Haqqında

Anılan dost

Zərifə xanımla ilk tanışlığımız 21 dekabr 1976-cı ilə təsadüf edir. Həmin gün Zərifə xanım doktorluq dissertasiyasını müdafiə edirdi. Doktorluq dissertasiyasının müdafiəsi elmdə həmişə böyük hadisə hesab olunur. Üstəlik oftalmologiya kimi dar ixtisas sahəsində “Azərbaycanın kimya sənayesinin bir neçə müəssisəsində işçilərin görmə orqanının vəziyyəti” adlı dissertasiyasının avtoreferatı həmişə olduğu kimi müdafiəyə üç həftə qalmış bizə gəlib çatdı. Görmə orqanının peşə patologiyası problemi bizi çoxdan maraqlandırırdı. Bizim hər birimiz bu problemlə bir neçə dəfə rastlaşmış və öz şəxsi təcrübəmizdə həmin problemin nə qədər aktual olduğunu, hələ elmi cəhətdən araşdırılmayan aspektlərin mövcud olduğunu görmüşdük. Üstəlik həmin problemin həllini əməli işə tətbiq etməyin bir sıra çətinlikləri var.

Zərifə Əziz qızının dissertasiyası bizə güclü təsir etdi. Belə ki, o, bir tərəfdən Azərbaycan müəssisələrində öz həllini tapmış konkret iş, digər tərəfdən isə məqsədyönlü elmi-tədqiqat idi. Müəllifin çıxardığı nəticələr və tövsiyələr yerli ölçülərdən kənara çıxırdı, onları hər yerdə istehsalata tətbiq etmək olardı. Zərifə xanımın elmi işi görmə orqanının peşə patologiyasının öyrənilməsində yeni istiqaməti müəyyənləşdirirdi.

Biz adətən deyirik: “Xəstəni xəbərdar etmək, xəstəliyi müalicə etməkdən yaxşıdır”. Üstəlik, bu xəbərdarlıq dövlət üçün də ucuz başa gəlir. Bu adi həyat həqiqəti peşə xəstəliklərinin profilaktikası və müalicəsində daha əyani şəkildə özünü büruzə verir. Ancaq həkim diqqəti, vaxtı və əməyi, əsasən xəstənin müalicəsinə yönəlir. Bu, aydındır. Lakin xəstəliyin, o cümlədən peşə xəstəliklərinin profilaktikası ilk baxışda nəzərə çarpdığından daha mürəkkəbdir.

Burda təkcə bir alimin yox, bütövlükdə sağlamlığa təsir göstərən zərərli amillərin məcmusunu aşkara çıxarmaq, onların orqanizmə təsir yollarını müəyyənləşdirmək, müdafiə mexanizmlərini, adaptasiya imkanlarını və adaptasiyaya əks-təsir göstərən səbəbləri üzə çıxarmaq lazımdır. Bu iş çox zəhmət tələb edir, hətta adamı əldən salır, uzun müddət heyvanlar üzərində təcrübələr keçirmək, çoxsaylı laboratoriya tədqiqatları ilə məşğul olmaq, ardıcıl şəkildə illər boyu fəhlə və qulluqçular üzərində dispanser müşahidəsi aparmaq lazım gəlir. Zərifə xanım Bakının müəssisələrində məhz belə bir gərgin iş görüb başa çatdırmışdı. Lakin faktları toplamaq hələ aparılan tədqiqatların birinci hissəsi idi. Sonra onları qiymətləndirmək, müxtəlif təcrübi, patoloji, kimyəvi, laboratoriya və klinik məlumatların qarşılıqlı əlaqəsini izləmək, görmə orqanının peşə xəstəliyinin profilaktikası üzrə əməli tövsiyələri konkret müəssisələrdə işləyib həyata keçirmək, istehsalata tətbiq etmək lazım gəlirdi. Zərifə Əziz qızının tədqiqatlarının üstün cəhəti fundamental elmə səhiyyə təcrübəsinin sıx əlaqəsində idi.

