Haqqında

Cazibə

Biz ailəlikcə dost idik – çoxdan, atam Bakıya köçərək, Zərifə xanımın atası ilə Azərbaycanın səhiyyə sistemində işləməyə başladığı dövrdən. Otuzuncu illərin əvvəlləri idi, bütün xırdalıqlar yadımda deyil, ancaq o yadımdadır ki, tez-tez evdə Əziz Əliyevin adını çəkərdik. Onu ilk dəfə yeddi yaşımda ikən görmüşdüm. Bir dəfə evimizdə möhkəm yır-yığış gedirdi, hamı mətbəxə yığışmışdı. Məni isə bayramsayağı geyindirmişdilər. Bu hadisə yeni mənzilimizdə baş verirdi. Ailəmiz bu evi cəmi bir neçə ay qabaq almışdı. Şəhərin təzə rayonunda ­mütəxəssislər binasında idi. Anam Gülzar xanım indiyəcən orada yaşayır. Gün ərzində sürücü iki dəfə bazarlığa getmişdi, bu da bizdə çox nadir olan iş idi. Adətən, mən sürücünü gündə bircə dəfə görərdim, çünki atam işə piyada gedərdi. Anam o zaman tələbə idi və evə gec qayıdardı. Mən qulluqçumuz Frosyanın himayəsində qalardım. O, məni məktəbə aparıb-gətirər, gözü üstümdə olardı. Ancaq həmin gün Frosya mənə heç bir irad tut­murdu, yalnız anam bir neçə dəfə dedi ki, "əllərini yaxşı-yaxşı yu". Elə bil qonaqları yaxşı qarşılamağımız mənim əllərimin təmizliyindən asılı idi. Hamı həyəcan və nigarançılıq keçirirdi ...

Axşam atam öz tanışları ilə gəldi. Onlardan biri dərhal mənim diqqətimi cəlb etdi. Bu, orta boylu, qıvraq, hərbçi qamətli bir kişi idi. Onun ilıq və nüfuzedici baxışları vardı. Evə girən kimi hamımızla salamlaşdı. Mənə yaxınlaşanda isə dedi: "Hə, qəhrəman, gəl bir görüm səni!" Bu sözlərdən sonra məni qucağına alıb yuxarı qaldırdı və dedi ki, artıq böyümüşəm: "Nəçi olmaq istəyirsən? Yəqin həkim olacaqsan. Elədirmi?" Sonra isə üzünü yana çevirib əlavə etdi: "İndi elə bir vaxtdır ki, bizə cərrahlar lazımdır!"

Sonralar mən evimizdə Əziz müəllimi tez-tez görərdim. Bəzən valideynlərim Əliyevlərin evindən qonaq qayıdanda onların ailəsindəki səmimi görüşlərdən, yaşca məndən bir qədər böyük olan uşaqlarından xeyli danışardılar. Müharibə başlandı, atam cəbhəyə getdi. Əziz müəllim də ordu sıralarına çağırıldı. Yadımdadır, bir dəfə bizə hərbi formada gəlmişdi, çiynində podpolkovnik paqonu vardı. Atalarımızın və analarımızın üzündən dərin qayğı və kədər oxunurdu.

Qrupumuzda l3 oğlan idik. 1942-ci il idi. Dəhşətli müharibənin ikinci ilinin getdiyini nəzərə alsaq, bu rəqəm çox böyük sayıla bilərdi. Bizi "Qırmızı Bayraq ordenli qrup" adlandırırdılar. Çünki hamımız tezliklə əsgər ola­caqdıq. Mənim 16 yaşım vardı. Dərslər yenicə başlanmışdı. Tezliklə qrupda və "potok"da bütün manqalar müəyyən edildi: qrup nümayəndələri seçildi. Tələbələr arasında da müəllimlərə hüsn-rəğbət yarandı.

