Haqqında

Akademik Əliyeva və yaxud insan və qadın taleyi haqqında

Mən Zərifə xanımla elə yaş dövründə tanış olmuşam ki (yaşım əllini keçmişdi), insanlara bir qədər ehtiyatla yanaşmalı, münasibətləri ölçüb-biçməli olursan. Bir sözlə, dostluq həmin yaş dövründə gənclikdə olduğu kimi birdən-birə çılğıncasına yaranmır. Amma Zərifə Əziz qızı səmimiyyəti və təbii davranışı ilə məni elə ovsunladı ki, elə ilk görüşün ilk saatlarından mənə elə gəldi, onu lap çoxdan tanıyıram, onunla çoxdan dostluq əlaqələrini saxlayıram. Odur ki, həmin andan etibarən aramızda mənəvi ünsiyyət yarandı. Bizim tanışlığımız yeddi il davam etdi və bu müddət ərzində iki dəfə görüşdük. Görüşlərarası müddətdə isə məktublaşdıq. Bizim münasibətləri daha çox hansı sözün – tanışlığın, dostluğun, yoxsa qarşılıqlı hörmətin dolğun ifadə etdiyini müəyyənləşdirməklə çətinlik çəkirəm. Amma həmin münasibətlər mənim qəlbimdə dərin iz buraxıb və buna görə də taleyimə minnətdaram. Çox vaxt həyatda utancaqlıq ucbatından kimisə çox sevdiyimizi, kiminsə bizim üçün əziz və yaxın olduğunu etiraf etməyə, ülvi hisslərimizi büruzə verməyə söz tapmırıq. Lakin sonradan görürsən ki, həmin sözləri demək istədiyin adam artıq həyatda yoxdur və onda xatirələr dil açır.

Yaddaşın nə zamansa ilk baxışdan kiçik, lüzumsuz görünən elə məqamlar üzə çıxır ki, insan həyatdan köçəndən sonra məhz o məqamların daha önəmli, əhəmiyyət kəsb etdiyini anlayırsan. Bu isə “ölülərdən çox dirilərə lazımdır”. Nə qədər ki bizim yaddaşımız yaşayır, deməli, həmin yaddaşdakı adam da yaşayır. Necə ki bizim beynimizdən qiymətli xatirələr silinib getməyib, istər-istəməz xatırlamaq, anlamaq, fikirləşmək, yazmaq istəyirsən.

Zərifə Əziz qızı təkcə görkəmli alim, istedadlı pedaqoq və tərbiyəçi, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nənə idi, qeyri-adi şəxsiyyət idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi. Öz xatirələrimdə əsasən Zərifə Əliyevanı İnsan və Qadın kimi səciyyələndirmək istərdim.

İLK GÖRÜŞ

Bakının ətrafındakı sanatoriyada bir axşam Zərifə xanım məni ərimlə birlikdə qonaq çağırdı. Ərimin söhbətlərindən bilirdim ki, Zərifə Əziz qızı oftalmologiya professorudur, görmə orqanının peşə patologiyası üzrə məşhur mütəxəssisdir, gözəl nitq mədəniyyətinə malikdir və elmi müşavirələrdə onun çıxışları hamıda heyranlıq doğurur. Həmkarı ilə görüş ərimin ürəyincə idi, fikir mübadiləsi aparmaq, elmi məsələləri müzakirə etməli idi. Mən isə bu görüşdə sadəcə olaraq ərimin həyat yoldaşı kimi iştirak etməli idim. Bununla belə, ixtisasca fizioloq olduğum üçün görmə orqanının fiziologiyası və patologiyası ilə bağlı məsələlərin müzakirəsinə müdaxilə də edə bilərdim. Bu dəvət bir qədər gözlənilməz olduğundan bizi sıxırdı, çünki Zərifə xanımın ərinin yüksək dövlət xadimini olduğunu bilirdik. Təbii olaraq belə güman edirdik ki, onun yaxından tanış olmadığı adamlarla görüşməyə də vaxtı məhdud olmalı idi. Üstəlik Zərifə xanım məzuniyyətdə olsa da ailənin bütün ağırlığı onun üzərinə düşürdü: tələbə oğlu və aspirant qızı əri ilə birlikdə tətilə buraxılmışdı. Təyin olunan vaxtda biz evə daxil olduq və mən ilk dəfə Zərifə xanımı gördüm. Bəstəboy, çox çevik olan bu qadın həmin an nəinki diqqətimi cəlb etdi, hətta məndə bir rəğbət oyatdı. Adi ev paltarında idi, ayağına yüngül ayaqqabı geyinmişdi. İri, qara gözlərindən xeyirxahlıq yağırdı. O, bizi mehribanlıqla qarşıladı, salamladı, hara gedəcəyimizi göstərdi. Mənə elə gəldi ki, o, çox cavandır (sonradan Zərifə xanımın mənimlə yaşıd olduğumu öyrəndim). Digər tərəfdən mənə elə gəldi ki, biz nə vaxtsa əvvəllər də tanış olmuşduq. Odur ki, ilk tanışlıq üçün lazım olan ifadələr seçmək lazım olmadı.

