Haqqında

Bir damla suda günəş ...

Şərq aləmində geniş yayılmış xalq məsəllərindən biri buyurur ki, "əgər sən təkcə yaxşı həkimsənsə, yaxşı həkim ola bilməzsən." Həyatdan vaxtsız köçmüş görkəmli alim, həssas həkim, sədaqətli və etibarlı dost kimi tanınan Zərifə Əziz qızı Əliyeva barədə düşünəndə hər dəfə bu müdrik kəlamı xatırlayıram.

Bu və ya başqa hadisənin əsl böyüklüyü, qısa insan həyatının həqiqi əhəmiyyəti vaxt keçdikcə daha aydın üzə çıxır. Zaman hər şeyi zərgər dəqiqliyi ilə ölçür və qiymətləndirir. Əgər onun əziz xatirəsi saf, göz yaşı kimi dup­duru duyğularla zəngin olmasaydı, əgər onun elmimizə bəxş etdiyi böyük töhfələrlə öyünüb ovunmasaydıq, ağrılı-acılı bir fikir – Zərifə Əziz qızının artıq dünyada olmaması fikri institutumuzun bütün əməkdaşlarını hər dəqiqə, hər an sarsıdar, əlimizi işdən soyudardı. Zərifə xanım bu gün də oftalmologiya kafedrasının bir çox əməkdaşlarına, geniş götürdükdə bütün kollektivimizə öz təsirini itirməmişdir. Bunun dərk edilməsi gözümüzün, ­könlünüzün acısını bir az yumşaldır.

İlk görüşümüzü yaxşı xatırlayıram. Tale bizi çox qələbəlik bir şəraitdə rastlaşdırdı – Uroloqların 1972-ci ildə Bakıda keçirilən I Ümumittifaq qurultayının açılışında. Deməliyəm ki, belə elementar bir forumun respublikamızın paytaxtında keçirilməsi öz-özlüyündə böyük bir hadisə idi, eyni zamanda Azərbaycan uroloji məktəbinin yüksək klinik və elmi səviyyəsinin etiraf olunmasına dəlalət edirdi. Bununla birgə hamımız çalışırdıq ki, qurultayın təşkilat işlərini də onun yüksək səviyyəsinə uyğun quraq, iştirakçı və qonaqların mümkün qədər bütün istəklərinə əməl eləyək.

Təəccüblü deyildi ki, qurultay günlərində biz, Azərbaycan uroloqları, xüsusilə də Ə.M.Əliyev adına Respublika Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nevrologiya kafedrasının əməkdaşları sutkanın az qala 24 saatını gərgin işləyirdik. Yalnız birinci plenar iclasın fasiləsi zamanı azacıq nəfəsimizi dərdik.

Men yeni tibb texnikası nümayiş etdirilən foyeyə çıxmışdım. Kimsə qoluma toxundu. Döndüm, qarşımda çöhrəsindən nur yağan, gözlərindən təbəssüm çilənən orta boylu bir qadın dayanmışdı.

- Əliyeva Zərifə Əziz qızı – deyə özünü təqdim etdi, –  həmkarıq, sizin institutda işləyirəm, göz xəstəlikləri kafedrasında. İcazə verin, qurultayın açılışı münasibətilə sizi təbrik edim.

- Çox xoşdur, -  mən fərqinə varmadan cavab verdim. Və qəfildən bir fikir ildırım vurmuş kimi məni oyatdı:

"Bu ki Əziz Əliyevin qızıdır". Əziz müəllimin adı məndən ötrü çox əziz idi. Çünki məhz o, təkmilləşdirmə institutunun rektoru olarkən, 1962-ci ildə məni – o vaxt cavan elmlər namizədini, dosenti dəvət etmiş və urologiya kafedrasına rəhbərliyi mənə tapşırmışdı. Özümdən asılı olmadan söhbəti Əziz müəllimin xatirəsi üzərinə gətirdim.