Bu zəngin elmi-tədqiqatların müəllifini görmək və eşitmək arzusunda idik. Həmişə olduğu kimi Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu yanındakı İxtisaslaşdırılmış Şuranın iclası adət etdiyimiz rəsmi qaydada başladı. Kürsüyə bəstəboy, qara saçlı, suyuşirin, irigözlü, qaynar baxışlı bir qadın qalxdı. Onun nitqi dəqiq və aydın tələffüzü ilə, ən çətin məsələləri belə sadə dildə ifadə etmək bacarığı ilə seçilirdi. O, məruzənin ayrı-ayrı məqamlarına rəngli slaydlarla, qrafiklərlə, cədvəllərlə aydınlıq gətirirdi. Zərifə Əziz qızının məruzəsi Şurada diqqətlə dinlənildi. Rəsmi və qeyri-rəsmi opponentlərin rəyləri yekdil idi. Gizli səsvermə yolu ilə Şura yekdilliklə Zərifə Əziz qızı Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi vermək barədə qərar çıxardı.

Müdafiədən sonra biz Zərifə xanımla bəzi istehsalat məsələlərini müzakirə etmək üçün görüşdük və beləcə, uzunmüddətli ailə dostluğunun əsası qoyuldu. 21-22 oktyabr 1977-ci ildə Zərifə xanımın təşəbbüsü ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin VII plenumunun keçirilməsi cəmiyyətin həyatında mühüm hadisəyə çevrildi. Həmin plenumda 200 nəfər iştirak edirdi. Plenumda ölkənin görkəmli alimləri uşaqların görmə qabiliyyətinin mühafizəsinə, qlaukomanın profilaktikasına və müalicəsinə, ağır göz zədələrinə həsr olunmuş məruzələrlə çıxış etdi. Plenum işini yekunlaşdırdıqdan sonra Cəmiyyətin İdarə Heyətini Heydər Əlirza oğlu Əliyev qəbul etdi.

Zərifə xanımın həmin plenumda kimya sənayesi müəssisələrində görmə orqanının peşə xəstəliyinə həsr olunmuş məruzəsi hamının diqqətini cəlb etdi. Qeyd etmək lazımdır ki, ÜOEC-nin İdarə Heyətinin plenumunda oftalmologiyada ayrıca əsas istiqamət sənayesi kimi peşə patologiyasının problemləri ilk dəfə müzakirə olunurdu. Zərifə Əziz qızı rəhbərlik etdiyi kollektivin apardığı tədqiqatların əsas nəticələrini şərh edərək kimya və neft-kimya sənayesinin sürətli artımına diqqət çəkdi: “Kimya sənayesinin intensiv inkişafı görmə orqanının peşə patologiyasının müxtəlif növlərinin əmələ gəlməsi üçün real şərait yaradır. Bu problemin öyrənilməsi sənaye oftalmologiyasının aparıcı problemidir”. (Z.Əliyeva. “Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti VII Plenumunun materialları” kitabından. Bakı, 1977, səh. 35). Z.Ə.Əliyevanın plenumdakı məruzəsi və onun müzakirəsi görmə orqanının peşə patologiyası üzrə tədqiqatların gələcək inkişafına təkan verdi.

Heydər Əliyev ilə söhbət iki saatdan çox çəkdi. O, inandırıcı və maraqlı şəkildə Azərbaycanın əsas uğurlarından və qarşıda duran problemlərdən danışdı. Onun iqtisadiyyat, ədəbiyyat və incəsənət, tibb və səhiyyə sahəsində etdiyi təhlillər özünün aydınlığı və dəqiqliyi ilə, hər bir problemin mahiyyətinə dərindən varmaq bacarığı ilə diqqəti cəlb edirdi. Heydər Əliyevin canlı və obrazlı nitqinə qulaq asdıqca biz aydın başa düşürdük ki, onun toxunduğu problemlər təkcə Azərbaycana yox, bizim hamımıza aiddir.

