Haqqında

Alimlik zirvəsi və yaxud Zərifə xanımın xeyirxahlıq, ağıl və qüdrət məktəbi

Zaman keçdikcə olduqca vacib və əhəmiyyətli bir şeyi xatırlayanda, bəzən sondan başlamalı olursan. Üstəlik tanıdığın adamın ölümü həmişə vaxtsız, ağrılı və qeyri-təbii görünür. Zərifə Əziz qızı Əliyevanın məzarı önündə hər dəfə eyni sözü təkrar edirəm: “ola bilməz”, “mümkün deyil”... Bir Şərq mütəfəkkirinin dediyi kimi, “hətta bildiyimiz şeyə də inanmağımız gəlmir”. İndi də belə idi: Zərifə xanım haqqında xatirələr o qədər canlıdır ki, ölümü belə yaxına buraxmır. Yəqin ki, bu hissləri başqaları da yaşayıb: Alimlər Evinə sonunu dəfə vida sözünü deməyə insan dənizi axışıb gəlmişdi, onların duruşundan, baxışından, sözündən dərin və hüznlü bir kədər oxunurdu. Hətta indi, üstündən xeyli zaman keçdikdən sonra da adama elə gəlir ki, heç vaxt belə izdihamlı dəfn mərasimi görməyəcək.

Dəfn mərasimi həmişə ağır olur. Onu bir qədər təntənəli şəkildə də təşkil etmək mümkündür. Hətta bəzən təntənəli dəfn mərasiminə rəsmiyyətçilik də əlavə olunur. Amma Zərifə xanımla sonuncu vida mərasimi tamam başqa cür idi. Hər şeydən əvvəl hamıda bir ürək yanğısı, ürək ağrısı vardı. Qəbiristanlığın darvazası önündə narın yağış damcıları altında bir qarının dediyi sözlər sanki adamların fikirləri ilə həmahəng idi: “O müqəddəs imiş ”. Əlbəttə qarının dedikləri bir qədər təsadüfi idi. Çünki o məhz kimin torpağa tapşırıldığını bilmirdi və qarı sadəcə olaraq qədim bir dini inama tapınırdı: belə ki, pasxada ölənlər cənnətə düşür. Amma heç təsadüfi deyildi ki, dəfn mərasiminə toplaşanlar qarının dediyi “müqəddəs” sözünü Zərifə xanımın işıqlı siması ilə, onun insani saflığı, alicənablığı, ailəsinə və işinə vurğunluğu ilə əlaqələndirirdi. Belə bir ülvi insanla ünsiyyətdə olmaq hamının yaddaşında dərin iz buraxır.

Heç şübhəsiz ki, hər birimizin az qala hər həftə, hər gün üz-üzə gəldiyimiz dost-tanışı var, adət etdiyimiz bu görüşlərdə onlarla xatirələrimizi bölüşdürmək istəmirik. Zərifə xanımla mənim görüşlərim az olub, amma bu görüşlərin təəssüratlarını bölüşməyə dəyər.

Biz ilk dəfə görüşəndə onun məhz Zərifə xanım olduğunu bilmədim. Bu, təsadüfən Qara dəniz çimərliyində olmuşdu. Bizi tanış etdikdən sonra ayrıldıq, iki-üç gün sonra yaxınlıqda lövbər salan gəminin göyərtəsində görüşdük. Dənizçilər konsert təşkil etmişdilər. Elə təsadüfi tanışlığımızın ilk dəqiqələrindən Zərifə xanımın bir istedadını – ətrafda baş verənlərə qaynayıb-qarışmaq bacarığını sezmişdim. O, heç bir çətinlik çəkmədən istənilən toplantıda, istənilən məclisdə öz yerini tapırdı. Əlbəttə, çoxları bu cür keyfiyyətə yiyələnmək istəyir, lakin bu hamıya müyəssər olmur. Görünür, bu da təbiətin bəxş etdiyi vergidir.

Bir neçə il sonra mən Zərifə xanımı vaxtaşırı həmkarları arasında görməyə başladım. Eyni peşə sahiblərinin yığışdığı məclisin də özünəməxsus “diplomatiyası ”, bir neçə deyərlər, onun qaydaları var. Burda da Zərifə xanımın ünsiyyətində bir incəlik, səmimilik nəzərə çarpırdı və tezliklə hamının qəlbini ələ ala bilirdi. Təbii ki, o hamıya eyni gözlə baxa bilməzdi; bu sadəcə olaraq mümkün deyil. Xeyirxahlıqla sadəlövhlüyü heç vaxt eyniləşdirmək olmaz. Lakin o bunu heç kəsə sezdirməzdi. Zərifə xanım elə güclü şəxsiyyət idi ki, mənliyində qalmaq şərti ilə bir kimsənin xətrinə dəyməzdi. Hamı bilirdi ki, Zərifə xanım ona üz tutanların hamısına imkanı daxilində kömək etməyə hazırdır. Əlbəttə, bundan sui-istifadə edənlər də az deyildi.

