Haqqında

Alim ömrü

Həyatdan vaxtsız köçən Zərifə xanımın başqa dostları və yaxınları kimi tale mənə də onunla dostluğun hərarətini, onunla ünsiyyətdə olmaq sevincini duymağı nəsib etmişdir: mən indi də birgə düşünüb işlədiyimiz monoqrafiyalar üzərində işi davam etdirirəm. Mən bu gün də əlyazmalarda onun fikirləri ilə rastlaşır, sanki onun xeyirxah, ağıllı, nüfuzedici gözlərini görürəm. Mənə elə gəlir ki, o, bu gün də hardasa yüz kilometrlərlə uzaqlarda – ya Bakıda, ya da Moskvada – bütün varlığı ilə çalışır və yəqin ki, indilərdə telefon zəng edəcək, onun ümid dolu gümrah səsini eşidəcəyəm: hər şey yaxşı olacaq, işi vaxtında yerinə yetirəcəyik.

Bizim ilk görüşümüzü daha dəqiq xatırlayıram. Oktyabr 1977-ci il. Akademik V.P.Adına Odessa Göz Xəstəlikləri İnstitutunun nümayəndə heyəti Azərbaycan Oftalmoloqların elmi konfransında iştirak etmək üçün Bakıya gəlib. Odessadan gələn konfrans nümayəndələrini aeroportda mehribanlıqla qarşılayıb, rahat mehmanxanada yerləşdirirlər. Daha sonra sabah öz işinə başlayacaq konfransın keçiriləcəyi yerə apardılar.

Binanın girəcəyinə bizi konfransın təşkilatçıları qarşıladılar. Zərifə xanım Əliyeva da ilk dəfə qarşılayanlar arasında idi. O bizi daha çox səmimiyyətlə salamladı. Onun gözlərindən nur boylanır, üzündə isə mehriban bir təbəssüm var idi. Bəstəboy, cazibədar və eyni zamanda çox təvazökar olan Zərifə Əziz qızı hamının diqqətini özünə cəlb edirdi. Nümayəndələrin hər birinə ayrılıqda xoş söz deməyə, xeyirxah arzularını bildirməyə imkan tapırdı. Professor Z. Ə. Əliyeva ilə mənim ilk görüşüm belə bir şəraitdə oldu.

Tədbirin iştirakçıları, o cümlədən Zərifə xanım, konfransın uğurla keçməsi üçün, habelə konfrans iştirakçılarının Azərbaycanın görməli yerləri, mədəniyyət və incəsənəti ilə yaxından tanış olması üçün səy və bacarıqlarını əsirgəmədilər. yüksək səviyyədə təşkil olunmuş qəbulda professorların bir qrupunu Heydər Əliyev salamladı, bizi respublikanın tarixi ilə, xalq təsərrüfatında, elmdə, mədəniyyət sahəsindəki nailiyyətlərlə və gələcək planlarla tanış etdi. Biz Azərbaycan xalqının həyatı haqqında yeni və vacib məlumatlar aldıq.

Konfrans başladı. Dinlədiyimiz məruzələrdən ən çox professor Z.Ə.Əliyevanın şin istehsalı sahəsində gözün peşə xəstəliklərindən asılı olaraq zədələnməsi barədə etdiyi çıxış yadda qaldı. Mən peşəkar həkim kimi onu maraqla dinlədim və öz-özümə fikirləşdim ki, bu cür işlərə heç də həmişə rast gəlmək olmur. Mənim üçün görmə orqanına peşə amillərinin təsirinin elmi tədqiqatı xüsusilə böyük əhəmiyyət kəsb edirdi. Belə ki, oftalmologiya elminin bu yeni sahəsi ilə mən özüm də uzun illər idi ki, məşğul olurdum. Bu böyük bir problemin – peşə oftalmotoksikozunun bir hissəsi idi.