Zərifə xanım Ümumittifaq Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin 8-9 oktyabr 1981-ci ildə keçirilən VIII plenumunda da iştirak etdi. Həmişə olduğu kimi plenum oftalmologiyanın aktual problemlərinə həsr edilmişdi. Z.Ə.Əliyevanın bizim ixtisas sahəsində həkim deontologiyası barədə etdiyi məruzə hamının diqqətini cəlb etdi. Qeyd etmək lazımdır ki, həmin plenumda bu problemin müzakirəsinin təşəbbüskarı məhz Zərifə xanım idi. Onu və bizim bir çoxumuzu səhiyyədə əxlaqi aspektlərin aşağı düşməsi, həkim-xəstə münasibətlərində soyuqluq meylləri narahat edirdi. Biz bu problemi Zərifə xanımla dəfələrlə müzakirə etmişik. Odur ki, bu məsələyə onun nöqteyi-nəzərini qısaca şərh etmək istərdik. Yeri gəlmişkən biz də onun fikirləri ilə şərikik.

Səhiyyənin elmi-texniki inkişafı yeni tibb və əxlaqi problemlər ortaya çıxarır. Yeni-yeni dar ixtisas sahələri yaranır, tibbi avadanlıq, xəstələrin müayinə və müalicə üsulları getdikcə mürəkkəbləşir. İndi xəstə təkcə bir həkimin yox, bir qrup mütəxəssisin-həkimin, texnikin, laborantın xidmətindən istifadə etməli olur. Üstəlik, onun müayinəsi və müalicəsi mürəkkəb aparatların, cihazların və laboratoriya üsulları ilə aparılır. Xəstə bir növ həkimin görmə dairəsindən kənarda qalır. Əsl klinik məktəb keçməyən həkim xəstə ilə birbaşa əlaqə yaratmağı xoşlamır və çox vaxt bu əlaqədən vaz keçir, laboratoriya tədqiqatlarının nəticələrinə aludəçilik həkimi bir növ xəstədən aralı salır. Digər tərəfdən alınan məlumatların sonuncu təhlili, diaqnoz qoyulması və müalicənin müəyyənləşdirilməsi bəzən standart qaydada aparılır. Beləliklə, xəstənin müayinəsi və müalicəsi həddindən artıq mexaniki şəkildə olur. Hər bir ixtisas həkimi yalnız öhdəsinə düşən işi yerinə yetirməklə vəzifə borcunu bitmiş hesab edir. Belə çıxır ki, hətta gələcəkdə tibb heyətini kompüter və robotlarla əvəz etmək olar. Zərifə xanım məsələyə bu cür yanaşmağı səhv hesab edirdi. Konveyer üsulu yalnız eyni detalların və maşınların istehsalında özünü doğrulda bilər. Xəstələrin müalicəsində isə bu üsulun tətbiqi səhiyyə humanizmi ilə ziddiyyət təşkil edir, həkim təxəyyülünün tənəzzülünə, səhvlərin çoxalmasına gətirib çıxarır. Səhvlər ona görə meydana çıxır ki, hər bir xəstə fərddir, odur ki, xəstəni və xəstəliyi tibbi təcrübədə eyniləşdirmək məqsədəuyğun deyil. Çünki insan orqanizminə standart müdaxilə çox vaxt gözlənilən reaksiyanı vermir.