Zərifə xanımla ünsiyyət yaratmaq çox asan idi. Söhbətimiz alındı. Biz işdən, elmdən, musiqidən söz saldıq. Uşaqların tərbiyəsi ilə bağlı söhbət bizi lap doğmalaşdırdı. Həm Zərifə xanımın, həm də mənim həyatımda elə dövr idi ki, uşaqlar doğma ocağı tərk edərək təzəcə ailə həyatı qurmuşdular. Belə ki, Zərifə xanımın qızı ərə getmişdi və ana ürəyi narahat idi. O, xoşbəxt olacaqmı? Sevdiyi adam ona arxa ola biləcəkmi? Sevili bütün varlığı ilə sevən ana qızına məsləhət görürdü ki, var gücü ilə ailəsinə bağlansın, onun qayğıları ilə yaşasın. Və çox istəyirdi ki, bu ləyaqət nişanları bütün ömrü boyu qızının yol yoldaşı olsun.

Mən onu gözəl başa düşürdüm, çünki mənim qızım da yaxınlarda ərə getmişdi. Üstəlik bu izdivaca ərimlə razı deyildik, lakin onun əleyhinə də gedə bilmirdik. Qızımız təkidlə aralarında böyük sevgi olduğunu söyləyirdi. Amma təəssüf ki, qızımın nikahı uğursuz oldu. Keçirdiyim narahatlıq hisslərini Zərifə xanımla bölüşdüm və onun məni başa düşdüyünü, dəstəklədiyini gördüm. Lakin sonradan qızımın qurduğu ailə dağıldı. Bunu eşidən Zərifə Əziz qızı yazırdı: “... Qızınıza görə acı təəssüf hissi keçirdiyinizi başa düşürəm. Zənnimcə, o, düzgün hərəkət edib. O özünə möhkəm yeni həyat qurmalı, həyat yoldaşı seçərkən tələsməməlidir. Hər şeyi götür-qoy etməli, bir daha səhvə yol verməmək üçün onu yaxşı tanımalıdır”. Bir neçə il sonra qızım ikinci dəfə ərə gedərkən Zərifə xanım yazırdı: “qızına görə çox şadam, ona səmimi qəlbdən xoşbəxtlik arzulayıram”.

Zərifə xanım ərimdən pianoda çalmağı xahiş etdi. O, ərimin, yaxşı pianoçu olduğunu bilirdi. Müxtəlif iclaslarda və konfranslarda fasilələr arası o, tez-tez royalın arxasına keçirdi. Hiss olunurdu ki, Zərifə Əziz qızı musiqini sevir və başa düşür. Azərbaycan bəstəkarlarından, müğənnilərindən söz düşdü. Azərbaycanda bəstəkarlıq məktəbinin baniləri Üzeyir Hacıbəyov və Müslüm Maqomayevdir. Bakı konservatoriyası Üzeyir Hacıbəyovun, filarmoniya isə Müslüm Maqomayevin adını daşıyır. Üzeyir Hacıbəyovun musiqisi “Arşın mal alan ” komediyasından, “Leyli və Məcnun” operasından bizə yaxşı tanışdır. Etiraf etməliyəm ki, bəstəkar Müslüm Maqomayevin adını ilk dəfə eşidirdim. Təbii ki, mənə və bir çoxlarına müğənni Müslüm Maqomayevin adı tanışdır. Məlum oldu ki, bəstəkar Müslüm Maqomayev Azərbaycanda musiqi teatrının əsasını qoyanlardan biridir. “Nərgiz” operasının müəllifidir.