Başqa üstünlükləri ilə yanaşı qeyd etmək lazımdır ki, Zərifə xanım həm də gözəl natiq idi, olduqca maraqla və böyük inamla özünün orijinal elmi tədqiqatlarının nəticələrini şərh edə bilirdi. Bir daha vurğulamaq istərdim ki, onun məruzəsinin məğzində dövlət əhəmiyyətli tədqiqat problemi – kimya sənayesində görmə orqanının peşə xəstəliyinin araşdırılması dayanırdı. Professor Z.Ə.Əliyeva qeyd edirdi ki, Azərbaycanda kimya sənayesi sürətlə inkişaf edir və peşə xəstəliklərinə qarşı mübarizə ən vacib tibbi bioloji problemlərdən biridir.

Məruzəçi haqlı olaraq qeyd edir ki, geniş miqyasda aparılan profilaktik və müalicə tədbirləri nəticəsində indi kimya sənayesində görmə orqanının peşə xəstəliyinə tutulması hallarına az-az rast gəlinir və özünü intoksikasiyanın yüngül, subklinik forması şəklində büruzə verir. Peşə patologiyasının inkişafının qarşısını almaq və vacib müalicə tədbirləri aparmaq üçün görmə orqanının tədqiqatı böyük əhəmiyyət kəsb edir. Belə olduqda ümumi intoksikasiyanın ilkin formalarını üzə çıxarmaq mümkündür.

Kimya sənayesində şin istehsal sahəsi xeyli genişlənib. Amma tibbi ədəbiyyatda bu sahədə çalışan şəxslərin görmə orqanına həmin istehsal şəraitinin təsiri haqqında məlumatlar demək olar ki, yox dərəcəsindədir. Professor Z.Ə.Əliyevanın apardığı tədqiqatların yeni olduğu hamı üçün aydın idi. Konfrans iştirakçıları aparılan fundamental tədqiqatların əsas bölməsindən birini dinləmək imkanı əldə etdilər. Sonradan həmin tədqiqatlar müəllifin 1980-ci ildə Bakıda nəşr olunan orijinal “Şin istehsalında gözün peşə patologiyası ” monoqrafiyasının əsasını təşkil etdi.

Professor Z. Ə. Əliyevanın görmə orqanının peşə xəstəliyi kimi yeni bir problemin araşdırılmasına nə qədər güc və enerji sərf etdiyini yaxşı bilirəm. Görmə orqanının zədələnməsinin klinik xarakteristikası funksional və daxili dəyişikliklərin dözümlüyünü artırmağa yönəldilən tədqiqatlarla tamamlanırdı.

Aparılan tədqiqatların miqyasının böyüklüyü də diqqəti cəlb edir. Belə ki, yaşından və iş stajından asılı olmayaraq şin istehsalında çalışan 1281 işçinin üzərində klinik müşahidə aparılmışdı. Üstəlik bu araşdırmalar uzun illər ərzində müəyyən istehsal şəraitində kimyəvi intoksikasiyaya məruz qalan heyvanlar üzərindəki eksperimentlərlə elmi şəkildə uzlaşdırılmışdı. Göz xəstəliyinin morfoloji və histokimyəvi tədqiqatları bu xəstələrin patogenetik mahiyyətini aşkara çıxarmağa kömək etdi və göstərdi ki, gözün qabaq hissəsində əmələ gələn dəyişikliklər şin zavodunda istehsal amillərinin birbaşa təsiri ilə, gözün daxili hissəsinin zədələnməsi isə bütövlükdə həmin amillərin ümumtoksik təsiri ilə əlaqədardır.

Professor Z.Ə.Əliyevanın elmi fəaliyyəti tibb elminin əməli işlə necə sıx şəkildə bağlılığına parlaq nümunədir. Zərifə Əziz qızı respublikanın tibbi ehtiyaclarını diqqətlə öyrənirdi. Məsələn, Bakıda yod sənayesi sürətlə inkişaf edirdi. Odur ki, həmin sahədə çalışanların görmə orqanına yod istehsalı şəraitinin toksik təsirinin aşkarlanması üçün aparılan tədqiqatlar daha çox əməli əhəmiyyət daşıyırdı.