Necə deyərlər, mexaniki “sağlamlıq istehsalı” üsulu istər-istəməz spesifik xəstəliyə düçar olmuş insanı bir növ son ümid işığından da məhrum edə bilir. Təcrübəli həkimlər yaxşı bilir ki, hətta təkmilləşdirilmiş alət və laboratoriya üsulları ilə aparılan tədqiqatlarda belə bəzən səhvlərə yol verilir. Həmin səhvləri həkim yalnız xəstə ilə sıx ünsiyyətdə olduğu halda aşkara çıxara bilər. Əlbəttə, müəyyən tədqiqatların aparılmasında, simptomların, çoxşaxəli təhlilin müəyyənləşdirilməsində, sadə və təhlükəsiz tibbi manipulyasiyaların yerinə yetirilməsində texniki tərəqqinin, avtomatlaşdırmanın və kompüterləşdirmənin rolunu danmaq olmaz. Bu, heç də xəstə ilə müalicə həkiminin (həkimlərin hamısının yox!) birbaşa və sıx əlaqəsinin vacibliyini azaltmır.

Zərifə Əziz qızı dəfələrlə demişdir ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, onun orqanizminin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir. Əksinə, həkimin xəstə ilə səhv, düşünülməmiş davranışı, ünsiyyəti xəstəni həyəcanlandırır, ruh düşkünlüyü yaradır, onu ümidsizliyə qapılmağa vadar edir. Xəstənin müalicəsində bir çox ixtisas həkimləri iştirak edə bilər, lakin əsas məsuliyyət müalicə həkiminin üzərinə düşür. Həkimlər qrupunun, əsasən də cərrahların, qrup halında məsuliyyət daşıması məsuliyyətsizliyə gətirib çıxarır.

Zərifə Əziz qızı öz məruzəsində həkim və xəstənin qarşılıqlı münasibətinin əsas qaydalarını tərtib etdi, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı yolunu göstərdi, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkdi. Z.Ə.Əliyevanın məruzəsi sonradan Moskva Oftalmoloqlar Cəmiyyətində dinlənildi və çap olundu. Həmin məruzədən həm ali məktəblərdə, həm də həkimləri təkmilləşdirmə institutlarında geniş istifadə edilir.

Z.Ə.Əliyevanın elmi irsi 5 monoqrafiyadan, onlarla məqalədən, məruzədən, metodik vasitələrdən ibarətdir. Onun elmi işləri aktuallığı və yüksək səviyyəsi ilə seçilir. Xüsusən, şin və yod istehsalı ilə məşğul olan işçilərin görmə orqanının vəziyyətinin öyrənilməsinə həsr olunan iki monoqrafiya daha çox diqqəti cəlb edir.

Bu kitabda iki iri zavodda aparılan konkret tədqiqatlar harmonik şəkildə görmə orqanının peşə patologiyasının öyrənilməsinə ümumi metodik yanaşma prinsiplərinin inkişafı ilə səsləşir. Z.Ə.Əliyevanın istifadə etdiyi ümumi prinsiplərinin qısaca şərhini belə səciyyələndirmək olar:

1. İstehsalatda zərərli amillərin təsiri bir qayda olaraq xroniki xarakter daşıyır və nəticə etibarı ilə onun insan orqanizminə və üzərində təcrübə aparılan heyvan orqanizminə təsirinin öyrənilməsi aylarla və illərlə davam etdirilməlidir.

2. Bir çox istehsalat sahələrində insan orqanizminə bir yox, kompleks halında bir neçə zərərli amillər təsir göstərir. Odur ki, həmin amillərin aşkara çıxarılması, hər birinin konsentrasiyası və intensivliyinin ətraflı öyrənilməsi, işçilərin bu amillərlə əlaqəsinin xarakterinin müəyyənləşdirilməsi sənaye müəssisəsində aparılan hər bir tədqiqatın ilkin mərhələsini təşkil etməlidir.

3. Heyvanlar üzərində aparılan təcrübələr real iş şəraitinə uyğunlaşdırılmalıdır. Bu məqsədlə həmin heyvanlar xüsusi kameralarda hər gün iş yerlərinin yaxınlığında yerləşdirilir.

4. Görmə orqanının vəziyyətinin öyrənilməsi bütün orqanizmin tədqiq edilməsi ilə birlikdə aparılmalıdır. Bu, göz xəstəlikləri simptomlarının başqa orqanların və sistemlərin zədələnməsi ilə nə kimi əlaqəsi olduğunu üzə çıxarmağa imkan yaradır.

