Haqqında

Yaxşılıq, yaxşılıq, yalnız yaxşılıq

Əliyevlər ailəsini mən hələ müharibədən qabaq tanıyırdım. Əvvəlcə mən Zərifə xanımın böyük bacısı Ləzifə xanım Əliyeva ilə göz xəstəlikləri kafedrasında işləmişdim. Onun əməksevərliyi heyrətamiz idi – bütün kollektivi öz təşəbbüskarlığı ilə vəcdə gətirirdi. Ləzifə xanımın nikbinliyi, həyatsevərliyi, xeyirxahlığı kollektivimizə təzə ab-hava gətirirdi. Müharibə illərində Zərifə xanımın atası Dağıstanda işləyirdi. Bu vaxt mən də Dağıstanın Axtinsk rayon xəstəxanasında çalışırdım. Buradakı üçillik fəaliyyətim dövründə Əziz müəllim iki dəfə bizim xəstəxanaya baş çəkmiş, hər gəlişində də ağır müharibə vəziyyətində olan əhalinin müxtəlif növlü keçici xəstəliklərdən müdafiəsi işinin təşkili ilə maraqlanmışdı. Əziz Əliyev gecə-gündüz insanların səhhəti keşiyində ayıq-sayıq dayanan tibb işçilərinin məişət şəraiti ilə də maraqlanırdı. Müharibənin ən ağır vaxtlarında da o, tibb müəssisələri kollektivlərinə və ayrı-ayrı adamlara qayğısını əsirgəmirdi. Göstəriş vermişdi ki, imkan daxilində tibb işçilərinin iş və məişət şəraitinin yaxşılaşdırılmasına diqqət artırılsın. Bütün bunlar səhiyyə xidmətinin işində müsbət əksini tapırdı.

Müharibədən sonra Zərifə Əliyeva göz xəstəlikləri Elmi-tədqiqat institutunda (ETİ) aspiranturaya girəndə mən artıq orada çalışırdım. Elə ilk tanışlığımızdan həm atasının layiqli qızı kimi, həm də bir dost kimi ona qəlbən bağlanmışdım.

Biz birgə işləyirdik yox, ən doğrusu olardı ki, birlikdə yaşayırdıq yazım. Ona görə ki, Zərifə xanımın bizdə aspiranturaya götürüldüyü 1949-cu ildə traxomaya qarşı gərgin müharibə dövrü davam edirdi. Müharibə vaxtı müalicə profilaktika işləri zəiflədiyindən, həmçinin sanitariya şəraiti pisləşdiyindən, xüsusən rayon rayonlarda, kənd yerlərində bu mərəz geniş yayılmışdı. Buna görə də Zərifə Əliyevanın dissertasiya mövzusu (“Traxoma xəstəliyinin akademik Çumakovun kütləvi müalicə üçün tövsiyə etdiyi yeni preparatlarla müalicəsinə dair”) həmin problemə həsr olunmuşdu və həddən artıq aktual iş sayılırdı. Həmin preparat bizim klinikalarda hələ geniş tətbiq edilmirdi. Çünki bunun üçün xəstəliyin inkişaf və ağırlıq dərəcəsindən asılı olaraq, sintomisin emulyasiyasının paylaşdırılması metodikası işlənib hazırlanmalıydı. Təxirəsalınmaz işlərdən olan bu məsələ Zərifə xanıma həvalə edilmişdi. Buna görə də o, bir qrup həkimlə birlikdə tez-tez rayonlara gedirdi. Elə həmin səfərlərdə bir-birimizə dərindən bələd olduq. Həmişə şən və həyatsevər olan Zərifə xanım bu şəraitdə də nikbinliyini qoruyub saxlayır, bizdən yaşca cavan olsa da, hamımıza ruhi qüvvə verirdi. Bu mərhələdə bir sıra çətinlikləri dəf etmək lazım gəlirdi. Ən ağır şəraitdə, kənd yerində, feldşer məntəqələrində, rayon poliklinikalarında, stasionarlarda, özü də qısa bir müddətdə deyilən preparatla müalicənin taktikası öyrənilib başa çatdı. Tədqiqat nəticələrinin çapı işində də xeyli çətinliklər vardı, çünki tövsiyə olunan müalicə metodunun səmərəliliyinə əminlik hasil etməliydik. Bu, həm də ona görə müəyyən çətinlik törədirdi ki, həmin metod kütləvi müalicə üçün qəbul olunmuşdu və müalicə həkimlərinin bütöv bir ordusu bunun qəti əleyhinə idi. Zərifə xanım dissertasiyasını uğurla müdafiə etdi. Bundan sonra onu hamılıqla göz xəstəlikləri ETİ-nin böyük elmi işçisi seçdik. Zərifə xanımı diqqətcil və yüksək ixtisaslı həkim kimi çox sevirdilər. O, özünün xeyirxah münasibəti ilə ümidsiz xəstələrin də ruhunu oxşaya bilirdi.