Yenə də Zərifə Əziz qızının iş günü kabinetdən yox, istehsalatdan başlanır. Bakı yod zavodunda istehsal prosesinin sanitar-gigiyenik xüsusiyyətlərinin, fəhlələrin iş şəraitinin, müxtəlif iş stajına malik peşə sahiblərinin sağlamlığının ümumi vəziyyətini ciddi şəkildə araşdırmaq lazım gəlir. Tədqiqatçının diqqətini ilk növbədə yod istehsalında sexlərin atmosferində yod buxarının konsentrasiyasının istehsal əməliyyat mərhələsindən çox asılı olduğu cəlb edir. Odur ki, uzun müddət beş il ərzində ən müasir tədqiqat üsullarının köməyi ilə müxtəlif daxili istehsal bölmələrində çalışan işçilər üzərində dinamik müşahidələr aparıldı.

Bu isə işçilərin görmə orqanlarına yod istehsalının təsirinin toksik xüsusiyyətlərini üzə çıxarmağa imkan verdi. Mütəxəssislərin dili ilə desək, kirpik nahiyəsində şişlərin əmələ gəlməsinə, göz buynuzcuğunun zədələnməsinə, onun hissiyyatının azalmasına, qan damarlarının və şəffaf qatın dəyişikliyinə, bəzən də gözün ön və arxa hissəsinin zədələnməsinə gətirib çıxarır. Bakı Yod Zavodunun işçilərinin gözlərinin zədələnməsinin istehsal sahəsi ilə bağlı olduğunu təsdiq etmək və zədə mexanizminin müxtəlif cəhətlərini üzə çıxarmaq üçün Z.Ə.Əliyeva müxtəlif iş yerlərində, təbii şəraitdə heyvanlar üzərində tədqiqatlar apardı.

Eksperimental tədqiqatlar nəticəsində müəyyən edildi ki, yod istehsalında kimyəvi maddələrin buxarının toksik təsirindən görmə orqanı daha çox zərər çəkir. Klinik-eksperimental tədqiqatların nəticələri görmə orqanına toksik maddələrin təsirini daha düzgün qiymətləndirməyə və rasional müalicə üsulları işləyib hazırlamağa imkan yaratdı. Odur ki, Z.Ə.Əliyevanın “Xronik yod intoksiyasında oftalmopatologiya” mövzusunda yazdığı ikinci monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Həmin monoqrafiya orijinal elmi tədqiqat əsəridir və mühüm əməli əhəmiyyət kəsb edir.

Çox təəssüf ki, Zərifə xanım həmin tədqiqatların yalnız bir hissəsini həyata keçirə bildi. Bakıda keçirilən konfransda ilk görüşümüzdə qarşılıqlı şəkildə hər ikimizin peşə oftalmotoksikozun tədqiqtlarına maraq göstərdiyimiz üzə çıxdı. Məhz onda mən Zərifə xanımın timsalında insanlara vəchlə kömək etmək istəyən, görmə orqanının peşə xəstəliyinin qarşısını almaq bir həkim gördüm. Konfrans keçirildiyi dövrdə ciddi məşğul olduğumuza baxmayaraq fikir mübadiləsi apardıq, gələcəkdə görüşmək, birgə elmi iş aparmaq haqqında razılığa gəldik. Sonradan telefon və məktub vasitəsi ilə bizi maraqlandıran məsələləri dəqiqləşdirir, yeni tibbi ədəbiyyat haqqında bir-birimizə məlumat verirdik.