5. İşçilər üzərində aparılan tədqiqat üsullarına üstünlük verilməlidir. Tədqiqat üsullarının say çoxluğu və mürəkkəbləşdirilməsi özünü doğrultmuş, istər-istəməz tədqiqatın baha başa gəlməsinə, üzərində tədqiqat aparılanların yorulub əldən düşməsinə və ən nəhayət, səhv nəticələr əldə etməyə gətirib çıxarır. Digər tərəfdən mürəkkəb və baha başa gələn üsulları dispanser təcrübəsində tətbiq etmək mümkün olmur.

6. Tədqiqatların nəticələri həcmcə nə qədər böyük olsa da, düzgün nəzarət qrupu seçilmədən etibarlı sayıla bilməz.

Z.Ə.Əliyevanın tədqiqatları göstərdi ki, şin istehsal sahəsində çalışan işçilərin müəyyən qrupunda toksik amillərin təsiri nəticəsində gözün qabaq hissəsinin zədələnməsinin xüsusi simptom kompleksi inkişaf edir. Patoloji sindromun tezliyi və intensivliyi iş sahəsində kimyəvi maddələrin konsentrasiyasından asılı idi. Eyni zamanda işçilərin bir hissəsində görmə orqanının funksional pozğunluğu, o cümlədən görmə dairəsinin daralması müşahidə olunurdu. Z.Ə.Əliyeva ilk dəfə yodla uzun müddət əlaqədə olan işçilərin görmə orqanının zədələnməsinin kompleks əlamətlərini tədqiq etmişdir. Həmin kompleks kirpik dairəsinə, konyunktivlərə, gözün buynuz qişasına yodun təsirini əhatə edir. Göz qapağına, görmə orqanının şəffaf qatına, habelə göz dibində yodun nə kimi fəsadlar törətməsi tədqiq olunur. Elmi tədqiqatlar göstərmişdir ki, bu zaman görmə zəifləyir, görmə dairəsi daralır, gözün işığa həssaslığı pisləşir, göz təzyiqinin artmağına meyl güclənir.

Digər tərəfdən eksperimental tədqiqatlar sübut etdi ki, görmə orqanındakı dəyişikliklər qan damarlarının və daxili orqanlarının, xüsusən də ciyərin və böyrəyin zədələnməsi ilə əlaqədardır. Histoloji və histokimyəvi tədqiqatlar üzərində təcrübə aparılan heyvanların gözünün dərisində ciddi dəyişikliklər olduğu üzə çıxdı. Z.Ə.Əliyevanın və onun rəhbərlik etdiyi kollektivin tədqiqatları elmi cəhətdən əsaslandırılmış əməli tövsiyələrin işlənib hazırlamasına imkan yaratdı və həmişə tövsiyələrin istehsala tətbiqi şin və yod müəssisələrində çalışan işçilərin gözünün zədələnməsinin kəskin şəkildə azalmasında gətirib çıxardı.

Heç şübhəsiz ki, bütün bu sadaladıqlarımız Z.Ə.Əliyevanın elmi yaradıcılığının bir hissəsidir. O, virus konyunktivlərinin tədqiqinə həsr olunmuş monoqrafiyanın müəllifidir, o, M.Y.Sultanovla birlikdə göz qabığına stirolun təsiri öyrənmiş, görmə orqanının müalicəsində cərrahiyə üsullarını araşdırmışdır. Xəstə olmasına baxmayaraq, ömrünün son iki ilini Zərifə xanım görmə orqanının peşə patologiyası haqqında monoqrafiyaya həsr etdi.