Anatomiya bizim üçün ən çətin məşğələlər sayılırdı. Uşaqlar qruplara bölünür, birgə məşğul olurdular. İş elə gətirdi ki, bir qrupa düşdük. Axşam düşəndə mütləq Əliyevlərin Zevin küçəsindəki evində olurduq. Əziz müəllimin evi qonaqsevər idi, böyük oğlu Tamerlan bizdən yuxarı kursda oxuyurdu, yeri düşəndə bizə kömək edirdi. Ən başlıcası isə o idi ki, bu evdə həmişə bizi Zərifənin anası qarşılayırdı. Leyla xanım cazibədar, genişqəlbli və zabitəli bir qadın idi. Müharibə dövrü idi, gözümüz çox vaxt qazanda qalardı. O heç vaxt bizi yedizdirməmiş getməyə qoymazdı. Ərzaq məsələsi isə ağır idi. Müharibədən xeyli keçmiş Tamerlanla görüşlərimizin birində olub-keçənləri xatırlayırdıq. Yadıma düşdü ki, bir dəfə Leyla xanım ac-yalavac gəlmiş biz tələbələri "hərbi tutiyə" sayılan şprota qonaq etmişdi. Bunu eşidəndə Tamerlan nəzərlərini uzağa zilləyib uzun müddət susdu, sonra isə dedi: "Bilirsən, o vaxtlar hamı dağılışandan sonra anam xəlvətə çəkilib çörəyini şprotun balıq yağına batırıb yeyərdi." Görün bu qadının, ananın ürəyi nə qədər böyük idi! "Kitabi-Dədə Qorqud"u oxuyarkən bir daha başa düşürsən ki, sevməyə və nifrət etməyə qadir olan qadın nə qədər məğlubedilməzlik və ölmə­zlik gücünə malik olur.

Beş uşaq böyüdüb, boya-başa çatdırmış Leyla xanımı mən məhz belə xatırlayıram. İlk imtahanlarımızı vermişdik. İlk nəticələr çıxarmaq olardı. Sən demə, bizim qazancımız təkcə təhsildəki uğurlarımız yox, həm də qrup rəhbərimiz imiş. Hansısa yazılmamış qanuna görə biz ən çətin məqamlarda Zərifəyə müraciət edirdik. Belə bir epizod yadıma gəlir. Qrupumuzun oğlanları tez-tez nizam-intizamı pozardılar: məşğələləri buraxar, dərslərə gecikərdilər. Bu barədə kimsə dekanlığa məlumat vermişdi. Diqqətlə araşdırandan sonra biz "məlumat mənbəyinin" kim olduğunu tapdıq. Əsl kişilər kimi onun dərsini verməyi qərara aldıq. Əvvəlcə məsləhətləşmək üçün Zərifənin yanına getdik. O həmin adamla özü danışacağını söylədi. İndiyəcən bizə sirr olaraq qalır ki, Zərifə ona nə dedi, nə demədi. Ancaq tezliklə, həmin oğlan qrupumuzdan çıxıb getdi. İldən-ilə qrupumuzda, sonralarsa bütün institutda Zərifənin nüfuzu artırdı. Biz oğlanlarsa onu öz bacımız bilirdik, çətin məqamda köməyimizə yetən bacımız.

İnstitutla, yoldaşlarla, müəllimlərlə vidalaşmaq anı çatdı. "Potok"umuzun məzunları həkim kimi bütün ölkəyə səpələndilər. Tale məni yenə də, bu dəfə artıq həkim kimi Əziz müəllimlə görüşdürdü. O Travmatologiya, Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru idi. Mənim "İlanvurmalar və ilan zəhərinə qarşı zərd­abla müalicə" mövzusunda dissertasiyam Əziz müəllimin müsbət rəyi və xeyir-duası ilə müdafiəyə buraxıldı. Əliyevlərin evində mən yenidən Tamerlanla, artıq həkim-oftalmoloq, təcrübəli mütəxəssis, müəllim olan Zərifə ilə görüşdüm.

