Haqqında

Azərbaycanın gözəl qızı

Zərifə Əziz qızı artıq aramızda yoxdur. Oftalmoloqların gələcəkdə keçirilən qurultaylarını, konfranslarını, simpoziumlarını onsuz təsəvvür etmək çətindir. Həmin yığıncaqlarda bir zaman o, özünəməxsus məruzələrlə, mülahizələrlə çıxış edərdi.

Rəsmi iclaslardan sonra onunla keçirilən görüşlər də yaddaqalandır. Oftalmologiya ictimaiyyətinə yaxşı məlumdur ki, Z.Ə.Əliyeva görmə orqanında peşə xəstəliyini öyrənən ilk görkəmli alimdir. Belə ki, şin və yod istehsalı sahəsində zərərli amillərin görmə orqanına təsirini məhz o araşdırmışdır. Kənd təsərrüfatında geniş tətbiq olunan zəhərli maddələr də onun diqqətini cəlb etmişdi. O elmi dəlillərlə göstərirdi ki, zəhərli kimyəvi maddələrin həm istehsalında, həm də daşınmasında və tətbiq olunmasında bütün orqanizmin zədələnməsi, o cümlədən ilkin intoksikasiyanın hər şeydən əvvəl, görmə orqanında özünü büruzə verməsi mümkündür.

Peşə patologiyası sahəsində Zərifə Əziz qızı təkcə xəstəliyin ilkin əlamətlərini, ilkin vəziyyətini müəyyənləşdirməklə kifayətlənməmiş, eyni zamanda mümkün olan intoksiyanın profilaktikasını əsaslandırmış və həyata keçirmişdir. Görmə orqanının peşə xəstəliyi sahəsində onun elmi tədqiqatlarını teoretik və təcrübi baxımdan nə qədər qiymətli olduğunu alimlərin çoxsaylı rəsmi rəyləri, habelə oftalmologiyanın bu sahəsində çalışan digər müəlliflərin Zərifə xanımın tədqiqatlarına istinad etməsi bir daha sübut edir. Onun araşdırmaları həmişə özünəməxsusluğu və yeniliyi ilə seçilirdi.

Zərifə Əziz qızı kafedranın və klinikanın rəhbəri olarkən digər ümumkliniki problemlərlə də məşğul olurdu. Onun “İrirdodiaqnostika” monoqrafiyası olduqca nadir elmi tədqiqat əsəridir. Həmin mövzunun araşdırılması diqqəti diaqnostikanın bu üsulunu bir çox somatik xəstəliklərin müəyyənləşdirilməsində ifadə olunmağa yönəldirdi.

Zərifə Əziz qızının gözün virus xəstəliklərinin öyrənilməsi sahəsində tədqiqatları da elmi yenilik idi. Virus və peşə konyunktivləri arasında diferensial diaqnostikaya aid tövsiyələr işlənib hazırlanmış, gözün herpetik xəstəliyinin diaqnostikasına və müalicəsinə aid dərs vəsaiti nəşr edilmişdir. Zərifə Əziz qızı müasir mikrocərrahiyyə səviyyəsində qlaukoma, katarakta xəstəliklərinin cərrahiyyə əməliyyatını araşdırmış və həyata keçirmişdir.

Zərifə Əziz qızını xəyalımda oftalmoloqlar forumunun kürsüsündə canlandırıram. Bəstəboy bir qadın öz fikirlərini, baxışlarını ciddi şəkildə dinləyicilərə çatdırmaq istəyir və o bu istəyə həmişə nail olur. Ona görə ki, təqdim etdiyi materialları məntiqi baxımdan dəqiq əsaslandırmağı bacarırdı. Onun istər peşə xəstəliklərinə, istərsə də deontologiya məsələlərinə həsr olunan çıxışları həmişə faktiki göstəricilərə əsaslanırdı. Həmin çıxışlar sözgəlişi bəzi alimlərin çıxışlarında olduğu kimi hər hansı bir ideyanın xeyrinə və ya əksinə yönəldilmirdi. Digər tərəfdən Zərifə xanım irəli sürdüyü fikrin mahiyyətini sadə dildə dinləyicilərə çatdırmağı bacarırdı. Belə olduqda istənilən dinləyiciyə - alimə və ya poliklinika həkiminə çıxış edənin əsaslandırılmış mövqeyi aydın olurdu.

Zərifə Əziz qızının bütün çıxışlarına, şəxsi söhbətlərində dərin etiqadı, inamı özünü büruzə verirdi. Təbii ki, öz baxışlarının doğruluğuna inam hissi uzun müddət dəfələrlə sınaqdan çıxmış elmi və kliniki təcrübələrə əsaslanırdı. Qeyd etmək lazımdır ki, haqlı olduğuna inam hissi Zərifə xanımın təkcə elmi diskussiyalarında yox, həm də bir sıra həyatı məsələlərdə özünü göstərirdi... Mən uşaqların tərbiyə olunması ilə bağlı müzakirədə Zərifə xanımın heç kəsə güzəştə getmədiyini şahidi olmuşam. Amma onun güzəştə getməməsi bəzi alimlərdə olduğu kimi kəskin xarakter daşımır, həmsöhbətinin də fikrini söyləməyə imkan yaradırdı.