Artıq gec idi və şam yeməyindən sonra getməyə hazırlaşırdıq. Bu zaman Zərifə xanımın əri işdən qayıtdı. Hündürboylu, şuxqamətli bir kişi iri addımlarla otağa daxil oldu. Sifətindən yorğun olduğu sezilirdi. Biz çıxıb getməyə tələsdik. Zərifə xanım isə üzündə təbəssüm ərini qarşıladı. Zərifə xanım ona yaxınlaşıb, barmaqlarının ucunda qalxaraq, belə ki, əri ondan xeyli hündür idi, ərini öpdükdən sonra astadan nəsə pıçıldadı. Görünür, evdəki qonqların kim olduğunu xəbər verirdi. Ev sahibi ədəb-ərkanla salamlaşdıqdan sonra təkidlə bir qədər ayaq saxlamağı və birlikdə çay içməyi təklif etdi. Ailənin bütün üzvləri masa ətrafına toplaşdı və ev sahibəsinin sanki bir dirijor kimi ailədə necə böyük rol oynadığı üzə çıxdı. Zərifə xanım ailədə xüsusi mehribançılıq əhval-ruhiyyəsi yaradır, sanki ailənin yeni üzvləri arasında səmimilik körpüsü salırdı. Bu ailədə əsl səmimiyyətin hökm sürdüyünə ikinci gəlişimdə bir daha yəqinlik hasil etdim. Hələlik isə ev sahibi ilə birlikdə armudu stəkanda Azərbaycan çayı içirdik...

Onların övladları xüsusi ilə xoş təsir bağışladılar. Belə ki, Sevil xanım da, onun əri də, İlham da özünü sərbəst aparır, artıq boya-başa çatsalar da, dərin hörmətlə analarının sözünə baxırdılar. Bizim söhbətlərimiz onların maraq dairəsindən kənarda olsa da, onlar özlərini əsl tərbiyə almış övlad kimi aparır, söhbətə yerli-yersiz qarışmır, eyni zamanda diqqətlə qulaq asır, lazım gəldikdə isə verilən sualları cavablandırmaqla kifayətlənirdilər.

Biz səmimi şəkildə sağollaşdıq. Bir neçə gündən sonra Zərifə xanım ailəsi ilə birlikdə Bolqarıstana istirahətə gedirdi. Bizim Xəzər sahillərində keçən məzuniyyətimiz də sona yetirdi. Bu zaman doğrudan da Zərifə xanımın qeyri-adi qayğıkeşliyini nümayiş etdirən hadisə baş verdi. Belə ki, o zaman yay vaxtı təyyarəyə bilet almaq müşkül məsələ idi. Zərifə xanım Bolqarıstandan Bakıya zəng edib bilet almağı və bizi yola salmağı xahiş etmişdi. Doğrudur, biz biletləri artıq qabaqcadan almışdıq, lakin Zərifə xanımın bu insani qayğıkeşliyi və diqqəti, sözün əsl mənasında, bizi təsirləndirmişdi.

GÖRÜŞLƏRARASI

Bizim ilk görüşümüzdən sonra aramızda xoş ünsiyyət yarandı. Amma yenidən görüşməyə imkan yox idi. Buna Bakı və Leninqrad arasında yüzlərlə kilometr, işin çoxluğu, ailə qayğıları mane olurdu. Beləliklə, məktublaşmağa başladıq. Əgər telepatiyaya inansaydım qəti şəkildə deyə bilərdim ki, Zərifə xanım mənim həyatımın ağır anlarını hiss edirdi, çünki həmişə ağır anlarda ondan məktub alırdım. O həmişəki kimi yenə xeyirxah, istiqanlı və qayğıkeş idi. Mən indi çox təəssüflənirəm ki, xeyirxah adamların məktublarının heç də hamısını saxlamamışam və buna o qədər də əhəmiyyət verməmişəm. Zərifə Əziz qızının da yazdığı bir çox məktublar məndə qalmayıb. O zaman mənə elə gəlirdi ki, bu məktublar olsa-olsa şəxsi xarakter daşıyır. Yalnız indi fərqinə varıram ki, o məktubları saxlamamaqla, çox şey itirmişəm. A.Gertsenin yazdığı kimi “məktublardakı sadəlik və sərbəstlik, onlarda əks olunan gündəlik qayğılar məktublaşanları istər-istəməz bir-birinə yaxınlaşdırır ”. Odur ki, Zərifə Əziz qızının məktublarına istinad etməyi qərara aldım, çünki onlar Zərifə xanımın gündəlik qayğılarından soraq verir, onun insani keyfiyyətləri haqqında, necə də qeyri-adi bir qadın olması barədə mühakimə yürütməyə imkan yaradır.