Namizədlik dissertasiyam Şamaxı rayon xəstəxanasının materialları əsasında işlənmişdi, paytaxt həkimi Zərifənin iradları çox faydalı olmaqla yanaşı bəzi məsələləri aydınlaşdırmağa da kömək etdi. Bir müddət sonra, tibb institutunun oftalmologiya kafedrasının rəhbəri professor Umnisə xanım Musabəyova mənim işlədiyim klinikaya müalicəyə gəlmişdi. Növbədən sonrakı boş vaxtlarda onunla söhbətləşərdik. O, mənə öz tələbələrindən danışardı. Həmişə söhbətinin əvvəlində də, sonunda da Zərifə xanımdan söz açardı. Professor Zərifəni istedadlı həkim və alim, həssas yoldaş, əməksevər insan kimi səciyyələndirirdi. Deyirdi ki, Zərifə xəstəni müalicə eləyəndə onun ağrılarını özü de yaşayır, özgəsinin ağrı-acısını və sevincini dərindən duymaq və bunları özününkü kimi qəbul etmək Zərifə xanımın adamlarla ünsiyyətdə başlıca keyfiyyəti idi!

Doğrudur, Zərifənin xarakteri elə deyildi ki, hamını bir ucdan sevsin, hamıya lütf göstərsin. O, dostu düşməndən ayırmağı bacardığı kimi, adamların yaxşı və pis əməllərini də dəqiq fərqləndirirdi. Onun şəxsi düşmənləri yox idi, çünki o, ünsiyyət bağladığı, köməyə ehtiyac duyan hər bir kəsin qəlbinə yol tapmağı bacarırdı. O, öz xarakterinə və ətrafındakılara mənəvi təsirinə görə adamlar arasında böyük nüfuza malik idi. Ancaq bu nüfuzundan sui-istifadə etməz, özünü gözə soxmaz, lovğalanmaz, mühakimələrini başqalarına zorla qəbul etdirməzdi. Cəsarətlə demək olar ki, onun başlıca düşməni biganəlik idi. Və Zərifə buna qarşı yorulmadan mübarizə aparırdı.

Bir dəfə xəstələrindən biri onun məktubunu mənə gətirmişdi. O yazırdı: "Əgər bu qadının sənin cərrahiyyə yardımına ehtiyacı yoxsa, mütləq məşvərət keçir və qoy onun müalicəsini mütəxəssislər aparsınlar. Ancaq axıradək gözün üstündə olsun ... "

Zərifə deyirdi: "Xəstələr həkimin yanına pənah gətirəndə, onunla görüşmək istəyəndə, ona ərklə müraciət eləyəndə adam başa düşür ki, sən insanlara lazımsan, onlara faydan dəyə bilər." Mən Zərifə xanım Əliyevanın özünü də belə diqqətcil, qayğıkeş, canıyanan, həssas bir həkim kimi tanıyırdım. O bizim xatirimizdə belə də qalmışdır.

Bir dəfə məni televiziya görüşünə dəvət etmişdilər. Bu görüş Bakı Məişət Kondisionerlər Zavodunda təşkil edilmişdi. Çəkilişdə olarkən qapıların birinin üstündə diqqətimi belə bir lövhə cəlb etdi - "Görmə orqanının peşə patologiyası laboratoriyası". Zavodun direktoru dedi: "Bu nadir laboratoriyanı professor Zərifə Əliyeva yaradıb. Zavodumuzda tez-tez fəhlələrin gözləri ağrıyardı. Buna görə həkimlərə müraciət etdik. Onlar da xahişimizi yerə salmadılar. Bu laboratoriya açılandan bizim zavodda göz xəstəlikləri kəskin azaldı və o biri zavodlar – şin zavo­du, neftayırma zavodu və başqaları da bu təcrübədən bəhrələndilər."

Zərifə xanım bir alim kimi heç vaxt istehsalatla əlaqələrini qırmamışdı, həmişə öz elmi nəticələrini təcrübədə sınaqdan keçirərdi. O, tez-tez respublikanın iri sənaye müəssisələrində fəhlə və qulluqçular qarşısında çıxışlar edərdi. Buna görə də istehsalçılar arasında yaxşı tanınırdı. Get-gedə onun bu araşdırmaları respublika miqyasını aşmağa başlayırdı və vaxt gəldi ki, həmin elmi işlər yeni mərhələyə keçdi. Bu mərhələdə Zərifə xanım sənayenin tibbi problemlərini Moskva alimləri ilə birgə həll etməyə başladı.