Bu müddət keçdikdən sonra Zərifə Əziz qızı məni Bakıya dəvət etdi. Xüsusi ilə onda mən Zərifə xanımın istiqanlı və səmimi olduğunu, geniş dünyagörüşünə malik olduğunu hiss etdim. Biz apardığımız tədqiqatların nəticələri barədə fikirlər mübadiləsi etdik və yenilərini planlaşdırdıq. Azərbaycanın kənd təsərrüfatı zəhmətkeşlərinin görmə orqanına zəhərli kimyəvi maddələrin təsirini araşdırmaq üçün çoxsahəli geniş klinik-eksperimental tədqiqatlar aparmaq ideyası ortaya çıxdı.

Bizim söhbətlərin birində iştirak edən Heydər Əliyev bu cür tədqiqatların aktuallığını və vacibliyini göstərdi, qiymətli əməli məsləhətlər verdi. Təbii ki, görmə orqanının peşə intoksikasiyasının tibbi ədəbiyyatda, demək olar ki, araşdırılmaması faktından da yan keçə bilməzdik. Odur ki, istehsal oftalmotoksikoz məsələlərinə aid monoqrafiya yazmaq qərarına gəldik. Həmin elmi əsər həm oftalmoloqları, həm də kimyəvi zavodların tibb-sanitar həkimlərini maraqlandırmalı idi.

Bakıdan yeni yaradıcılıq planları ayrıldım. Bu isə məni həm sevindirir, həm də həyəcanlandırırdı. Elmi maraqları mənim fikirlərimlə üst-üstə düşən bir alimlə görüşmək çox xoş idi, üstəlik o, xeyirxah, ürəyiaçıq, cazibədar, eyni zamanda təvazökar bir insan idi. Bir mütəxəssis kimi mənə Zərifə Əziz qızının kitabxanasında müxtəlif səhiyyə məsələlərinə aid, hətta oftalmologiyanın hüdudlarını aşan ən yeni ədəbiyyat nümunələri görmək xoşdur.

İşin çoxluğuna baxmayaraq Zərifə xanın həm də ailə qayğıları ilə yaşayırdı. O zaman Moskvada oxuyan tələbə oğlu İlham evdən, ailədən uzaqda yaşaması onu çox narahat edirdi. Zərifə Əziz qızı tibb professoru olan atasının xatirəsini həmişə əziz tutur, onun ən yaxşı xüsusiyyətlərini övladlarına aşılamaq istəyirdi. O cümlədən atası haqqında yazılan kitabı oğluna hədiyyə edərkən yazdığı təsirli sözlər bunu bir daha sübut edir.

Ailə həkimi, sevimli qadın, qayğıkeş ana! Mən Zərifə xanımı belə görmüşəm. Həmkarlarımızın birinin evinə qonaq getmişdik. Elmi dərəcəsi və yaxşı müxtəlif olan dostların, həmkarların arasında o, sadəliyi və həyata vurğunluğu ilə seçilirdi. O bütün səmimiyyəti ilə fortepianoda müxtəlif melodiyaları və rəqsləri ifa edir, məclisə toplaşanları əyləndirməyə çalışırdı. Evə qayıdanda, yolüstü Zərifə xanım gileyləndi ki, istehsal, ictimai və başqa işlərdən təəssüflər olsun ki, çox sevdiyi musiqi ilə məşğul olmağa az vaxt qalır.

Professor Z.Ə.Əliyeva razılaşdığımız kimi bizim instituta özünün cavan əməkdaşlarını, üstəlik birgə işimizə aid materialları göndərmiş, mənim işlərimin necə getməsi ilə maraqlanmışdı. Zərifə xanım sevinclə xəbər verirdi ki, onun nəvəsi dünyaya gəlib! Qızı Sevil əri ilə birlikdə körpənin adını nənəsinin şərəfinə Zərifə qoyublar. O, belə bir diqqətə, hörmətə, sevgiyə görə övladlarına olduqca minnətdar idi. Yeri gəlmişkən, nənəsinin adaşı olan Zərifəyə can sağlığı diləyir, əziz nənəsinin bütün insani keyfiyyətlərini onun timsalında görmək istəyir, onun işlərinin davamçısı olmağı, nənəsinin böyük planları həyata keçirməyi arzulayıram.