Zərifə Əziz qızı bütün həyatını işə və ailəsinə sərf etmişdir. Məktublardan görünür ki, onu elmi tədqiqatların taleyi, laboratoriya işi daim narahat edir. Pedaqoji iş də onun vaxtını aparırdı. Hər şeyi yerinə yetirmək lazımdır, həmişə problemlər, problemlər... Bu barədə o belə yazırdı: “... pedaqoji iş çox vaxt aparır, amma ciddi hazırlaşmaq lazımdır, üstəlik laboratoriyada çoxlu həll olunmamış məsələlər var. Köməkçilər zəifdir, həm də çox azdır. İki elmi işçi də ayırmağa söz veriblər. Baxaq görək sonrası necə olur? Bütün günü ayaq üstəyəm, axşamlar evdə də işləyirəm. Yazıram. Maraqlı alınır. Mənim dərslik kitabımı aldınız, ya yox? Tezliklə başqa birisi də çapdan çıxacaq”.

Necə işgüzar olmalısan, işinə sevgi və məsuliyyət hissi ilə yanaşmalısan ki, onlarla elmi iş, 5 monoqrafiya, bir neçə dərslik kitabı və metodik tövsiyələr çap etdirəsən! Hər hansı bir işi yerinə yetirəndə Zərifə Əziz qızı böyük fədakarlıq kimi qələmə vermək fikrindən uzaq idi. O, özünün və ərinin fəaliyyətini ümumi işə xidmət edən gündəlik tələbat olduğunu qeyd edirdi: “... biz, qocalar, işləyirik, hər birimiz öz sahəsində ümumi işə xidmət edirik”.

Yalnız bir dəfə məktubda sözarası yorğun olduğunu büruzə verirdi: “... işdə yorulmuşam. Üstəlik bir çox ictimai tapşırığı da yerinə yetirmişəm”. Zərifə xanım həm də böyük ictimai xadim idi. O, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü, Oftalmoloqlar Cəmiyyətinin Rəyasət Heyətinin üzvü idi. Yalnız yüksək təşkilatçılıq bacarığı olan şəxslər çoxsaylı ictimai tapşırıqların öhdəsindən gələ bilərdi.

Üstəlik əri Moskvada yeni iş yerinə təyin olunanda Zərifə xanım daha mürəkkəb bir işin öhdəsindən gəlməli olur. Onun ürəyi sanki iki yerə bölünüb. “Hələlik Bakıda qalıram, olduqca əhəmiyyətli və maraqlı bir işi yerinə yetirən laboratoriyamı atmağa heyfsilənirəm ”, “... hələ Bakıda görməli işlərim həddindən artıq çoxdur”.

Ailəsindən müvəqqəti olaraq ayrı düşmək Zərifə xanım üçün çox ağırdır. “Mən hələlik Bakıda qalıram, fikirləşirəm ki, bu il işlərimi yekunlaşdırım, sonra gedim. Övladlarım və nəvələrim üçün çox darıxıram”, və yaxud “... ötən il mənim üçün ağır keçdi, Bakıda özümüzünkülərdən uzaqda yaşadım”. Və ya “şənbə və bazar günlərində, bayram günlərində tez-tez onlara baş çəkirəm. Onlardan ötrü dəhşətli dərəcədə darıxıram”.

Nəhayət, Zərifə xanım Moskvaya köçür: “... hələlik Moskvada iş yerim müəyyənləşdirilməyib ”, “İndi mən Moskvadayam. Məni çox yaxşı qarşıladılar. Bir çox maraqlı təkliflər var, amma mən hələlik bir qərara gəlməmişəm... Lakin fikirləşməyə hələ vaxt var”. Bu sətirlər onun 30 yanvar 1985-ci ildə yazdığı məktubdan götürülüb, iki ay yarımdan sonra Zərifə xanım artıq həyatda yox idi.

