Haqqında

Qırx ilin dostluğu... və bir günün yoxluğu

Dünya belə xəlq olunub – zaman sürətlə, dayanmadan axır, özü ilə birlikdə insanları, hadisələri də götürüb gedir... Biz yaxın dostlarımızı itirir, təklənirik. Hər gedən dost və rəfiqə ürəyimizin bir parçasını özü ilə aparır. Amansız fələk sevimli rəfiqəm, istedadlı həkim, Azərbaycan xalqının şərəfli qızı, ölkəmizin ən nəhəng oftalmoloqlarından biri Zərifə Əziz qızı Əliyevanı əlimizdən alandan sonra əvəzolunmaz itki təəssüratı məni bir an da olsa, tərk etmir. Mənim bəxtimə uzun illər Zərifə xanımla dostluq etmək, onun həssaslığını, qayğıkeşliyini, insansevərliyi, səxavətli xeyirxahlığını, təkrarolunmaz dərəcədə parlaq ruhunu bütün əzəməti ilə hiss eləmək səadəti nəsib olub. İnsanın qüdrətinə dəlalət eləyən bütün bu əlamətlər ona tamamilə xas idi. Bizim tanışlığımız düz 40 il bundan qabaq, hələ N.Nərimanov adına Dövlət Tibb İnstitutunun divarları arasındakı tələbəlik vaxtlarımızdan başlamışdı. Zərifə xanımın atası, Azərbaycanın görkəmli ictimai xadimi Əziz Məmmədkərim oğlu Əliyevin, anası – müdrik, xeyirxah və nəvazişli qadın olan Leyla xanımın unudulmaz simaları bu gün də gözümün önündən getməyib. Bu böyük və mehriban, öncüllük və savadlılıq meyarı, insansevərlik və nəciblik örnəyi olan, yüksək ziyalılığa malik ailənin az qala hər bir üzvünü tanımaq, dostluq eləmək və onlarla çiyin-çiyinə işləmək səadəti də mənim bəxtimə düşüb.

Göz xəstəlikləri kafedrasında müəllimlərim çox idi. Ancaq mənim gözümü böyük oftalmologiyanın hüdudsuz dünyasına açan müəllimim Zərifə xanımın böyük bacısı Ləzizə xanım olmuşdur. Tələbəlik illərində, ağır müharibə zamanında biz müalicə fakültəsində Zərifə xanımın qardaşı Tamerlan Əliyevlə - ensiklopedik zəka sahibi, yüksək biliyə, mədəniyyətə, əsl təvazökarlığa malik bu nadir insanla bir yerdə təhsil almışdıq. Mən həmişə ailənin kiçik qızı Gülarə xanımın parlaq istedadına və əməksevərliyinə heyran qaldım.

Ancaq, heç şübhəsiz, ailənin ürəyi Zərifə xanım idi. Bizi onunla bütün saxtalıqlardan uzaq olan dostluq əlaqələri bağlayırdı. Bu dostluq hissləri bir yandan bir-birini başa düşməyə və kömək göstərməyə hazır olmağımızda üzə çıxırdı, digər tərəfdən isə səmimi məhəbbətə və dərindən dərk olunan hörmətə əsaslanırdı.

