Haqqında

Unudulmaz alim, mehriban ana, qayğıkeş insan

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Biz bu haqda nə bilirik? Bu sətirləri oxuduqca qəlbimiz iftixar hissi ilə dolur.

Bu gün bütün səviyyələrdə etiraf olunur ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsinə böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.

Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır ki, onların da nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmləşmişdir. Bu əsərlər arasında "Kəskin virus konyuktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və s. oftalmologiya elmində böyük rəğbətlə qarşılanmışdır. Alim göz yaşı aparatının xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və s. əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" rəngli illüstrasiyalarla "Azərnəşr" tərəfindən, digər monoqrafiya isə "İridodiaqnostika" adı ilə 1988-ci ildə Moskvada nəşr edilmişdir. Qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Zərifə xanım, sözün əsl mənasında, bu sahənin ilk pioneri olmuşdur. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin, "peşə oftalmologiyası"nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri problemi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktika tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır.

Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisələrində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Göstərilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalatında gözün peşə patologiyası", "Xronik yod intoksikasiyası zamanı oftalmologiya" və "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Məşhur oftalmoloq akademik M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd etmişdir ki, əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kəşflərin rəhbəri ola bilərdi.

Ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında ətraflı işıqlandırmışdır. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Zərifə xanım dəfələrlə deyirdi ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və bəzən dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim həkim-xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş, "həkim xəstənin ən doğma adamıdır" demişdir. Zərifə xanımın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda, onun bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə tibbdə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı "oftalmologiyanın mirvarisi" adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, "biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" demişdir.

Praktik əməli həkim fəaliyyəti ilə yanaşı, Zərifə xanım elmi axtarışlarını davam etdirirdi. Onun ilk tədqiqatlarının mövzusu həyatdan götürülmüşdür. Özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə, traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir. Bu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə "Sintomisin terapiya metodlarının başqa birləşmələri traxomanın müalicəsi"ndə mövzusunda müvəffəqiyyətlə müdafiə etdiyi namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva professional oftalmologiyanın məsələləri ilə ciddi məşğul oldu. Bu sahənin əhatə dairəsinin çox geniş olmasına baxmayaraq, gözün peşə xəstəlikləri probleminə dərin və çoxsahəli marağını Zərifə xanım Əliyeva bütün həyatı boyu itirməmişdir. Uzunmüddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin, "Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etdi. 1976-cı ildə Q.Helmqolts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndirdilər.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım da məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.

Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Unudulmaz alim, qayğıkeş ana olan Zərifə xanım xalqımız tərəfindən ehtiramla yad olunmağa layiqdir.

 

Y.ƏLİYEVA