Biz heç vaxt Zərifə xanımla onun şəxsi həyatı, əri ilə münasibətləri haqqında danışmamışıq. Amma biz görüşəndə, müxtəlif mövzularda söhbət edəndə, hətta məktublarını oxuyanda artıq məndə qəti şəkildə belə bir təsəvvür yaranmışdı ki, o, görkəmli dövlət xadimi olan ərinin bütün çətinliklərinə şərikdir. O, əri ilə həmfikir idi və onun yüksək siyasi, elmi və mədəni səviyyəsi bütün işlərdə ərinə kömək edirdi. Ərinin işdəki uğurlarını, sevincini özününkü bilirdi. Bu yerdə yenə də istər-istəməz A.Gertsenin sözləri yada düşür: “ərini narahat edən məsələlərdən kənarda qalan, fikirlərini bölüşməyən qadın olsa-olsa kənizdir, sözün əsl mənasında həyat yoldaşı deyil”. Zərifə xanım ər üçün həm həyat yoldaşı, həm də dost, yoldaş idi. O, əri haqqında böyük hörmətə danışır, şəxsi münasibətlərini və hisslərini müzakirəyə çıxarmır, xırdalamırdı.

Zərifə xanım sevimli ana və nənə idi. Övladlarının və nəvələrinin həyatında baş verən hadisələri ürəyinə salır, onların uğursuzluqlarını onlarla birlikdə yaşayır, sevinclərinə şərik olurdu. Məktublarının birində yazırdı: “Böyük sevinc hissi ilə Sizə bildirirəm ki, nəvəmiz dünyaya gəlib. Sevil hədsiz dərəcədə sevinir, baxmayaraq ki, hamiləlik dövrü çox ağır keçirdi. Nənəsinin şərəfinə nəvəmin adını Zərifə qoydular. Mənim keçirdiyim hisslər Sizə yaxşı tanışdır”. “... Sevil Moskvada işləyir, əri hələlik təhsilini davam etdirir. Səbirsizliklə onların evə qayıtmasını gözləyirəm. Uşaqlardan ayrı – müxtəlif şəhərlərdə yaşamaq çox xoşagəlməzdir”.

Oğlu haqqında isə belə yazırdı: “İlham... böyüdükcə ciddiləşir. Hələlik onun bəyəndiyi qız yoxdur və bu haqda fikirləşmir”.

Bir neçə il sonra: “Ailəmizdə sevindirici bir hadisə baş verib – oğlumu evləndiririk. Gəlinimiz tibb institutunun 2-ci kursunda oxuyur, əslən sadə bir ailədəndir”, “...onların ailə münasibətləri hələlik yaxşıdır, doğrudur, bəzən aralarında mübahisələr də olur (görünür onsuz maraqsız olardı)”.

Daha iki il keçdikdən sonra: “Artıq nəvəmiz dünyaya gəlib. Adını Leyla qoyduq. Olduqca qəşəng bir qızcığazdır, iri qara gözləri və uzun kirpikləri var”. Körpədən narahat olduğunu da büruzə verir: “Ana südü ilə qidalanmır, süni yeməklər veririk”. Azadfikirli bir qadın olan Zərifə Əziz qızı özünü bütövlükdə ailəsinə həsr edirdi, bütün varlığı ilə ona bağlı idi. Ən xırda məqamlarda belə bütün ailə üzvlərinə sevgisi hiss olunurdu.