Zərifə xanım özünəxas xeyirxah təbəssümü ilə məni saxladı:

- Əlbəttə, Sizin atama olan duyğularınız mənim üçün əziz və xoşdur. Ancaq indi söhbət başqa məsələdən gedir. Mən ona görə yaxınlaşdım ki, bir insan kimi sizin necə gərgin çalışdığınızı hiss etdim. Görürəm, işiniz ağırdır. Mən qurultayın mədəni proqramının həyata keçirilməsində, qonaqların Bakının və respublikamızın başqa görməli yerləri ilə tanış edilməsində Sizə məmnuniyyətlə kömək edə bilərəm.

Bu təklifin heyrətamiz dərəcədə xeyirxah, səmimi, eyni zamanda işgüzar və təcrübi tonu, onun kömək göstər­məyə qızğın həvəsi qəlbimin dərinliklərinəcən işlədi. Eyni zamanda qurultayın təşkilatçılarından biri kimi mən Zərifə xanımın bu iş üçün mühüm əhəmiyyət kəsb edən yüksək keyfiyyətlərini – rus dilini olduqca gözəl bilməsini, yüksək ünsiyyət mədəniyyətinə malik olmasını, heyrətamiz nəzakətini və düşüncəsindəki dinamikliyi qiymətləndirməyə bilməzdim. Mən bircə anın içində bütün bunları fikrimdən keçirib, ona vaxtında edilmiş kömək təklifi üçün minnətdarlığımı bildirdim. Elə oradaca, söhbət əsnasında biz onunla qurultaydakı birgə əməkdaşlığımızın planını cızdıq. Zəng çalındı. O, zala tələsdi. Rəyasət heyətindən gözlərimlə onu axtardım. Zərifə xanım işlədiyi kafedranın əməkdaşları ilə birlikdə dördüncü sırada əyləşmişdi. Deyirlər, insan barədə ilkin təəssürat çox zaman doğru olur... Həqiqətən də, Zərifə Əliyeva ilə birinci görüşümüzdən onun şəxsiyyətindən aldığım duyğulu təəssürat məni bütün əməkdaşlığımız boyu tərk etmədi. O gündən sonra biz artıq elmi şuranın iclaslarında köhnə dostlar kimi görüşürdük. İş şəraitinin yaxşılaşdırılması, nöqsanların aradan qaldırılması yol­ları haqda açıq fikir mübadilələri aparır, yeni elmi uğurları da, ədəbiyyat və incəsənət əsərlərini də ətraflı müzakirə edirdik. Bu ağıllı, ilhamverici insanla ünsiyyətdə olmaq həmişə məndən ötrü həmin günün bayramına çevrilirdi. O, həddən artıq xeyirxah və yumşaq xasiyyətli bir xanım-xatın idi. Eyni zamanda öz əqidəsində möhkəm idi, sözündən dönməzdi, xoşlamadığı hallara qarşı barışmazdı.

1975-ci il yanvarın əvvəllərində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olu­nanda məni birinci olaraq Zərifə xanımın təbrik etməsi bir xatirə kimi indiyəcən mənim üçün xüsusi əhəmiyyət daşıyır.

- Sizin üçün asan olmayacaq - o vaxt da Zərifə xanım sözünü açıq söyləmişdi. - Axı cərrah əməliyyata ona görə girir ki, xəstənin sağlamlığını özünə qaytarsın. Elə istərdim ki, institutumuzu dirçəldək, əvvəlki şöhrətini ona qaytaraq. Kollektivimiz də buna qadirdir. Həqiqətən istedadlı, təşəbbüskar həkimlərimiz var. Ancaq gərək onların etinasızlığını aradan qaldıraq, böyük əməllərə sövq edək. Tamamilə əminəm ki, pis işçilər olmur, pis rəh­bərlik üslubu olur.