Vaxt keçirdi. Bakıdan vurulan telefon zəngləri bir qədər səngidi, məktublar seyrəldi. Ailəmdə baş verən ağır üzüntüyə qapıldığıma, ən əziz və yaxın adamımı itirdiyimə görə elmi işlərə çox az vaxt ayırırdım. Ürəyimdən axan qara qanları büruzə verməmək üçün məktub yazmaqdan çəkinirdim. Haradansa, mənə üz verən faciədən Zərifə xanım xəbər tutdu və 1983-cü ilin aprelində təskinliklə dolu, isti və səmimi bir məktub göndərdi. Həmin məktubda o, mənə təskinlik verir və sanki sözarası özünün də xəstə olduğunu bildirirdi. Amma xəstəliyinə baxmayaraq kitab üzərində işini davam etdirir və bu məsələ ilə bağlı görüşməyi təklif edirdi. Tezliklə o xəbər göndərdi ki, gözün peşə xəstəliyinin müxtəlif növləri araşdırılan həmin elmi kitabın nəşr olunması planlaşdırılır. Bununla əlaqədar məni Moskvaya dəvət etdi. Biz 1983-cü ilin qışında görüşdük. Zərifə xanımın qayğıları başdan aşırdı, belə ki, yeni yaşayış yerinə köçmüşdülər. Ailə böyümüşdü, lakin əvvəlki kimi yenə də ailənin bütün qayğıları həm ana, həm də nənə kimi onun üzərinə düşürdü. O isə bütün ailə problemlərini həll etməyə özündə güc və vaxt tapırdı.

Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. Bir ümumi dəftərə o, yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi.

Həmin dövrdə biz birlikdə ümumi işi, oftalmoloqların Ukraynada keçiriləcək VII qurultayına nəzərdə tutulan məruzəni də başa çatdırdıq. Zərifə xanım həmin qurultayda hökmən iştirak etmək, nəhayət, Odessa ilə tanış olmaq istəyirdi. Mənim və yəqin ki, həm onu əhatə edənlərin, heç ağlına da belə gəlmirdi ki, Zərifə xanım ciddi xəstədir. İlk baxışdan o, əvvəlki kimi yenə də, gülərüz, işgüzar idi. Ağır xəstəlik onun görünüşünə uyuşmuşdu. Lakin Zərifə xanım Odessaya oftalmoloqların qurultayına gələ bilmədi. Yazdığı məktubdan öyrəndim ki, o, uzun müddət xəstə yatıb, ona görə də yaradıcılıq işləri yarımçıq qalıb. Amma o, ümid edir ki, tezliklə sağalacaq və nəhayət, Odessaya gələcək. Kitab üzərində apardığı elmi işlərdən təfsilatı ilə məlumat verirdi. Sonralar aramızda telefon danışıqları, yazışmalar oldu.

1984-cü il yenə də qışda, Zərifə xanımla bağ evində görüşdük. Onun ağır xəstə olduğunu görəndə ürəyim düşdü. Amma onun əhval-ruhiyyəsi, davranışı dəhşətli bir təhlükənin yaxınlaşdığından xəbər vermirdi. O, yenə də özünəməxsus tərzdə maraqla Bakıda Məişət Kondisionerlər Zavodunda apardığı tədqiqatlardan – stirol və tetraxloretilen buxarının təsirinə məruz qalan fəhlələri necə müayinə etməsindən danışırdı. Öz yurdunun əsl övladı kimi Zərifə xanım yenə də Azərbaycanla yaşayır, xalq təsərrüfatının aparıcı sahələrində peşə oftalmopatologiyasına aid tədqiqatlar aparırdı.

