Haqqında

Aramızdan vaxtsız getdi

Hər dəfə əziz adamımız həyatdan köçəndə onun şəxsiyyəti ilə bağlı anlar yada düşür. Ola bilər ki, həmin anlar o qədər də çox olmasın, lakin müəyyən çalarlarda məhz həmin anlar insanın mahiyyətini açır və bizim yaddaşımızda ömürlük qalır. Zərifə xanımın vaxtsız ölümü haqqında eşidəndə mənə elə gəldi ki, o, çox dözümlü insandır və onun əlacsız xəstəliyi haqqında heç nə bilməmişdik. O, təkcə dözümlü deyildi, həm də xeyirxah idi.

Mənə onunla bir yerdə işləmək nəsib olmayıb. Bir alim və ya həkim kimi onunla bir yerdə işləyən adamlar söz deyə bilər. Amma o, Azərbaycan Elmlər Akademiyasına akademik seçiləndə mən onun kitablarına rəy yazmalı oldum və bir daha yəqinlik hasil etdim ki, Zərifə xanım elmi işlərində də möhkəm, qürurlu şəxsiyyətdir.

Mən əsasən onun insani keyfiyyətlərindən söz açmaq istərdim, çünki bu, bizim hər birimiz üçün vacibdir. Zərifə Əziz qızı ən qiymətli insani keyfiyyətlərə malik idi. Onlardan ən əsası insanlara xeyirxahlıqla bağlıdır. Zərifə xanımın fəal təşkilatçısı olduğu oftalmoloqların qurultaylarının birində nümayəndələrindən birinin ayağı sındığını və onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayıram. O, hər gün xəstəxanaya gəlir, onun halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin. Zərifə xanımın xəstəyə baş çəkməsinin bir iki gün deyil, bütün müalicə müddətində davam etdiyini düşünəndə indi də kövrəlirəm.

Bu cür xeyirxahlığı o, digər oftalmoloqun ailə üzvünə də göstərmişdi. Belə ki, yol qəza hadisəsi baş vermiş, maşınlar toqquşmuş və nəticədə sərnişinlərdən biri beyin nahiyəsindən zədə almışdı. Zərifə xanım o zaman da uzun müddət xəstəni nəzarətsiz qoymamışdı.

Onun insanlara xeyirxah münasibətini əks etdirən bir fakt da mənə məlumdur. Belə ki, Zərifə xanım təsadüfən kiçik şəhərdən gələn bir qızla tanış olur və aydınlaşır ki, o, instituta daxil olmayıb. Zərifə xanım onu inandırır ki, heç də hər şey itirilməyib və imtahanlara hazırlaşsa, bir il sonra qəbul ola bilər. Zərifə xanım həmin qızı yataqxanaya düzəldir, işlə təmin edir, imtahanlara hazırlaşmasına nəzarət edir. Bir il sonra Zərifə xanımın göstərdiyi səylər uğurla nəticələnir. Həyatda ilk addımlarını atan insanlara vaxtında kömək əli uzatmaq olduqca qiymətli və unudulmazdır. Təmənnasız xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi.

Zərifə xanım bir neçə dəfə məni qonaq dəvət edib, lakin işimin çoxluğundan bu dəvətdən istifadə edə bilməmişəm. Taleyimə yazılan, fəqət istifadə edə bilmədiyim o gözəl görüşlərin bir daha baş tutmayacağını düşünür və çox təəssüflənirəm. Görünür “bu günün işini sabaha qoyma deyənlər” haqlı imiş... “Bu gün” isə artıq dünəndir, hayıf, çox hayıf ki, yaşanmayan günlərin bir saniyəsində belə dünən yoxdur. Onunla Kiyevdə, Odessada, Bakıda, Daşkənddə olan ötəri görüşlərimi də xatırlayıram. Oftalmoloqların qurultayında Zərifə Əziz qızı həkim-xəstə münasibətləri barədə məruzə ilə çıxış etdi. Məruzə qurultay iştirakçılarının, xüsusilə gənc həkimlərin böyük marağına səbəb oldu. Təşkilati işlərlə məşğul olduğuma görə Odessa qurultayında Zərifə xanımla doyunca söhbətləşə bilmədim. Onunla qısamüddətli görüşlər də unudulmazdır.

Daşkənddə oftalmoloqların qurultayında Zərifə xanım bir neçə həmkarına, o cümlədən mənə Səmərqəndə getməyi təklif etdi. Bu doğrudan da tarixi abidələr şəhərinə gözəl bir səfər idi və hamımızı heyrətləndirmişdi. Üstəlik Zərifə xanımın həmin səfərdə dediyi sözlər bu səfəri ömürlük yaddaşımıza həkk eləmişdi.

Oftalmoloqların Bakıda keçirilən konfransını da heç cür unutmaq mümkün deyil. Çox ciddi şəkildə məşğul olmasına baxmayaraq Zərifə Əliyeva konfrans iştirakçılarının hər birinə diqqət yetirirdi. Məhz onun sayəsində gördüyüm Neft daşları, habelə Bakının digər görməli yerləri həmişəlik yaddaşıma həkk olunub. Üstəlik konfrans vaxtı Heydər Əliyevlə keçirdiyimiz görüş heç vaxt yaddan çıxmır.

Dünya get-gəllər dünyasıdır, bütün ömürlərin öncəsi və son ucu var. Təskinliyimiz budur ki, böyük hərflərlə anılan İNSANIN əməlləri dünyanı bir boy da ucaldır.

Zərifə xanımın nurlu siması bir an belə gözlərinin önündən çəkilmir və bəlkə buna görə inana bilmirəm ki, o daha bizim aramızda yoxdur.
 

 

N. A. PUÇKOVSKAYA,
Ukrayna Oftalmoloqlar Elmi Cəmiyyətinin sədri,
Tibb Elmləri Akademiyasının həqiqi üzvü