İKİNCİ GÖRÜŞ

1983-cü ilin sentyabrında Bakıda İ.P.Pavlov adına fiziologiya Cəmiyyətinin qurultayı keçirilməli idi. Belə qurultaylar, adətən, 4-5 ildən bir keçirilir və təkcə fizioloqların həyatında yox, həm də digər tibb mütəxəssislərin həyatında mühüm hadisə hesab olunur. Çünki insan orqanizminin başa düşülməsi, nəticə etibarı ilə bütövlükdə orqanizmdəki pozuntuların bərpa olunması fundamental fizioloji biliklər zəminində mümkündür. Qurultayda həmkarların görüşləri də (çünki bu cür görüşlərin keçirilməsi alimlərin ciddi məşğul olması ucbatından və coğrafi baxımdan çətindir) mühüm əhəmiyyət kəsb edir. Mən fizioloqam və mənim yadımda bu cür qurultaylar əsl bayram kimi qalıb. Bakıda keçiriləcək növbəti qurultayda Zərifə xanımla görüşəcəyimə ümid edirdim. Odur ki, qurultayda iştirak etməyə daha çox can atırdım. Bu görüş Zərifə Əziz qızının da ürəyincə idi və o, yazırdı: “Əgər qurultayda iştirak etmək üçün Bakıya gələsi olsanız mənə qabaqcadan xəbər verin. Çünki Sizinlə görüşmək üçün həmin vaxt Bakıda olmaq istəyirəm”. Oftalmoloq olmaqla yanaşı, Zərifə xanım Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyərkən, eyni zamanda Bakı Məişət Kondisionerlər Zavodunun nəzdində akademik Ə.Qarayev adına Fiziologiya İnstitutunun gömə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyasını yaratmışdı. Beləliklə Zərifə xanımın təkcə əməli iş görən həkim – oftalmoloq yox, həm də dərin elmi təfəkkürə malik fizioloq alim olduğu üzə çıxır. Zərifə Əziz qızı bir fizioloq kimi Fiziologiya Cəmiyyətinin XIV qurultayının təşkilat komitəsinin üzvü idi. Elmi maraqlarımızın üst-üstə düşməsi bizi daha da yaxınlaşdırırdı.

İlk görüşdən sonrakı vaxt ərzində məktublaşmağımız aramızda mənəvi doğmalıq yaratmışdı. Əlbəttə, məktubda hər şeyi yaza bilmirsən, odur ki, şəxsən görüşməyin vaxtı çoxdan çatmışdı. Zərifə xanım yazırdı: “Çox istərdim ki, Sizinlə məsləhətləşim, çünki məktubda hər şeyi yazmaq olmur ”. Ailə Moskvaya köçəndən sonra aramızdakı məsafə xeyli qısaldı: “... ola bilsin ki, qışda Leninqrada gəlim, Sizinlə görüşdən şad olardım”. Məktublardan görünürdü ki, o, ciddi məşğuldur, hətta özünün qayğısına qalmağa belə macalı yoxdur. Mən intizarla Bakıya gəlmək, Zərifə xanımla görüşmək istəyirdim. Həmin vaxt onun ailə həyatının mürəkkəb dövrü idi: əri və uşaqları Moskvada yaşayır, işləyirdi. O isə hələ də Bakıda yaşayırdı, çünki “...işi, yaratdığım laboratoriyanı atmağa heyfim gəlir”. Laboratoriyada “fəaliyyət göstərdiyi 3 il ərzində gözün dəqiq funksional tədqiqatları da daxil olmaqla 6 mindən çox fəhlə müayinədən keçib. Laboratoriyanın yerləşdiyi zavodda çoxlu cərrahiyyə əməliyyatı aparılıb. Hətta başqa ixtisas sahibi olan görkəmli tibb xadimləri bizə baş çəkir. Onların arasında xarici qonaqlar da var”.

Bakıya gələn kimi Zərifə xanıma zəng etdim. Onun mülayim səsini, xeyirxah sözlərini eşitdim. O artıq mehmanxanaya zəng edib mənim rahat yerləşməyim üçün əvvəlcədən qayğı göstərmişdi. Mən mehmanxanada yerləşəndən sonra o bir daha zəng etdi və mənim necə yerləşməyimlə maraqlandı. O, doğrudan da qeyri-adi qayğıkeş və diqqətli adam idi. Bu fikirləri Zərifə xanımla görüşlərin hamısı təsdiq edə bilər. Biz, əlbəttə, təzə tanış olmuşduq və bu cür istiqanlılığı və diqqəti yalnız xeyirxah adam göstərə bilərdi.

Biz qurultayın təntənəli açılışında görüşdük. Zərifə xanım rəyasət heyətində əyləşmişdi. O, yaxınlarda respublika Elmlər Akademiyasına həqiqi üzv seçilmişdi və Azərbaycan elmini ləyaqətlə təmsil edirdi. Mən birinci sırada oturmuşdum və onun üzünə baxırdım. Adamın heç ağlına da gəlməzdi ki, iki ildən də z vaxt keçəcək və Zərifə Əziz qızı artıq həyatda olmayacaq.

Qurultayda əsas proqram məruzəsi ilə akademik Y.İ.Çazov çıxış etdi. Onun “Ürək-damar sisteminin fiziologiyasının müasir problemləri” mövzusunda etdiyi məruzə böyük maraqla dinlənildi. Fasilədə biz Zərifə xanımla məruzəni müzakirə etdik. Zənnimcə, məruzədə toxunulan bir məsələ - fizioloji təfəkkürə klinik təcrübənin vəhdəti onun daha çox diqqətini cəlb etmişdi.