Zərifə xanım həmsöhbətini faktlarla, özünəməxsus incəlik və ehtiramla inandırmağa çalışırdı. Təbii ki, bu şəxsi keyfiyyətlər on körpəlikdən aşılanmış, ailə tərbiyəsindən irəli gəlirdi. Ciddi məşğul olmasına, vaxt məhdudiyyətinə baxmayaraq, o bəzən müzakirələrdə belə həmkarlarına diqqətlə yanaşmağa, sözü və işi ilə kömək etməyə imkan tapırdı. O, dəfələrlə mənə də diqqət və qayğı göstərmişdir.

Zərifə xanımın hərtərəfli istedadı incəsənətdə də üzə çıxmışdı. O, fortepiano sinfi üzrə musiqi təhsili almışdı. Musiqi təhsili alan musiqiçilərin əksəriyyəti yalnız not üzrə çalır, əgər belə demək mümkünsə, yalnız bəstəkarın bəstələdiyi musiqini ifa edir. Mən onun ifasında həm klassik, həm də populyar musiqini böyük zövqlə dinləmişəm. Zərifə xanım royalda daxili hisslərini ifadə edir, bütövlükdə musiqinin mahiyyətini, məğzini dinləyiciyə çatdıra bilirdi. O, müəllifin bəstələdiyi akkord və melodiyaları “quru ” şəkildə ifa etmir, musiqi əsərinin əsas məğzini şəxsi hisslərinin süzgəcindən keçirirdi.

Mən Zərifə xanımın təkcə musiqi ifa etməsinə yox, həm də musiqiyə necə qulaq asdığını görmüşəm. Sanki ifa olunan musiqi onun sifətində öz əksini tapırdı. Tamaşanın gedişində onun üzünə baxmaq kifayət idi ki, tamaşanı bəyənib-bəyənmədiyini müəyyənləşdirəsən. Həmişə baxışlarından ətrafda baş verən hadisələrə daim fəal münasibət bəslədiyini oxumaq olardı. Onun gözləri valeh olur, təsdiq edir, gülür, bəzən də təəccüblənir, narazılığını və barışmadığını büruzə verirdi, fəqət heç zaman laqeydlik ifadə etmirdi. Zərifə xanımın gözəl sanki “danışan gözlər” idi. Bir dəfə estrada konsertinə qulaq asırdıq. Hiss olunurdu ki, müasir ansamblın gur səsi, onu müşayiət edən səs-küy, ifaçının oxuması Zərifə xanıma xoş gəlmir. Lakin onun alicənablığı, tərbiyəsi əsərdən və onun ifasından narazı qaldığını söyləməyə imkan vermədi; o sadəcə zövqlərin müxtəlif olduğunu, həmin musiqinin də kiminsə xoşuna gəlməsinin mümkünlüyünü qeyd etməklə kifayətləndi.

Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr etdirdiyi “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq büruzə verir. Bu mövzuya həsr olunan çıxışlarında Zərifə xanım bilik və təcrübəsini həkim həmkarlarına çılğınlığı ilə, inam hissi ilə aşılayırdı. Qeyd etmək lazımdır ki, onun çap etdirdiyi elmi əsər mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində mühüm rol oynayır.

Dünyaya gəldiyi gündən ölənə kimi insanlar bu və ya digər səbəbdən həkimlə, tibb bacısı ilə üz-üzə gəlməli olur. Aydındır ki, səhiyyə işçilərinin vəzifə borcunu yerinə yetirməsi təkcə xəstəliyin müalicəsi və profilaktikasından ibarət deyil, həm də peşə bacarığından asılıdır. Zərifə Əziz qızı tibb işçisinin ətrafdakıların tərbiyəsində mühüm rol oynadığı, cəmiyyətin əxlaq etalonu olduğunu qeyd edirdi. Həkimin borcu yer üzünün sülh və həyat uğrunda, insanın xoşbəxtliyi və səadəti naminə çalışmaqdır. Zərifə xanım haqlı olaraq belə hesab edir ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş, insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında ən başlıcası isə öz vicdanı qarşısında əxlaqı məsuliyyət deməkdir”.

Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə Əziz qızı həkimin xəstə ilə necə davranmasına dair tövsiyələr verir. Bu münasibətlərdə həkimin “sözlə ” müalicə edə bilmək bacarığını ön plana çəkir. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edir. Mən bir dəfə Zərifə Əziz qızının xəstələri necə qəbul etdiyinin şahidi oldum. Xəstələr üzlərində təbəssüm, müayinə olunduqdan və müalicə təyin edildikdən sonra tezliklə sağalacağına ümidlə, professor Z.Ə.Əliyevaya inam hissi ilə otağı tərk edirdilər.

Z.Ə.Əliyevadan aldığım dərslər sonradan mənim, sözün əsl mənasında, səhiyyə təcrübəmdə gərəkli oldu. Öz müşahidələrimi əməkdaşlara və tələbələrimə çatdırmağa səy göstərdim. Zərifə xanımın bəlkə də heç özü də bilmədən zəngin təcrübəsi zəncirvari reaksiya şəklində beləcə başqalarına ötürülürdü.

Zərifə Əliyeva özünün deontologiyaya həsr olunmuş qiymətli elmi əsərinin sonunda ürək yanğısı ilə Hippokrat andının sonuncu cümləsinə istinad edir: “Bütün ömrüm boyu bu həkim andına sadiq qalacağam!” Zərifə xanım ömrü boyu həkim andına sadiq qaldığını sübut etdi.

 

A. N. DOBROMISLOV,
professor, Leninqrad Gigiyena İnstitutunun
Göz Xəstəlikləri kafedrasının müdiri