Zərifə xanım dəvət edildiyi bir çox tədbirlərə vaxt məhdudluğu ucbatından sadəcə olaraq gəlməyə bilərdi. Lakin o, hətta vaxt azlığına və səhhətinə təsir göstərməsinə baxmayaraq həmin tədbirlərdə iştirak etməyi özünə borc bilirdi. Zərifə xanım laureat adı alması münasibəti ilə təşkil olunmuş kiçik bir ziyafət məclisini heç cür unuda bilmirəm. Zərifə xanımın məclisə gəlişi... Biz bir-birimizə bir neçə söz dedik. Nə qədər istiqanlı bir münasibət! Üstəlik bu sözlərin nə o görüşə, nə də boğazdan yuxarı söylənən təbriklərə və sağlıqlara dəxli yox idi. Adi, ayaqüstü bir söhbət idi. İnsani keyfiyyətləri, hər şeyi incəliyi ilə qiymətləndirmək bacarığı, adamlarla dil tapmaq qabiliyyəti ictimai işdə də Zərifə xanımın (üstəlik o, böyük ictimai xadimi idi) əlindən tuturdu. Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan “Bilik” Cəmiyyətinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Əlbəttə, bütün bunlar çoxlu enerji tələb edirdi, lakin Zərifə xanıma “ictimai yük” ifadəsini aid etmək düzgün olmazda. Bu onun təbiəti üçün adi hal idi.

Mən həmişə belə hesab etmişəm ki, (bəlkə də çoxları mənimlə razı deyil), faydalı ictimai fəaliyyət üçün də istedad lazımdır. Necə ki, cərraha, riyaziyyatçıya, dövlət xadiminə istedad gərəkdir. Zərifə Əziz qızında belə bir istedad var idi. Odur ki, ona üz tutan artistlərlə, incəsənət adamları ilə asanlıqla dil tapa bilərdi. Bir həkim kimi mən dəfələrlə müşahidə etmişəm ki, bu xüsusiyyət yalnız istedadı və güclü hissiyyatı olan adamlara məxsusdur. Sonuncu vida anlarında onun tabutu önündə görkəmli müğənni elə yanğılı səslə oxudu ki, hamının ürəyinin başı göynədi. Bu cür yanğı ilə yalnız dərdi ürəyinə salan adam oxuya bilər.

Təbii ki, mənə Zərifə Əziz qızının həyatının peşə tərəfi daha çox tanışdır. Belə ki, o mənə məsləhət üçün müraciət edir, elmi şuralarda, konfranslarda, redaksiya heyətinin iclaslarında görüşürdük. Burda da o, beş nəfərin əvəzinə işləyir, işə ürəkdən can yandırır, daim hərəkətdə, daim yenilik axtarışında olurdu. Akademik, professor, kafedra müdiri, elmi-tədqiqat problem laboratoriyasının müdiri kimi Zərifə xanımın işi həmişə başdan aşırdı.

O, tibb elminin sahəsində elə bir tədqiqatlar aparırdı ki, mənim fikrimcə, burda vəziyyət bir qədər təzadlı şəkil almışdı. Əmək heç də mücərrəd şey deyil, hər şeydən əvvəl fabriklərdə, zavodlarda, tarlalarda, laboratoriyalarda, dəzgah arxasında iş deməkdir. Əmək insanı yaratmaqla yanaşı, istehsalçı üçün xüsusi həyat şəraiti də yaradıb. Odur ki, insanın sağlamlığı ilə hesablaşmamaq olmaz. Və ən nəhayət, insan öz iş yerində şüurlu həyatının üçdə birini keçirir. Bizim zəmanədə işçinin bütün gücü ilə fəaliyyət göstərməsi üçün görmə qabiliyyətinin vəziyyətindən çox şey asılıdır və müasir cəmiyyətdə görmə qabiliyyətinin yaxşılaşdırılmasına tələbat günü-gündən artır. Bununla yanaşı həmin mövzuya həsr olunmuş fundamental elmi əsərlər yox idi, yalnız ayrı-ayrı elmi fraqmentlər mövcud idi. Üstəlik onlar da vahid elmi sistem halında toplanmamışdı. Zərifə xanım kimi sosial həssaslığa malik olmaq lazım idi ki, öz istedadını, bilik və bacarığını olduqca çətin, mürəkkəb və xeyirxah, eyni zamanca heç də həmişə layiqincə qiymətini almayan bir sahənin xidmətlərinə sərf edəsən.