Mənə Tibb Elmləri Akademiyasının bir iclasında iştirak etmək səadəti də nəsib olmuşdu. Həmin iclasda başqaları ilə birlikdə Zərifə xanıma da təntənəli şəkildə akademik M.P.Averbax adına mükafat təqdim edilirdi. O, həmin ali mükafata layiq görülmüş ilk qadın alim idi. Z.Ə.Əliyeva xaricdə keçirilən bir sıra elmi forumlarda da iştirak etmişdi.

Bizim Azərbaycan Tibb İnstitutunu  1947-ci ildə bitirmiş tələbə yoldaşlarımız arasından çoxlu professorlar, dosentlər və hətta akademiyanın müxbir üzvləri çıxıb. Ancaq hələ indiyəcən Zərifə xanımdan başqa həqiqi üzvümüz yoxdur. Biz tələbə yoldaşları da onunla əsl alim kimi fəxr edirik.

Mən anamı çox sevirəm. Və əgər analıq barədə düşünürəmsə, onu xatırlayır, hər hansı bir anadan söhbət gedirsə, onunla müqayisə edirəm. Ancaq mənim öz doğma anam qədər istədiyim və əsl qəhrəmanlıq simvolu kimi pərəstiş etdiyim başqa bir qadın da var. O, beş gözəl və xeyirxah oğul böyütmüş Ceyran xanım Mirqasımovadır. Oğlanlarının birini Ceyran ana ölümün pəncəsindən güclə qoparmış, ona əvvəlcə can, sonra isə hissiyyat, danışmaq töhfəsi bəxş etmişdir. Həmin oğlan uşaq vaxtı ağır bir xəstəlik keçirmiş və eşitmə qabiliyyətini itirmişdi. Ceyran xanım ona danışmağı və ətrafdakıların danışığını onların dodaqlarının hərəkətinə görə anlamağı necə öyrətmişdir, bir allah bilir! Men Zərifəni bir ana kimi yalnız Ceyran xanımla müqayisə edə bilərəm. Çünki o, yalnız öz oğluna və qızına deyil, həm də qardaşının, bacılarının, hətta əmisi uşaqlarının da balalarına tərbiyə vermişdir. Həmin tərbiyə prosesi hər saat, hər an getməsə belə, Zərifənin təsiri, Zərifənin nüfuzu Əliyevlərin böyük ailəsində həmişə aydın duyulurdu. Onun zərif cismində bax, bələ bir nəhəng mənəvi qüvvə vardı. İşdə, küçədə, tədbirlərdə rastlaşdığı, görüşdüyü dost-tanışlarından birinci onu soruşardı ki, uşaqlar necədirlər, nə ilə məşğul olur, nə ilə maraqlanırlar? Çoxları belə sualları elə-belə verir, cavabı ilə maraqlanmırlar. Zərifə xanım isə belələrindən deyildi, cavablarımıza diqqətlə qulaq asar və dəyərli məsləhətlər verərdi. Bir dəfə onunla "Moskva" mehmanxanasında qarşılaşdıq. Yanında l3-l4 yaşlı uşaqlar vardı. Biz bir stol arxasında əyləşəsi olduq. İlahi, o, uşaqlara nə qədər hörmət, səbr və diqqətlə yanaşır, onlara münasibətdə necə böyük insan ləyaqəti nümayiş etdirirdi ! Buna görə də uşaqlar onu təqlid etməyə çalışırdılar. Zərifə xanımın tərbiyəsinin gücü de elə bunda idi.

Yetmişinci illərin sonları olardı. Yay vaxtı Moskvada Zərifə xanımla rastlaşdım. Onun yanında hündür, qədd­-qamətli, qara gözlü, qartal baxışlı məğrur bir cavan oğlan vardı. Bu, onun qəbul imtahanlarını uğurla başa vurmuş oğlu idi. Anası onun yanında idi.

Ceyran xanım Mirqasımova öz kitabında yazır: "Bəlkə də mənim Alikə göstərdiyim analıq qayğısı və sərf etdiyim enerji payı o biri oğlanlarımdan artıq olub. Ancaq mən öz biliyimi və bacarığımı, sevgimi və zəhmətimi beş bərabər yerə bölmüşəm." Əgər biz Zərifə xanımı tanıyanların hər biri ilə kiçik bir sorğu aparsaq, hamılıqla deyərlər ki, o, öz sərvətini dünyanın bütün uşaqları arasında bölüşməyə hazır idi!