Xatirələr məni o günlərə aparır ki, biz Zərifə xanımla bir dam altında, ancaq başqa-başqa müəssisələrdə çalışırdıq. O vaxt Tibb İnstitutunun binasında yerləşirdi. Zərifə xanım həmin institutun əməkdaşı idi. Biz hamımız bir böyük otaqda yerləşmişdik və uzun müddət dərindən sevdiyimiz həkimlik sənətimizin bizə gətirdiyi sevinci və kədəri bir-birimizlə bölüşürdük. Xəstələr Zərifə xanımı çox sevirdilər. Onlara bəxş etdiyi nura, işığa, xeyirxahlığına və qayğıkeşliyinə, başqasının dərdini-sərini özününkü kimi duyduğuna görə, vaxtında dediyi xoş sözə, verdiyi məsləhətlərə, göstərdiyi yardım və dəstəyə görə sevirdilər. Zərifə xanım xəstələrin qəlbini ovsunlayan xoşbəxt bir xarakter sahibi idi. Onun xeyirxahlığı da yaradıcı və fəal idi. Hər hansı bir çətinlik, ya problem olduğunu eşidən kimi o özü həmkarlarının xahişini gözləmədən kömək etməyə çalışardı. Zərifə xanım kiçik tibb heyətinə - tibb bacılarına, dayələrə, sanitarlara xüsusi qayğı bəslərdi. Yadımdadır ki, bizim şöbəmizdə Belousova Anna Yefimovna adlı böyük tibb bacısı işləyirdi. Bircə oğlu vardı və onunla birlikdə həddən artıq ağır məişət şəraitində yaşayırdı. Bunu eşidən kimi, Zərifə xanım öz təşəbbüsü ilə Anna Yefimovanın həyat şəraitini yaxşılaşdırmaqdan ötrü işə girişdi. Təsəvvür eləyə biçməzsiniz ki, şöbəmizin, kafedramızın əməkdaşları bu yazıq qadına ev verilməsini necə mehriban, şad-xürrəm bir şəkildə qeyd etdilər.

Zərifə xanım görkəmli ictimai xadim, xalqın sədaqətli oğlu Əziz Əliyevin ailəsində doğulub böyümüşdü. Özünün sadə və qüdrətli şəxsiyyəti ilə Əziz müəllim el yaddaşında dərin izlər buraxmışdı. Şübhəsiz ki, bu, onun övladlarının, ilk növbədə də, Zərifə xanımın formalaşmasında böyük rol oynamışdı. O, doğruçul və prinsipial bir insan, həmçinin peşəsinin dərin bilicisi idi. Bütün çıxış və məruzələrində hansı məsələyə həsr olunursa-olunsun, yüksək vətənpərvərlik hissi duyulurdu. Bu, Zərifə xanımın işində, elmi xidmətində və ətrafdakılarla münasibətlərində də ifadə olunurdu.

Zərifə xanım tədqiqat üçün elmi mövzular seçərkən məsələlərə milli və dövlətçilik maraqlarından yanaşırdı. Onun namizədlik dissertasiyası o dövrdə oftalmologiya üçün sosial baxımdan aktual sayılan traxoma ilə mübarizəyə həsr edilmişdi. Traxoma korluq hallarının ən geniş yayılan səbəblərindən biri kimi dəhşətli ictimai bəlaya çevrilmişdi. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, yer üzündə 400 milyon nəfər traxomaya tutulmuş, 80 milyon insan isə bu səbəbdən kor olmuşdu. Azərbaycanda traxomanın aradan qaldırılması məsələsində Zərifə Əliyevanın araşdırmaları əvəzsiz rol oynamışdı. O, həmin namizədlik işini hazırlayarkən yüzlərlə, minlərlə xəstəyə şəfa vermişdi. Öz araşdırmalarını bir neçə müəssisədə aparmışdı. Biz oftalmoloqlar yaxşı bilirik ki, tədqiqatın klinikadan, institutdan kənarda aparılması hansı əziyyətlər tələb edir. Bunlara dözüb, ortaya gərgin əməyin uğurlu yekunu olan sanballı bir əsər çıxarması Zərifə xanımın yüksək daxili mütəşəkkilliyindən, məqsədyönlüyündən xəbər verirdi.