Zərifə Əziz qızının səyləri nəticəsində ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıldı. O vaxta qədər belə bir laboratoriya mövcud olmamışdı. Necə deyərlər, “yox yerdən” elmi laboratoriya yaradanlar bunun nə qədər qüvvə və bacarıq tələb etdiyini yaxşı bilir. Əlbəttə, birdən-birə əmək fəaliyyətinin bütün sahələrini əhatə etmək, və hər sahədə görmə qabiliyyətinin mühafizəsi üçün başlıca olaraq hansı tələblərin olduğunu müəyyən etmək çətin idi. Belə məqamda, heç şübhəsiz, istinad nöqtəsi tapmaqdan, nədən başlamaqdan çox şey asılıdır. Və Zərifə xanım istədiyinə nail olur: kimya sənayesində göz xəstəliyi – bu sahə mürəkkəbdir, az öyrənilib, amma böyük kimya və elmi-texniki inqilablar dövründə bu mövzu olduqca aktualdır!

Hətta gətirdiyim bu misaldan aydın görünür ki, onun elmi fəaliyyətində həyat reallığı ilə əməli tələblər arasında necə də sıx əlaqə var. Onun bütün elmi son nəticədə birbaşa əməli təcrübəyə əsaslanır və üstəlik tətbiq olunur. Belə bir lətifə söylənilir ki, bizim günlərdə ciddi elmi kəşf etmək ən adi səmərələşdirici təklifi istehsalata tətbiq etməkdən qat-qat asandır. Amma güclü, istedadlı və haqq işinə inamı olan şəxsiyyət kimi Zərifə xanıma bütün bunlar müyəssər olurdu. Şübhə etmirəm ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, elm aləmində yeni bir istiqamətin yaradıcısı və rəhbəri ola bilərdi. Onu “peşə oftalmologiyası ”, yaxud “sosial oftalmologiya ” adlandırmaq mümkün idi.

Xatirələrimdə heç də Zərifə Əziz qızının bütün elmi irsinin sistemli təhlilini vermək məqsədində deyiləm. Amma onun dünyagörüşünün genişliyini, tibb elminin, necə deyərlər, “xam sahələrinə” necə maraq göstərdiyini sübut etmə üçün iridodiaqnostikaya həsr olunmuş bir kitabını yada salmaq lazımdır (belə ki, o bu mövzuda yazılan ilk kitab idi). Hələ iki min il əvvəl də göz quruluşunun xüsusiyyətlərinə görə (konkret olaraq gözün şəffaf təbəqəsinin dəyişikliyinə görə) xəstəliyə diaqnoz qoymaq cəhdləri olmuşdur.

Təbii ki, cəhd qoymaqla hər hansı bir ideyanı həyata keçirməyin arasında yerlə göy arasındakı qədər fərq var. Yalnız bizim günlərdə belə bir qanunauyğunluq elmi şəkildə öz təsdiqini tapıb. Məsələn, barmaqların üzərindəki xətlərlə bəzi irsi xəstəliklərin arasında uyğunluq olduğu artıq elm aləminə məlumdur. Yalnız bizim günlərdə 6000 ildən çox qədim təbabətdə tətbiq edilən iynə terapiyasının (iynə batırmaq yolu ilə müalicə) nə demək olduğu azacıq da olsa aydınlaşır.

Hətta ən istedadlı fərziyyənin ətrafında (əgər o, elmi cəhətdən əsaslandırılmayıbsa) həmişə müxtəlif şişirtmələr, qəsdən və bilməyərəkdən müxtəlif uydurmalar, bir az da kəskin desək şarlatançılıq dolaşır. Suallar öz həllini tapanacan onları təbiətin qarşısında qoymaq lazımdır. Təsadüfi deyil ki, başqa birisi yox, məhz Zərifə xanım “İridodiaqnostika” kimi nəhəng elmi monoqrafiyanı yazmağa və nəşr etməyə girişmişdi. Həmin monoqrafiya elə kitab mağazalarının rəflərində görünən kimi yoxa çıxmışdı. Zərifə xanımın elmi cəsarəti onun elmi təvazökarlığı ilə üst-üstə düşürdü. Hər iki insani keyfiyyət bir-biri ilə çox vaxt ziddiyyətdə olmasına baxmayaraq onlar Zərifə xanımın timsalında eynilik təşkil edirdi. Elmi nailiyyətlərinə görə o, Tibb Elmləri Akademiyasının mükafatına layiq görüləndə bütün səmimiyyəti ilə təəccübləndi: “Nə üçün məhz mənə? ”. Zərifə xanım təkcə elm aləmində yox, həyatda da məhz bu cür səmimi idi.