Deyilənə görə, bir damla suda da günəş əks oluna bilər, onda etiraf etməliyik ki, insan da hər bir sözünün arxasında aynadakı kimi əks olunur. Mənim həyatım üçün unudulmaz olan həmin gün mən Zərifə xanıma məs­ləhət gördüm ki, öz doktorluq dissertasiyasının formal tərəflərini yekunlaşdırsın. Dedim:

- Bilirəm ki, materialınız artıq toplanıb, hazırdır. Belə ki, işi uzatmağına dəyməz.

O baxışlarını üzümə dikib gülümsədi. Bir dəqiqə fikirləşəndən sonra başını bulayıb qətiyyətlə dedi: - Tələskənliyi sevmirəm...

Elə dedi ki, mən bu qısa, sadə cavabda dərin və gözəl insani duyğuların bütöv bir cərgəsinin dalbadal düzüldüyünü görməyə bilməzdim – məsuliyyət və ləyaqət, rasionallıq və özünənəzarət bu sözlərin mayasında dayanmışdı. İndinin özündə də mənə elə gəlir ki, bu keyfiyyətləri öz daxili dünyagörüşünün, dünyaduyumunun tərkib hissəsinə, atributuna çevirmədən belə bir fikri izhar etmək mümkünsüzdü.

Bir müddət keçdi. Nəhayət, hərtərəfli düşünülüb-daşınılmış, dəqiqləşdirilmiş, elmi cəhətdən dərindən əsaslandırılmış doktorluq dissertasiyası müdafiəyə çıxarıldı. Mövzusu belə idi: "Azərbaycan kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanının vəziyyəti". Müdafiə 1976-cı il mayın 27-də Helmqolts adına Moskva Elmi-Tədqiqat İnstitutunda oldu. İnstitutun akt zalı ağzınacan dolmuşdu. Mövzunun yeniliyi və aktuallığı bütün Moskva mütəxəssislərinin, xüsusilə də sahə institutları əməkdaşlarının peşəkar marağına səbəb olmuşdu. Bir çoxlarının məqsədi dissertantın hazırlığına, işlədiyi mürəkkəb mövzunu dərindən təhlil etmək və buradan səhiyyənin təcrübi sahələri üçün perspektivli nəticələr çıxarmaq bacarığına şəxsən əmin olmaq idi. Bundan başqa, o dövrdə attestasiya komissiyasının yenidən qurulması prosesi başlanmışdı və bu təşkilat elmlər doktoru elmi adına layiq görülmək üçün təqdim edilən işlərə tələblərini kəskin olaraq artırmışdı. Zərifə xanımın qarşısında fövqəladə dərəcədə mürəkkəb bir vəzifə dayanırdı. - O, həddən artıq geniş və diqqətcil auditoriyanın yüksək psixoloji pressinqi altında dissertasiyasının, işləyib inkişaf etdirdiyi elmi istiqamətin bütün üstünlüklərini açıb-göstərməli, elmi kamilliyini, özünəməxsus yetkin elmi və cəsarətli eksperimentatorluq bacarığını isbata yetirməli idi.

Belə bir vəziyyətdə iştirakçıların bir çoxu, o cümlədən mən də, həyəcanımızı güclə boğurduq. Zərifə xanım isə zahirən çox rahat görünürdü. Sıxıntı keçirdiyi azacıq hiss olunsa da, özünü o yerə qoymur, həmkarlarını, dost­larını, tanışlarını salamlayıb zala keçirirdi.

Qaydaya görə, rəsmi materialların oxunması başa çatandan sonra işi təqdim etməkdən ötrü söz Zərifə Əziz qızına verildi. Əyninə kostyum geymişdi, xeyli zabitəli görkəmi ilə aramla kürsüyə qalxdı. Tələsmədən, hissiyyatını üzə vermədən, isbatlı bir şəkildə, əsl kişi lakonikliyi ilə inandırıcı bir məruzə etdi. Mahiyyətcə, onun məruzəsi sərbəst şərhə bənzəyirdi, yalnız zəruri hallarda irəlicədən hazırladığı slaydlara istinad edirdi.