Biz Zərifə Əziz qızı ilə tez-tez ailəlikcə görüşür, müxtəlif problemləri müzakirə edirdik. Qeyd etmək lazımdır ki, o olduqca maraqlı həmsöhbət idi. Hissiyyatlı və hazırcavab, habelə öz mülahizələrində prinsipial idi, siyasətdən, ədəbiyyatdan və incəsənətdən yaxşı baş çıxarırdı. Mübahisəli məsələlərdə həmsöhbətini dinləməyi bacarır, onun mövqeyini başa düşürdü. Əgər fikrinin doğruluğuna qəti inanırdısa, öz nöqteyi-nəzərini arqumentlərlə və inamla müdafiə edirdi. Xüsusən tibb elmi və səviyyə ilə bağlı problemlərin müzakirələri daha çox yadda qalıb.

Zərifə xanım dəfələrlə bizim elmdə son illər baş qaldıran kəm-kəsirlərin onu çox narahat etdiyini ön plana çəkirdi. Onun fikrincə, görmə orqanında kiçik dəyişikliyin belə cərrahiyyə əməliyyatı ilə müalicə edilməsinə əbəs yerə ciddi əhəmiyyət verilir. Hazırda görmə orqanındakı bu cür dəyişikliyə heç xəstəlik də demək doğru deyil. Üstəlik bu cür “nailiyyətləri” ciddi cəhdlə reklam etdirməyə, təbliğ etməyə aludə olurlar, yerli-yersiz bu barədə kütləvi informasiya vasitələrində təmtəraqlı yazılar, boğazdan yuxarı təriflər verilir. Digər tərəfdən korlaşmanı və zəifgörməni doğuran səbəbləri araşdıran iri oftalmologiya bölmələrinin gərgin işi kölgədə qalır. Kütləvi informasiya vasitələrinə isə bu barədə yazmaq cansıxıcı görünür və həmin həyat əhəmiyyətli problemlər diqqətdən kənarda qalır. Digər tərəfdən bu, elmi tədqiqatların aparılmasına ayrılan vəsaitin bölgüsündə özünü büruzə verir və istedadlı, lakin təcrübəsiz gənclərə pis təsir göstərir. Gənc ixtisas həkimlərin zahirən əhəmiyyətli görünən, lakin mahiyyət etibarı ilə ucuz olan eksperimentlərə meyl salmasına gətirib çıxarır. Hələ tam sınaqdan çıxmayan yeni cərrahiyyə üsullarının xəstələrə geniş tətbiq olunması da Zərifə xanımı ciddi narahat edirdi. Yeni dərman preparatları ciddi və uzunmüddətli yoxlamadan keçdikdən sonra onların klinikada tətbiq olunmasına icazə verilir, amma yeni cərrahiyyə üsulları bəzən tez-tələsik xəstələrə tətbiq edilir. Üstəlik çox vaxt xəstənin özünün də bundan xəbəri olmur.

Zərifə xanım əhali arasında tibbi biliklərin təbliğ olunmasında kütləvi informasiya vasitələrinin gördüyü işi yüksək qiymətləndirirdi. Bununla yanaşı, jurnalistin təkbaşına mübahisəli və səhiyyənin mürəkkəb problemlərinin həllinə girişməyi öz üzərinə götürməsini düzgün hesab etmirdi. Jurnalist faktları şərh etməli və hər iki tərəfin fikirlərini əks etdirməli, eyni zamanda hakim kimi son qərar çıxartmağa tələsməməlidir.