O, göz xəstəlikləri institutunun gözü idi. Zərifə xanımda olan ilahi istedad, ona xüsusi səy göstərmədən də kollektivdə xeyirxahlıq və qarşılıqlı anlaşma atmosferi yaratmağa imkan verirdi. İnstitutdan gedəndən çox-çox sonralar da biz onun xarakterindəki bu cizgiləri xatırlayır, həkimlərə, tibb bacılarına, köməkçi heyətə münasibətini örnək göstərirdik. Bəlkə də çoxları ağız büzüb deyə bilər ki, həmkarlar arasında dostluq münasibətləri işə mənfi təsir göstərir, tabeçiliyindəkilərə tələbatı azaldır, nəticədə işə ziyan vurur. Bunun əksinə olaraq mən buna öz şəxsi təcrübəmdə əmin olmuşam ki, kollektivdə şərait nə qədər yaxşı olursa, iş də bir o qədər yaxşı gedir. Vəzifəsindən, elmi adından asılı olmayaraq, həkimlər bir-birinə kömək edir, birgə çalışır, yoldaşlarının səhvlərini də özlərininki bilirlər.

Biz Zərifə xanımla birlikdə qlaukomanın medikamentoz müalicəsinə dair birgə tədqiqatlar aparmağı planlaşdırmışdıq. Bu tədqiqatların birinci mərhələsi uzun müddət oftalmotonusun normallaşdırılması məqsədilə istifadə edilən bəzi preparatların təsirinin öyrənilməsindən ibarət idi. İlkin işlərimiz eksperimentlər aparmaqdan ibarət idi. Deməliyəm ki, eksperimental qlaukoma oftalmologiyanın ən çətin məsələlərindən sayılır. Biz çox işləməli, müxtəlif metodlardan istifadə etməli, qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün öz xüsusi metodumuzu hazırlamalı idik. İkinci mərhələdə biz oftalmotonusu aşağı salan müxtəlif preparatların uzunmüddətli istifadə zamanı təsirini ayrı-ayrılıqda və kompleks şəkildə öyrəndik. Eksperimentlərimizi normal gözdaxili təzyiq və yüksək oftalmotonus şəraitində apardıq. Müşahidələrimiz göstərdi ki, gözdaxili təzyiqləri aşağı salan bəzi dərmanlardan uzun müddət istifadə olunduqda onların təsiri tədricən azalır. Bəzi hallarda bu preparatlar nəinki müsbət təsir göstərmir, əksinə, oftalmotonusun yüksəlməsinə gətirib çıxarır. Bu məsələ ciddi klinik maraq doğururdu, çünki qlaukoma xəstələri demək olar ki, bütün ömürləri boyu hipotenziv preparatlardan istifadə edirdilər. Həmin preparatların tədricən təsirini itirməsi öyrənilməmişdi. Bu fonda gözdaxili təzyiqin yüksəlməsinin, adətən, cərrahi yolla müalicə edirlər, çünki artıq medikomentoz müalicə səmərəli sayılmır. Ancaq bir sıra hallarda gözdaxili təzyiqin yüksəlməsi neyrotrop preparatların uzunmüddətli qəbulu ilə əlaqəli olur, göz ya bu dərmanlara öyrəşir, ya da dərmanlar ona mənfi təsir göstərməyə başlayır. Bu məsələləri bilmək hər bir oftalmoloq üçün zəruri sayılır. Elə buna görə də tədqiqatımızın nəticələri təkcə institutun elmi əsərlərində yox, həm də oftalmoloqların İkinci Cənubi Qafqaz qurultayının sənədlər toplusunda nəşr edildi, həmçinin Azərbaycan oftalmoloqlar cəmiyyətində və Göz Xəstəlikləri İnstitutunun yekun sessiyalarında məruzə olundu.