Mən Zərifədən üç yaş kiçiyəm. Cavanlıqda onu özümə böyük bacı bilirdim. Zərifənin mühakimə qabiliyyətini xüsusilə qiymətləndirirdim. Hər bir xalqın öz adət-ənənəsi, vərdişləri, qanun-qaydaları var. Bunlar əsrlərin sınağından keçib bu günümüzə qədər çatmışdır. Yaxşısı da olur, pisi də. Vaxt keçdikcə, sözsüz ki, pis adətlər sıradan çıxır, ölüb gedir, yaxşıları isə möhkəmlənir, təsdiqlənirlər. Xalqımıza xas olan belə səciyyəvi cəhətlərdən biri də özünü idarə eləyə bilmək, öz duyğularını gizli saxlaya bilməkdir. Bu xüsusiyyət Zərifənin də xasiyyətində özünü göstərirdi. Hələ tələbəlik vaxtı o, özünü bütün tələbə yoldaşları ilə eyni cür aparar, kiməsə xüsusi rəğbət bəslədiyini büruzə verməzdi. Bu Zərifə ərə gedənə qədər davam elədi. Sən demə, o, öz seçimini çoxdan eləyibmiş və qəlbini dinc xarakterli, qonur gözlü, ciddi təbəssümlü bir oğlana veribmiş. Həmin uzaq illərdə mən Əliyevlərin evində Zərifənin həyat yoldaşını belə görmüşdüm.

İnsan taleləri bir-birinə oxşayır, ancaq bir-birini təkrarlamır. Bir-birinin tam eyni olan insanlar da yoxdur. Zərifə Əziz qızı ilə Heydər Əlirza oğlu da bu mənada istisna deyildilər. Onlar da hamı kimi balalarını böyüdür, valideynlərinin qayğısına qalır, hərdən sevinir, hərdən də kədərlənirdilər. Xidməti qulluqda da, ictimai işlərdə da uğurlar və uğursuzluqlar bir-birini əvəz edirdi. Ancaq onlar heç nəyə baxmadan bir-birini mənən zənginləşdirir, çətinliklərə bir yerdə mərdliklə sinə gərirdilər.

İnsan ömrü çox qısadır. Zərifə xanımla Heydər Əliyev də birgə əbədi ömür yaşamadılar. Zərifə xanım dünyamızdan vaxtsız köçdü. Ancaq onlar birlikdə həqiqətən də Böyük və Parlaq bir ömür yaşadılar.

İnsanın aqibəti belədir: nə qədər çox ömür sürürSənSə, itkilərin də bir o qədər çox olur. Doğmalarımız, əzizlərimiz əlimizdən çıxır. Bu itkilərin yeri heç zaman dolmur. Zərifənin itkisi də Heydər Əliyev üçün məhz belə itkilərdəndir. Onun cazibədar aurası hələ də yaşayır, üstəlik Zərifə xanımı tanıyanların ona ehtiyacı da gün-gündən artır.

... Dəfn karvanı keçib qurtarmaq bilmir. Aman allah, onu nə qədər adam sevirmiş! Mən bunu üzlərdən, gözlərdən oxuyuram.

Ölməzlik arzusu, ölməzlik düşüncəsi hər bir insana xasdır. Biz də istisna deyilik. Ancaq mənə elə gəlir ki, babalarımız "o dünyadakı" ömürdən, insanın ikinci həyatından danışanda onun fiziki mövcudluğunu deyil, mənəvi-ruhi yaşayışını nəzərdə tutublar. Yəni, mərhumlar da bizim yaddaşımızda buraxdıqları izlərlə, gördükləri əməllərlə, fikir və düşüncələri ilə bizim xatirimizdə yaşayırlar. Nə qədər canımızda can var...

Əgər "ölməzliyi" bu cür yozmalı olsaq, cəsarətlə deyə bilərik ki, ürəklərimizdə, arzularımızda, əməllərimizdə yaşayan Zərifə bəlkə çox canlılardan daha diridir ...
 

 

A.S.İMAMƏLİYEV,

professor, tibb elmləri doktoru