Həmişə olduğu kimi, bu dəfə də elmdə yeni söz olan dissertasiya canlı diskussiya doğurdu. Zərifə xanıma ondan artıq sual verildi. O da öz işinə və mövcud ədəbiyyata əsaslanaraq, həmin suallara ətraflı cavablar verdi, yüksək elmi hazırlıq və geniş erudisiya nümayiş etdirdi. Bu parlaq müdafiə institutumuzun bütün əməkdaşları kimi məndə də böyük məmnunluq və öz elmi-pedaqoji kollektivimiz üçün iftixar hissləri doğurdu. Düşünürəm ki, Zərifə xanımı tanıyanların hamısı o gün tez-tez emosiyaların kəskin dəyişikliyinə uğrayırdılar, ancaq mərasimin uğurla nəticələnəcəyinə məntiqli və qanunauyğun inam heç kəsi bircə an belə tərk etməmişdi. İşin qeyri-rəsmi opponenti, Tibb Elmləri Akademiyasının müxbir üzvü, N.M.Seçenov adına İkinci Moskva Tibb İnstitutunun oftalmologiya kafedrasının müdiri, professor A.P.Nesterov buraya yığışanların əksəriyyətinin ürəyindən xəbər verərək, dissertasiyanı yüksək qiymətləndirdi.

Biz hamımız, həqiqətən, dəyərli, nümunəvi bir dissertasiya görmək istəyirdik və bunun şahidi olduq. Tezliklə attestasiya komissiyası Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsinin verilməsi haqqında Elmi Şuranın çıxardığı qərarı təsdiqlədi. O, professor vəzifəsinə təyin edildi və 1982-ci ildə yekdilliklə Ə.M.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutu göz xəstəlikləri kafedrasının müdiri seçildi. Qısa bir müddətdə Zərifə xanım necə nadir bir təşkilatçı olduğunu da sübut elədi. Dar macalda kafedrada yenidənqurma apardı, onu müasir diaqnostik və müalicə cihazları ilə təmin elədi, kollektivin elmi və pedaqoji nüfuzunu artırdı. O, elmi işin yeni metodlarla aparılmasını təşkil etdi ki, bu da xüsusilə mühüm əhəmiyyət kəsb edirdi. Zərifə xanım öz əməkdaşlarının diqqətini müasir oftalmologiyanın perspektivli istiqamətlərinə yönəldir, onları bu sahələrdə araşdırmalar aparmağa ruhlandırırdı. Hədsiz əməksevərliyi, yüksək təşkilatçılıq bacarığı, xeyirxahlığı, şəxsi qayğıkeşliyi, hər bir əməkdaşını müdafiə etməyə daim hazır olması onun işgüzar zabitəsi ilə bir ahəngdə çulğaşırdı. Qüdrətli alimə yaraşan bu xüsusiyyətləri Zərifə xanıma imkan verirdi ki, institutdakı işi ilə eyni zamanda, SSRİ-də ilk dəfə Avropadakı analoji müəssisələrdən ən böyüyü sayılan Bakı məişət kondisionerləri zavodunda işçilərin görmə orqanının patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasına da rəhbərlik etsin. Azərbaycan sənayesinin müxtəlif sahələrinə aid peşələrlə əlaqədar göz xəstəlikləri üzrə onun apardığı tədqiqatlar xaricdə də bir sıra alimlərin diqqətini cəlb etmişdi. Zərifə xanım bir sıra əsərlərində əldə olunmuş nəticələri ümumiləşdirmişdi. Onun məsləhət və tövsiyələri istər oftalmoloq alimlər, istərsə də təcrübi fəaliyyətlə məşğul olan həkimlər üçün böyük əhəmiyyət daşıyırdı. Tibb Elmləri Akademiyası Zərifə Əliyevanı oftalmologiya sahəsində ali mükafatla – akademik Averbax mükafatı ilə təltif etmişdi. İnstitutumuzun kollektivi bu mükafatı həm şəxsən Zərifə Əziz qızı Əliyevanın, həm də bütövlükdə göz xəstəlikləri kafedrasının aktual, nəzəri cəhətdən maraqlı, təcrübi baxımdan səmərəli işinin yüksək qiymətləndirilməsi kimi qəbul etdi.