Bundan sonra Zərifə xanım respublikamızın bir sıra sənaye obyektlərində peşə patologiyası məsələlərini hərtərəfli öyrənmişdi. Bu qəbildən olan işləri arasında onun Bakıdakı yod və şin zavodlarında apardığı tədqiqatları göstərmək olar. Əlbəttə, bu sahədə onunla çiyin-çiyinə işləmiş yoldaşları Zərifə xanımın yaradıcılığının həmin mərhələsinə dair daha maraqlı şeylər danışa bilərlər. Mən isə bu problemə həsr edilmiş dissertasiyanın ilkin müzakirəsi zamanı rəyçi olduğum üçün öz bitkin təəssüratımı deməliyəm: iş yüksək elmi səviyyədə həyata keçirilmişdi. Sınaqlar zamanı qazanılmış təcrübə toksik dəyişmələrin müxtəlif mərhələləri üçün insan gözündə baş verən morfoloji və histokimyəvi prosesləri üzə çıxarmışdı. Alimin elektron mikroskopu altında apardığı dəqiq morfoloji, histokimyəvi tədqiqatlar ona imkan vermişdi ki, görmə orqanının hətta kliniki mərhələyə qədərki dəyişikliklərini də qeydə ala bilsin.
Zərifə xanımın çıxardığı elmi nəticələr toksikliyin o vaxta qədər mövcud olan mümkün hədləri barədə normativlərə yenidən baxmaq və bu barədə təzə təklif və tövsiyələr irəli sürməkdə mühüm əhəmiyyət daşıyırdı. Eyni zamanda, həmin xəstəliklər zamanı fəhlələrin istifadəsinə verilən dərman preparatlarının təsir dərəcəsini azaltmaq üçün də həmin tədqiqatlar müəyyən baza təşkil edirdi. Zərifə xanımın morfoloji və histokimyəvi tədqiqatlarının nəticələri rəngli şəkillərlə illüstrasiya olunmuşdu və bu da həmin müəssisələrdəki sənaye mühitinin sağlamlaşdırılması və tövsiyə olunan profilaktiki tədbirlərin həyata keçirilməsi istiqamətlərində konkret təkliflər işlənib hazırlanmasına imkan yaradırdı. Zərifə xanım həmişə təsirlərini minimuma endirməkdə görürdü. Kimya sənayesində çalışanların görmə orqanlarında baş verən peşə patologiyalarının öyrənilməsi üzrə xüsusi problem laboratoriyasının yaradılması ideyası da ona məxsus idi. Zərifə Əliyeva bu sahədə çox uzaqgörənliklə planlar qurmuşdu. O, toksiki maddələrin kiçik dozalarının görmə orqanına təsirini araşdırmaq istəyirdi. O, istəyirdi ki, mümkün dozanın həddini bir daha yoxlasın və əgər zərurət olarsa, bu həddə yeni korrektivlər versin.

Zərifə Əliyevanın çap etdirdiyi monoqrafiyalar onun elmi fəaliyyətinin çoxcəhətliliyini nümayiş etdirir. Yaradıcılığının bu mərhələsi, yəqin ki, həmin kitabların həmmüəllifləri olan alimlərin xatirələrində hərtərəfli əks olunacaqdır. Mən bir şeyi dəqiq bilirəm ki, Zərifə xanımın şəxsində bizim oftalmologiya elmimiz insan sağlamlığının qorunması işində böyük töhfələr verən ən istedadlı bir alim qazanmışdı.