Z.Ə.Əliyevanın fikrincə, təbabətin getdikcə dar ixtisaslara bölünməsi qaçılmazdır. Bu cür bölünmə hər şeydən əvvəl elmi biliklərin dərinləşməsi, habelə mürəkkəb diaqnostik və müalicə texnikasının inkişafı ilə əlaqədardır. Odur ki, xəstə ilə sıx ünsiyyət imkanına malik həkimin, başqa sözlə, ailə həkiminin rolu artır. Yalnız ailə həkimi yaxşı tanıya bilər, yalnız o, ixtisas həkiminin yanına göndərməkdə haqlı ola bilər, bütövlükdə diaqnostik və müalicə proseduralarından baş çıxara bilər. Ailə həkimi xəstənin maraqlarını yalançı tibb novatorlarından, hələ təcrübədə tam şəkildə sınaqdan çıxmamış müalicə üsullarından qorumalıdır. Xəstə cərrahiyyə əməliyyatına razılıq verməzdən əvvəl birinci növbədə hökmən ailə həkimi ilə məsləhətləşməlidir. Ailə həkimləri institutu getdikcə daha çox əhəmiyyət kəsb edir və onu hökmən möhkəmlətmək lazımdır.

Zərifə Əziz qızının ölümündən xeyli vaxt keçir. Onu bir daha görməyəcəyimizə, enerjili və doğma səsini bir daha eşitməyəcəyimizə inanmaq çətindir. On ilə yaxın bir vaxt ərzində bizi sıx dostluq telləri bağlayırdı. Biz ömrümüzün kamillik illərində qaynayıb-qarışmışdıq. Həmin illər ərzində Zərifə xanım qadın cazibədarlığı, zərifliyi, ətrafdakıların dərdinə şərik olmaq bacarığı, öz işi, ailəsinə, dostlarına sadiqliyi ilə bizim hamımızı valeh edirdi. Bir yerdə qərar tutmayan, bəstə boy, iri qara gözlərindən, baxışlarından daim xeyirxahlıq yağan bu qadını heç vaxt unutmaq mümkün deyil.

O, ünsiyyətdə nəzakətli və mülayim idi, eyni zamanda öz prinsiplərini müdafiə edəndə inadkarlığı və mübarizliyi də üzə çıxırdı. O, insani münasibətlərdə kimin səmimi və ya qeyri-səmimi olduğunu hiss edir, yalançılığa və özünüreklama çox pis baxırdı. Ləyaqətli həyata kölgə salan neqativ hallara görməyə gözü yox idi.

Zərifə Əziz qızı həkim ailəsində böyümüşdü, sənətinə vurğunluğu atası Əziz Əliyevdən öyrənmişdi. Ömrünün sonuncu günlərinədək o işdən ayrılmadı. Ağır xəstə olmasına baxmayaraq, o, ölümünə bir neçə gün qalmış, xəstəxanadan bizimlə telefonla danışdı, əsasən ailə və iş haqqında söhbət etdik. O hərtərəfli istedada malik idi. İstedadlı alim, həkim və pedaqoq kimi o, kafedra və laboratoriya rəhbəri olmaqla yanaşı, həm də qayğıkeş, zərif qadın, ana, nənə olaraq qalırdı.

Biz otuz ildən çoxdur ki, klinikada işləyirik və çox xəstə görmüşük. İnsan xəstələnəndə onun xarakteri üzə çıxır: bəziləri özünə qapılır, adamayovuşmaz olur, bəziləri bütün diqqətini yalnız xəstəliyə yönəldir, daim xəstəliyin ayrı-ayrı məqamlarını araşdırmağa aludə olur, üçüncülər tərslik edir, bəzən ətrafdakılara qarşı həddindən artıq kobudluq göstərir. Ağır xəstəliyi dövründə Zərifə xanım, sözün əsl mənasında, mənliyini göstərdi.

Zərifə xanım elə nadir insanlardan idi ki, onları heç vaxt unutmaq mümkün deyil. Zərifə xanım onu yaxından tanıyanların qəlbində həmişə canlı və sevimli bir insan olaraq qalacaq.
 

 

A. P. NESTEROV,
Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü,
Piroqov adına II Moskva Tibb İnstitutunun göz
Xəstəlikləri kafedrasının müdiri, əməkdar
elm xadimi, Dövlət mükafatı laureatı
A. F. BROVKİNA
professor, Oftalmologiya və Radiologiya
Mərkəzinin rəhbəri, Dövlət mükafatı laureatı