Bütün bunlarla yanaşı, o həm də məktəb yaratmışdı. Onun əməkdaşlarına göstərdiyi səmimi münasibətdə, ümumiyyətlə, insanlara olan sevgisi öz əksini tapmışdı. Əslində onun heç iş otağı da yox idi. “O, mənim nəyimə lazımdır ki?” – deyərək şagirdlərinin yanına yollanırdı. Zərifə xanım işinin gərginliyinə baxmayaraq həmişə bir qadın olaraq qalırdı. Özünün cazibədarlığı ilə, mülayimliyi ilə, heyranlığı ilə... Zərifə xanımın ailəsinə necə də sevgi ilə, qayğı ilə yanaşdığını onu yaxından tanıyanlardan dəfələrlə eşitmişəm. Bu, heç şübhəsiz ki, hamını valeh edir, ona qarşı hörmət hissi aşılayır və eyni zamanda təəccübləndirirdi: “O, bütün bunlara necə nail olur? ”

İstedadlı şair özü haqqında yazır ki, “mənim bəxtim doğrudan da gətirib, amma bu azdır”. Doğrudan da, Zərifə xanım az yaşadı. Hətta qədim Romada belə 60 yaş ömrün kamillik dövrü sayılırdı. Zərifə xanım istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi! O, ölüm otağında xəstəliyi ilə necə də mübarizə aparırdı! Müalicə ağır idi, ağrılı idi. İnsanı təkcə fiziki cəhətdən yox, həm də psixoloji cəhətdən yorub əldən salırdı. Fəqət nə mən, nə də mənim tanışlarım bir dəfə də olsun ondan kiçicik giley-güzar eşitmədik. Ömrünün sonuncu anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Görəsən, ölümün yaxınlaşdığını bilirdimi? Demək çətindir. Ağır xəstəliyə düçar olan, ölümünün yaxınlaşdığını hiss edən xəstələrin çoxu sanki vaxtından bir az da əvvəl həyatdan əlini üzür, ümidsizliyə qapılır; həyatla və insanlarla öz arasında gözə görünməyən qara bir pərdə çəkir. Burda isə vəziyyət bambaşqa idi. Bəlkə də Zərifə xanım çarəsiz xəstəliyə düçar olduğunu bilirdi, amma bunu ətrafdakılara hiss etməməyə çalışırdı.

1984-cü ildə tibb işçiləri günü qeyd olunurdu. Zərifə xanım həmin dövrdə dəhşətli xəstəliyi ilə mübarizə aparırdı və onun müalicəsi mümkün olmayan xəstəliyinə tutulduğunu az adam bilirdi. Mən Rəyasət Heyətinə əyləşmişdim. Birdən onun zalda ən çox sevdiyi bir professor həmkarı ilə (o da istedadlı bir qadın idi) yanaşı oturduğunu gördüm. Hər ikisi deyib-gülür, bir-biri ilə ünsiyyətdən zövq alırdılar. Zərifə xanımda bu güc, həyat eşqi hardan idi?!. Ölümünə iki həftə qalmış o uzaq bir ezəmiyyətə hazırlaşırdı: “Aspirantlarıma kömək etmək lazımdır!”

Bəlkə də mən bu xatirələrimi başqa cür yazmalıydım. Bəlkə də bir həmkar kimi peşə, sənət çərçivəsindən kənara çıxmamalı, elm haqqında, işdən, uğurlardan, şagirdlərdən söz salmalıydım. Amma belə alındı. Zərifə xanım qeyri-adi insan idi, başqa istedadlı şəxsiyyətlər kimi o da hər cəhətdən istedadlı idi. Mənim anlamımda isə hər şeydən öndə həyat istedadı və insanilik dayanır. Biz böyük insan itirdik. Sağlığında da onun yeri görünürdü, ölümündən sonra da!..

Sonda bir tarixi haşiyə çıxmaq istərdim. Ölkələrin birində dövlət başçısı seçmək lazım gəlir. Bir çox mübahisələrdən və müzakirələrdən sonra üç namizəd qalır. Uzun müddət onların heç biri səslərin çoxunu toplaya bilmir. Bu zaman el ağsaqqalı üzünü toplaşanlara tutub deyir: “Bunlardan biri Ağıllıdır, biri Qüdrətlidir, biri də Xeyirxah! İndi özünüz seçin! ” Hamı Xeyirxaha səs verir. Bu mənada Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım deyərdim: o həm Xeyirxah idi, həm Ağıllı idi, həm də Qüdrətli idi!

 

M. M. KRASNOV

Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü,

Çox xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun

direktoru, Dövlət mükafatı laureatı