Bir neçə söz də onun həkim humanizmi barədə söyləmək istəyirəm. Zərifə xanım öz həmkarları ilə içərisində xəstələrə humanist münasibəti, onlara qayğıkeşliklə yanaşması ilə fərqlənirdi. Həkimlik fəaliyyətinin ilk günlərində biz onun bu xüsusiyyətini hiss etmişdik. Təsadüfi deyildi ki, professor U.S.Musabəyova ən şıltaq və ərköyün xəstələrin müalicəsini məhz ona tapşırırdı. Zərifə xanım xəstələrə hədsiz diqqət göstərirdi, onlar da bunu anladıqlarından ona müdrik bir insan və qayğıkeş həkim kimi böyük hörmət bəsləyirdilər. Zərifə xanım bu sadəliyini və qayğıkeşliyini ömrünün axırına qədər qoruyub saxlamışdı. Başqa həkimlərin xəstələrə soyuq münasibət bəslədiyini eşidəndə o, narahat olur, belə şeyləri ürəyinə salırdı. Zərifə xanım bu məsələlər barədə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin iclaslarında dəfələrlə çıxışlar etmişdi. Hətta yadımdadır ki, “Medisinskaya qazeta”da deontologiya və həkim etikasına dair bir neçə məqaləsi dərc olunmuşdu. Zərifə xanım barədə bir həkim kimi söz açarkən deməliyəm ki, o, həm də gözəl bir insan idi. Mənə elə gəlir ki, həqiqi insan kimliyindən asılı olmayaraq, öz insanlığını həmişə qoruyub saxlamalıdır. Zərifə xanım yalnız onu sayıb kömək üçün müraciət edənlərə kömək göstərmirdi, hətta ona bədxahlıqla yanaşanlarla da münasibətlərini yaxşı saxlayırdı. Bunu irad tutanda isə deyirdi: əgər onlar xarakterlərindəki mənfi xüsusiyyətlərdən əl çəkmək istəmirlərsə, nəyə görə mən öz müsbət keyfiyyətlərimdən keçməliyəm?

Zərifə xanım bizim institutumuza gənc bir həkim və aspirant ikən gəlmişdi, ancaq sonralar – elmi çəkisi artdıqca da xasiyyəti qətiyyən dəyişməmişdi. O, yenə də iş yoldaşlarına, kiçik tibb heyətinə dostyana və həssaslıqla yanaşırdı. O, heç kimə əlçatmaz deyildi. Məlumdur ki, ona çoxları müraciət eləyir və hərə bir şey xahiş edirdi. Təbii ki, o bütün bu xahişləri yerinə yetirə bilmirdi. Buna baxmayaraq, heç kim ondan narazı qalmırdı. O, kömək edə bilməyəndə də bunun səbəbini ətraflı izah edirdi. Zərifə xanım böyüklərə hörmət ruhunda tərbiyə almışdı. Hərçənd bunu bəziləri köhnə dəbin əlaməti hesab edirlər. Bir dəfə ona dedim ki, əsasnaməyə görə, o, bizdən yuxarıda dayanır. Zərifə xanım etirazını bildirib söylədi ki, “yalnız yaşca böyüklər məndən yuxarıda dayana bilər və belə adamlara hörmət və ehtiramla yanaşılmalıdır. Mən başqa cür hərəkət edə bilmərəm.” Sonralar mən belə bir cəhətə diqqət yetirdim ki, Zərifə xanımın evində böyüklərə və bir-birinə hörmət ailənin bütün üzvləri tərəfindən gözlənilir.

O, institutun ictimai həyatında fəal iştirak edir, həmişə yoldaşlarının köməyinə çatırdı. Biz bu köməyi təbii qəbul edərək, unudurduq ki, bəlkə onun özünə də bizim köməyimiz lazımdır. Heç kimin ağlına da gələ bilməzdi ki, çoxlarına yüksək ixtisaslı tibbi yardımın təşkilində kömək göstərən bir insan öz sağlamlığına bu qədər biganə olacaq. İndi dünyasını dəyişəndən sonra çoxumuz vicdan əzabı çəkirik. Nə üçün onu öz səhhətinə ciddi yanaşmağa, vaxtında həkimlərə müraciət etməyə məcbur etmədik? Zərifə xanım bizi tərk etməklə nəinki yaxınlarını, doğmalarını (onsuz da onlar həmişə bu əziz qadının, ananın, bacının itkisini hiss edəcəklər), həm də bizi xeyirxah, həmişə qayğıkeş bir dost və yoldaşdan məhrum etdi. Onun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq və biz çalışacağık ki, sonrakı nəsillər onun başladığı bu xoşməramlı işləri davam etdirsinlər və oftalmologiyaya zəngin töhfələr vermiş bir insanı daim xatırlasınlar. Zərifə Əziz qızı Əliyevanın gözəl bir alim kimi həkimlərin gələcək nəsilləri üçün də həmişə yaşamalıdır.

Biz Zərifə xanımın müasir oftalmologiyaya bir alim kimi verdiyi böyük töhfələrlə yanaşı, onun humanist həkim kimi vəsiyyətlərini də yaddan çıxarmamalıyıq.

 

Q.Ə.ADIGÖZƏLOVA-POLÇAYEVA,
professor, Göz Xəstəlikləri Elmi Tədqiqat
İnstitutu direktorunun müavini