Olduqca maraqlı olan bu işgüzar söhbət zamanı Zərifə xanım məni artıq bir qədər böyüyən ailəsinin yeni üzvləri ilə tanış edirdi. Onun sözlərinə də üzünün cizgilərində qeyri-adi istiqanlılıq və sevgi var idi. Nənəsinin adaşı olan Zərifənin bir qardaşı olmuş, oğlu İlhamın da övladı dünyaya gəlmişdi. Körpəni qucağında tutan Sevil anasına baxır və həyəcanını gizlətməyə çalışırdı. Balaca Zərifə isə nənəsindən ayrılmaq bilmirdi. Moskvadan gələn İlham isə hər şeydən əvvəl anasını mehribanlıqla salamladı. Doğrudur, evdə həyəcan, gərginlik hiss olunurdu, lakin heç kəs vəziyyətin çıxılmaz olduğunu ağlına belə gətirmək istəmirdi. Bu dəfə Zərifə xanım ailəsindən-ərindən, uşaqlarından, bütün varlığı ilə sevdiyi nəvələrində çox danışdı.

Axşam biz ayrılarkən Zərifə xanım qızının və nəvələrinin əhatəsində idi. Mən heç təsəvvür etmirdim ki, bu bizim vida görüşümüzdür. Zərifə xanım bu gün-sabah Moskvaya getməli idi. Həmin arzuolunmaz “bu gün-sabah”, nəhayət, gəlib çatdı, telefon zəng çaldı və mən öyrəndim ki, o, yenə xəstəxanaya düşüb. Gün ərzində biz bir neçə dəfə telefonla danışdıq. Belə razılaşdıq ki, həkimlər icazə verən kimi mən xəstəxanaya gəlim. Gecədən xeyli keçənə kimi telefonun yanında növbə çəkdim. Hətta gecə ona məktub yazdım. Odessadan etdiyim telefon zənglərinə isə yalnız bir cavab verilirdi: hələ ki xəstəxanadadır...

1985-ci ilin fevralında Zərifə xanım son məktubunda artıq xəstəliyi haqqında açıq və ciddi şəkildə danışırdı: xəstələnmək asandır, sağalmaq çətin! Hər şeydən əvvəl o, düçar olduğu sağalmaz xəstəliyi ilə evdəkilərə əzab verdiyinə görə kədərlənsə də əvvəlki kimi elmə böyük maraq göstərir, həyata, insanlara sevgi ilə yanaşırdı. Sonuncu məktubda o bildirdi ki, xəstəxanada uzun müddət qalandan sonra, nəhayət, həkimlər onu bir həftəliyə evə buraxıb. Zərifə xanım kitab üzərində sonrakı işi mənə tapşırır, materiallar hazır olan kimi Moskvada və ya Odessada görüşməyi müəyyənləşdirmək üçün qabaqcadan xəbər verməyi xahiş edirdi.

Əzizim Zərifə xanımın ölüm xəbərini gec eşitdim və inanmadım. Fəqət çap olunan nekroloq bunu sübut edirdi. Qəbiristanlıqda onun məzarı önündə fikrə getdim: ən böyük dərdə-dost itkisinə alışmağı tale mənə çox erkən vaxtlarda, hələ müharibə illərində, cəbhəyə öyrədib. Lakin itkinlərə alışmağı öyrənə bilmirsən, çünki illər keçdikcə hər yeni itkini daha çox ağrılarla hiss edirsən.

Hələ cəbhə illərindən özümü inandırmışam ki, əgər dostun həyatdan köçübbsə, onun başladığı işi məhz sən sona çatdırmalısan. Beləcə, mənim üçü olduqca əziz və doğma olan Zərifə xanımın sonuncu xahişini – birgə başladığımız kitabı yazıb qurtarmağı vəzifə borcu hesab edirəm. Çünki onun zəhməti özündən sonra da işıq üzü görməli, onun fikirləri mütəxəssislərə gedib çatmalıdır. Görkəmli oftalmoloq, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın elm üçün gördüyü işlər bu gün daha aydın görünür və böyük məna daşıyır.
 

Z. M. SKRİPNİÇENKO
tibb elmləri doktoru, professor