XX əsrin ortalarında ölkədə yayılan traxoma xəstəliyinin qarşısının alınmasında göstərdiyi əvəzsiz xidmətlər tibb elminin inkişafında mühüm rol oynayır. “Zərifə xanım peşə ilə bağlı görmə problemlərinin araşdırılmasında yeni istiqamət açdı, dünyada bununla əlaqədar ilk laboratoriya yaratdı, beləliklə də Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaltdı”, - deyən Oqtay Şirəliyev bildirdi ki, o, pedaqoji kadrların hazırlanmasında böyük xidmətlər göstərmişdir.

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasının rektoru Larisa Moşetova Zərifə xanım Əliyevanın insan və alim kimi unudulmaz keyfiyyətlərindən danışdı, onunla birgə çalışdığı illəri xatırladı. Qeyd etdi ki, Zərifə xanımın Bakıda yaratdığı oftalmoloji mərkəz o dövrdə SSRİ miqyasında apardığı tədqiqatlarla məşhur idi.

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasının kafedra müdiri Alevtina Brovkina Zərifə Əliyevanı yaradıcı arzuların carçısı adlandırdı. Bildirdi ki, böyük Azərbaycan alimi hər zaman insanlara yardım etməyi xoşlayırdı, öz alicənablığı ilə insanlara dayaq olurdu.

Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri Sunay Duman dedi ki, Zərifə Əliyevanın traxoma xəstəliyinin qarşısının alınması sahəsində göstərdiyi xidmətlər bu gün də elmi ictimaiyyət tərəfindən hörmətlə yad edilir. Sunay Duman bu gün Azərbaycanda oftalmologiyanın inkişafı istiqamətində görülən müsbət tədbirlərin dünya elmi tərəfindən diqqətlə izlənildiyini bildirdi.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.

Daha sonra Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxdı.

BAKI. 27.04.2013 AzərTAc.