Bundan sonra o, kimyəvi istehsalla əlaqədar peşə xəstəliklərini, göz patologiyalarını öyrənməyə girişdi. Bu mövzu da həddən artıq aktual idi. Həm də tədqiqat metodikasına görə mürəkkəb elmi işi yerinə yetirməkdən ötrü Zərifə xanım Azərbaycan kimya sənayesinin müxtəlif müəssisələrində çoxsaylı profilaktik tədbirlər təşkil etməli, özü də bunları icra etməli idi. Şin zavodunun, Məişət kondisionerləri zavodunun və başqa müəssisələrin fəhlələri arasında apardığı yorulmaz iş və eksperimentlər sayəsində Zərifə xanım peşə xəstəliklərinin qarşısının alınmasında dəyərli profilaktik tədbirlər keçirməyə müvəffəq olmuşdu. Doktorluq dissertasiyası üzərində işlədiyi vaxtlarda respublikamızda və onun hüdudlarından kənarda oftalmologiya elminin inkişaf etdirilməsi işində onun xüsusi bacarığı daha parlaq şəkildə üzə çıxmışdı. Zərifə xanım Əliyevanın təşəbbüsü ilə Bakı Məişət kondisionerləri zavodunun nəzdində nadir bir laboratoriya – görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyası yaradılmışdı. Elm və texnikanın ən yeni nailiyyətləri olan müasir cihazlarla təchiz etdirdiyi həmin laboratoriya Zərifə xanımın yorulmaz fəaliyyətinin maddiləşmiş nəticəsi sayılmalıdır. Laboratoriyada əldə olunan qənaətlər ölçüyəgəlməz dərəcədə nəzəri və təcrübi əhəmiyyət daşıyırdı.

Zərifə xanımın elmi fəaliyyəti çoxcəhətli idi. Özünün qısa, lakin qeyri-adi dərəcədə parlaq həyatı boyunca o, saysız-hesabsız elmi kitablar və monoqrafiyalar çap etdirmişdi. Onun əsərləri arasında həkimlər üçün bir neçə tədris vəsaiti, rezin və yod istehsalı sənayesində göz zədələnmələrinin profilaktikasına dair metodik göstərişlər də mühüm yer tuturdu. Zərifə Əliyeva kimya sənayesində göz zədələnmələrinin öyrənilməsi və profilaktikasına dair silsilə orijinal əsərlərinə görə M.İ.Averbax adına mükafata layiq görülmüşdü. O, respublikamızda Tibb Elmləri Akademiyasının belə yüksək bir mükafatına layiq görülmüş ilk qadın oftalmoloq idi.

Biz bu xəbəri eşidəndə Azərbaycan oftalmoloqlar cəmiyyətinin iclasında qərara aldıq ki, əlamətdar hadisəni təntənəli şəkildə qeyd edək. Zərifə xanıma soraq çatanda isə o, bərk həyəcanlanaraq, uzun müddət sıxıla-sıxıla həmkarlarını bu fikirdən çəkindirməyə çalışdı. Cəmiyyətin nümayəndəsi kimi mən min-bir əzab-əziyyətdən sonra onu, nəhayət, inandıra bildim ki, bu fakt bütün Azərbaycan oftalmologiyasının şərəf və qüruru deməkdir, buna görə də Zərifə xanımın öz həmkarlarını bu əlamətdar hadisəni qeyd etmək imkanından məhrum etməsi düzgün deyildir. Onun təbii təvazökarlığı, yüksək mədəniyyəti, öz uğurlarını gözə soxmamaq, təntənə və dəbdəbədən uzaq qaçmaq kimi xüsusiyyətləri Zərifə xanımı bizə daha da sevdirir və yaxınlaşdırırdı. Cəmiyyətin dediyim iclası çox çək-çevirdən sonra baş tutanda da o, heyranlıq dolu təriflərə imkan vermədən apardığı işdən söz açdı. Biz sidq ürəkdən təbriklər hazırlamışdıq ki, onun könlü xoş olsun, Zərifə xanım isə bu təbriklərimizi təqdim etməyə də imkan vermirdi. Bu epizod onun böyüklüyünü və sadəliyini təcəssüm etdirirdi.

Biz onu sevir, onunla fəxr edirdik. O, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən ilk qadın oftalmoloqumuz idi. Zərifə xanım Azərbaycan xalqının, Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının iftixarı idi. Bununla bərabər Zərifə xanım qeyri-adi dərəcədə təvazökar və ciddi insan idi. Bütün ömrü boyu, həyat tərzinə görə də, bütün siması ilə də, məqalə və çıxışlarında da meşşanlığa və mənəviyyatsızlığa, əxlaqi idealların itirilməsinə qarşı barışmaz mübarizə aparmışdı. Kristal dərəcədə təmiz, doğruçul və təmənnasız bir insan kimi o, yüksək insani keyfiyyətlərin carçısı idi. Deontologiya, həkim etikası və əxlaqı barədə respublikamızda ilk çıxış edən də o olmuşdu. Oftalmoloqların Daşkənddə keçirilmiş beşinci qurultayında Zərifə Əliyeva Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin sədri seçilmişdi. “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü kimi də o, həmişə müasir oftalmologiyanı inkişafa aparan elmi və ictimai hərəkatın mərkəzində dayanmışdı.

Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yubiley elmi sessiyası mənim heç yadımdan çıxmır. Həmin sessiya oftalmoloqlar cəmiyyətinin səyyar plenumu ilə birgə keçirilmişdi və ölkənin bütün aparıcı oftalmoloqları orada iştirak etmişdilər. Zərifə Əliyevanın qibtəediləcək təşkilatçılıq bacarığı da elə o vaxt bütün parlaqlığı ilə ortaya çıxmışdı! O, respublikamızın qonaqlarını səmimiyyətlə, hərarətlə və xalqımıza xas olan qonaqpərvərliklə salamlayırdı. Oftalmologiya elminin bütün korifeylərinə layiq olduqları hörməti bildirərək, Zərifə xanım bu elmi sahənin qocaman xadimlərinin – Tibb Elmləri Akademiyasının həqiqi üzvü Nadejda Aleksandrovna Puçkovskayanın və həmin akademiyanın müxbir üzvü, Kuybışev Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri Tixon İvanoviç Yaroşevskinin adlarını xüsusi məhəbbətlə çəkdi, onları oftalmologiyanın atası və anası adlandırdı. Həmin elmi sessiyanın iştirakçıları o tədbiri bu gün də xoş sözlərlə xatırlayırlar. Sessiyanın yüksək səviyyədə təşkil olunduğu və keçirildiyini qeyd edirlər. Zərifə xanımın gözəl natiqlik qabiliyyəti vardı, onun nitqi sərbəst və aydın olduğu üçün fikrini, məramını dinləyicilərə səlis çatdıra bilirdi. Yadımdadır, Zərifə xanımın həmin yubiley sessiyasındakı məruzəsi peşələrlə bağlı göz xəstəliklərinə həsr olunmuşdu. Onun parlaq, elmi cəhətdən dərin və eyni zamanda emosional çıxışı bütün iştirakçılarda silinməz təəssüratlar oyatdı.

Zərifə xanım bir alim kimi olduqca məhsuldar çalışırdı: tez-tez nitqlər, məruzələr, məlumatlar, məqalələrlə çıxış edirdi. Mən Zərifə xanımın çıxışlarını həmişə heyranlıq və fəxrlə dinləyirdim. Demək olar ki, bütün çıxışları yaddaşıma həmişəlik həkk olunub. Həmin çıxışlardan biri barədə bəhs etmək istəyirəm.

Respublikamızda Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 80 illiyini qeyd edirdilər. Müxtəlif müəssisələrdə bu münasibətlə tədbirlər keçirilirdi. N.Nərimanov adına Tibb İnstitutunda keçirilən yubiley gecəsi isə yadımda daha yaxşı qalıb.