Zərifə xanım məni evə dəvət etdi. Bizim ilk görüşümüz bağ evində olmuşdu. Bu dəfə onun şəhərdəki evinə getdim. Nə ilk görüşdə, nə də indi evdəki avadanlıqların ümumi quruluşuna p qədər də diqqət yetirməmişdim. Lakin otağın sadəliyi yadda qalmışdı, artıq heç nə gözə gəlmirdi. Biz kiçik bir otaqda əyləşmişdik. Divarlara şüşəli kitab şkafları quraşdırılmışdı, otaqda yazı və jurnal stolları qoyulmuşdu.

Biz ailəmizdən söz saldıq. Təbii ki, “ailəmiz” dedikdə həm də övladlarımızın, əgər belə demək mümkünsə, “yarımüstəqil” ailələrini də nəzərdə tuturduq. Bizim söhbətdən bir qədər əvvəl Zərifə xanımın qızının balaca oğlu xəstələnmişdi və həkimlər difteriyadan şübhələnirdilər. lakin xoşbəxtlikdən hə şey gözlənildiyinin əksinə olaraq yaxşı qurtardı. Biz ömrünü təkcə ailəsinə yox, həm də ciddi şəkildə elmə həsr edən qadınların həyat yolunda qarşıya çıxan çətinliklərdən söz saldıq. Bununla belə hər iki sahədə tarazlıq yaratmağın necə də çətin olduğunu dərk edirdik. İki görüş arasında olub keçənləri də götür-qoy etdik.

Daha sonra başqa bir otağa (görünür, o həm yemək otağı, həm də mətbəx hesab olunurdu) keçdik. Otağın arasında böyük yemək stolu qoyulmuşdu. Divarlardan Zərifə xanımın ərinin görkəmli dövlət xadimləri ilə çəkdirdiyi bir neçə iri şəkil asılmışdı. Otağın küncündə televizor, divarların önündə isə bir yumşaq divan və iki kreslo qoyulmuşdu. Burada hər şey sadə və təbii idi. Zərifə xanım dedi ki, əri ailəni köçürmək üçün Moskvadan gəlib, indi istirahət edir. Bir qədər sonra ev sahibi otağa qəbul oldu. O gülümsəyərək salamlaşdı. Bir şam süfrəsi arxasına əyləşdik. .Yüksək vəzifə sahibləri ilə ünsiyyətdə olanda istər-istəməz bir qədər sıxılırsan, gərginlik hiss edirsən, Əliyevlər ailəsində bu gərginlik tez ötüb keçir, çünki ev sahibləri bu gərginliyin aradan qalxmasına imkan yaradır və qonaq tezliklə özünü sərbəst hiss edir... Dövlət siyasətindən, müasir səhiyyənin imkanlarından, yeni kinofilmlərdən, sadə şeylərdən və gündəlik hadisələrdən söz düşdü...

Bu, dostluq şəraitində keçən unudulmaz bir axşam idi. Gələcək işləri, görüşməyi, yeni əlaqələr qurmağı planlaşdırdıq. Ev sahibi də alicənab idi. Onun haçansa bu ləyaqətli ailədən, dostlardan... bizdən ayrılacağı kimin ağlına gələrdi ki ?..

Ayrılıq vaxtı yetişdi. Səhəri gün mən Leninqrada uçdum. Bakıda keçirilən qurultay gözlədiyimdən də artıq təsirli olmuşdu. Təbii ki, bu sevincin və məmnunluğun baş tutmasında Zərifə xanımla və onun ailəsi ilə keçirdiyim görüşlər başlıca rol oynamışdı. Sent-Ekzüperinin sözləri ilə desək, ünsiyyət həyatda mənim qazandığım ən böyük səadətdir. Bunun üçün də taleyimə hədsiz minnətdaram.

Kimin ağlına gələrdi ki, hər şey tezliklə və gözlənilməz bir sonluqla bitəcək. Təvazökar, istedadlı, xeyirxah bir İnsanı və Qadını vaxtsız itirməyin isə necə də ağır olduğunu ifadə etməyə söz tapmıram.
 

 

O. P. DOBROMISLOVA,
professor