Zərifə xanımın elmi və təcrübi təbabət sahəsində qazandığı önəmli uğurlar kollektivimizə əsas vermişdi ki, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyünə onun namizədliyini irəli sürək. Onun namizədliyini biologiya elmləri bölməsinə mən təqdim etdim. Yekdilliklə seçilməsi yalnız onun oftalmologiyanın inkişafına verdiyi töhfələrin etiraf olunması deyildi, həmçinin Zərifə xanımın işlədiyi elmi istiqamətin perspektivli olduğunu təsdiqləyirdi. Akademik Zərifə Əliyeva təcrübəli pedaqoq kimi daim oftalmoloqların ixtisaslarını artırmalarına diqqətlə yanaşır, öz kafedrasının oftalmologiya üzrə təşkilati-metodiki mərkəzə çevrilməsi üçün əlindən gələni əsirgəmirdi.

Onun tərəfindən həkimlərin təkmilləşdirilməsinin yeni formaları, tədris işinin optimallaşdırılmasının yeni metodları tətbiq olunurdu. İnsanlara həssas münasibəti, klinikaçı kimi yüksək səviyyəli fəaliyyəti ona həyata qaytardığı, gözlərinə nur bəxş etdiyi minlərlə adamın sevgi və hörmətini bəxş etmişdi.

İnstitutumuzun əməkdaşları Zərifə xanımın vaxtsız vəfatından böyük ürək ağrısı ilə xəbər tutdular. Hamımız dərindən sarsıldıq. Moskvadakı Novodeviçye qəbiristanlığında vida sözü söyləmək də mənim üçün asan olmadı. Özümü nə qədər topladımsa da, verdiyimiz itkinin-görkəmli alimin, parlaq pedaqoqun, unudulmaz iş yoldaşımızın, təbibin, təşkilatçı və idarəçinin, ən əsası isə füsunkar bir İnsanın böyüklüyünü sözlə heç cür ifadə eləyə bilmədim .

... Zaman ən yaxşı hakimdir. O irəlilədikcə, insanın beynindəki, yaddaşındakı ikinci dərəcəli şeylər silinir, yalnız vacib təsəvvür və təəssüratlar qalır. İndi bizim yaddaşımızda ən yüksək mənəvi xüsusiyyətlər bəxş edilmiş o böyük insanın obrazı kristallaşmışdır.

Ötən əsrin bizim əsrlə qovşağında ixtisasca həkim olan, böyük yazıçı və böyük humanist A.P.Çexov tibb işçisinə xas olan peşəkar xüsusiyyətlərdən danışarkən demişdi: "Hərəkətvericilər də günəş kimidir. Onlar cəmiyyətin ən poetik və həyatsevər ünsürləri kimi bizi ilhamlandırır, rahatlayır və şəfqətləndirir".

Mən elə bilirəm ki, bu sözlər insanların həyat yoluna nur saçan, parlaq, həqiqətən də hərəkətverici bir ömür yaşamış Zərifə Əziz qızı Əliyeva haqqında deyilib. Qoy zaman öz axarı ilə hərəkət etsin. Onu tanıyan, onunla əməkdaşlıq edən bizlər isə həmişə, hər zaman xalqımızın ən yaxşı qızlarından olan Zərifə xanımın işıqlı xatirəsini əziz tutacağıq.

 

M. C. CAVADZADƏ,
professor, Azərbaycan EA-nın həqiqi üzvü,
Ə. Əliyev adına Azərbaycan Hakimləri
Təkmilləşdirmə İnstitutunun rektoru