Azərbaycanda tibb elminin qazandığı uğurlar Əziz Əliyevin adı ilə sıx bağlıdır. N.Nərimanov adına Tibb İnstitutunun yaradılması və formalaşdırılması işində də onun böyük xidmətləri olmuşdur. Yubiley gecəsində bütün natiqlər Əziz müəllimin həyat yolundan danışandan sonra söz Zərifə Əliyevaya verildi. O, atası barədə danışırdı. Sirayətedici təvazökarlıqla danışırdı. Soyuq ağılla hər şeyi təhlil edir, araşdırırdı. Hərarətlə, qeyri-adi bir övlad sevgisi ilə danışırdı. Əziz Əliyevin ictimai fəaliyyəti barədə sanballı və inandırıcı dəlillər gətirirdi. Bütün bunlarla birlikdə olduqca sadə və inamla danışırdı. Mən indiyə qədər də həmin qeyri-adi çıxışın təsiri altındayam, desəm, inanın. Zərifə xanım istedadlı, hərarətli insanıydı, yüksək intellektual zəka, geniş savad yiyəsi idi. Yaxından tanıyanlar onun ədəbiyyat sahəsindəki biliklərinə qibtə edir, incəsənət əsərlərindən zövq almasına həsəd aparırdı. Musiqiyə duyumu onun damarlarından axırdı. Gözəl fortepiano çalır, Azərbaycan xalq mahnılarını ürəkdən sevir, klassik musiqini və Azərbaycan bəstəkarlarının əsərlərini yüksək qiymətləndirirdi. Təbiət ona incə yumor hissi, tükənməz həyatsevərlik və nikbinlik kimi nadir sərvətlər bəxş etmişdi.

Zərifə xanım insanları çox sevirdi. Onların xeyirxahlığını, qayğıkeşliyini, qəlb hərarətini yüksək qiymətləndirirdi. Bu sevgisini insanlara paylamaqda da heç zaman xəsislik etmirdi. O, oftalmoloq həmkarlarının, həkimlərin, iş yoldaşlarının yaxınlaşması üçün təşəbbüslər göstərirdi. Həmin təşəbbüslərdən doğan ənənələr bu gün yaşayır. Biz oftalmoloqlar qeyri-rəsmi ünsiyyətdə, bir stəkan çay arxasında söhbətlərə daha çox meyl edirik. Zərifə xanımın xatirəsi bütün oftalmoloqları möhkəm bir ailə kimi birləşdirmişdi.

Vaxtilə onun özü ilə də belə söhbətlərimiz çox olmuşdu. Və həmin söhbətlər bizim hər birimizə xeyir vermişdi. Bilsəniz biz ondan nə qədər şeylər öyrənmişik! Bir sözlə, Azərbaycan oftalmoloqları arasında özünə möhkəm yer tapmış insanpərvərlik ruhu, qarşılıqlı anlaşma, daxili hərarət, bir-birinə təmənnasız hörmət əziz və sevimli rəfiqəmizdən bizə miras qalan ən dəyərli keyfiyyətlərdəndir.

Zərifə xanım qeyri-adi bir qadın idi. O, heç də hamıya qismət olmayan böyük bir qabiliyyətin də sahibi idi. Bu, sevə bilmək qabiliyyəti idi. Həyatda nə edərdisə, sevgiylə edərdi. Onun sevgisinin qüvvəsi öz ailəsinin hüdudlarında daha parlaq əks olunur, daha artıq duyulurdu. O, uşaqlarına, sonra isə nəvələrinə sevgisində özünü unudurdu. Zərifə xanım Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ləyaqətli ömür-gün yoldaşı, sədaqətli dostu, sevimli qadını və əqidə yoldaşı idi. Bacımızın xatirəsi ilə bağlı ötən günlərimiz heç vaxt yadımdan çıxmır. Yaddaşımda tələbə Zərifənin şən və qayğısız siması, gəlin Zərifənin xoşbəxtliyi və həyəcanı, ana Zərifənin nəvazişkarlığı, ictimaiyyətçi Zərifənin ehtiraslı, alovlu fəaliyyəti, alim Zərifənin müdrikliyi nə qədər fakt və hadisələrlə əyaniləşib.

Xatirələrin sayı yox, hesabı yox. Bütün ömrümüz xatirələrə hopub. Ancaq xatirələrin ordan-burdan söylənməsiylə də Zərifə xanımın işıqlı, nurlu siması bütün cəhətləri ilə açıla bilmir. Bunun üçün cildlərlə kitablar yazılmalıdır.

Taleyimdən çox razıyam və ona minnətdaram ki, mənə belə şəxsiyyətlərlə bir zamanda doğulmaq, birgə çalışmaq və dostlaşmaq səadəti bəxş etmişdir.

 

Z.T.QULİYEVA,

professor, N.Nərimanov adına Tibb İnstitutunun

göz xəstəlikləri kafedrasının müdiri