Haqqında

O, dünyaya insanları sevmək üçün gəlmişdi

Bu dünyada hərəmiz Tanrı tərəfindən qismətimizə düşən bir ömür payı yaşayırıq. Kimi az yaşayır, kimi çox yaşayır, kimi ona verilən ömür payına az baxır, kimi çox...
İnsan ömrünün uzunluğunu isə yaşanmış illərin sayı ilə deyil, onun mənası ilə, əməlləri ilə ölçmək lazımdır. Bu mənada Azərbaycan xalqının nəcabətli, vəfalı, əməlpərvər qadını Zərifə xanım Əliyevanı ən uzunömürlü insan hesab etmək olar. Çünki bu fani dünyada insan yalnız əməlləri ilə yaşayır. Müxtəlif insanların ən isti, şəfqət və məhəbbət dolu xatirələrinin tən ortasından keçib gedən həzin xatirələrində bu gün də aramızdadır Zərifə xanım. İşıqlı xatirəsi, nurlu əməlləri, yaşayan arzuları ilə...

Hamı tərəfindən eyni məhəbbətlə sevilmək, bu dünyanı tərk etdikdən sonra da hər zaman minnətdarlıq hissi ilə xatırlanmaq hər kəsə qismət olan xoşbəxtlik deyil.

Zərifə xanım haqqında danışanda nədənsə hamı ən çox işıq kəlməsini işlədir. Bu onun fitrəti və sənəti ilə bağlı sözdür. Çünki işıq, Günəş əbədi enerji, o isə əbədi həyat və əbədiyyət deməkdir. Zərifə xanım öz şəfalı əlləri ilə insanlara işıq, nur bəxş edirdi.

Təkcə öz sahəsində yox, hər şeydə bənzərsiz idi. Bənzərsiz insan, həyat yoldaşı, ana, həkim, alim... Bütün bu məfhumların başında isə böyük ürək sahibi İNSAN dururdu. Çünki o, elə bir ailədə dünyaya gəlmişdi ki, elə bir mühitdə böyüyüb tərbiyə almışdı ki, başqa cür, sadəcə, ola da bilməzdi. "Ot kökü üstə bitər" deyib atalar. Zərifə xanım zəngin genetik kodlarla geniş mental imkanların çox uğurlu bir şəkildə çulğaşdığı nadir insanlardandır. Onun bir şəxsiyyət kimi yetişməsində böyük insan, həkim Əziz Əliyevin zəhməti və qayğısı olmuşdur. O, böyük ürək sahibi idi.

İnsanlara Günəşi, təbiətin rənglərini, mavi səmanı, zümrüd Xəzəri görə bilmək nemətini bəxş etmək üçün, ömür gün yoldaşına vəfalı sirdaş, arxa-dayaq olmaq üçün Allah tərəfindən göndərilmişdi Zərifə xanım. Zərifə xanımı tanıyanlar onu son dərəcə munis, səmimi, qayğıkeş, təvazökar bir insan kimi xatırlayırlar. Zərifə xanımın mütəmadi qayğısı və gərəkli əməyi sayəsində gözlərində əməliyyat aparılan, sarğısı açılanda isə xeyirxahını axtaran gənc qız çox illər keçəndən sonra anlayacaq ki, bu sadə, böyük ürək sahibi olan gülərüz insan Heydər Əliyevin ömür-gün yoldaşıdır.

Zərifə xanım qeyri-adi ana idi və onun övladlarına olan münasibəti də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları Ulu Tanrı tərəfindən bəxş olunan bir pay kimi qəbul edirdi. İllər keçəcək, Ulu Tanrının bəxş etdiyi bu pay şirmayı dilləri səsləndirəcək... "Ana" mahnısının kövrək, nisgilli sədaları otağa yayılacaq:

Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar,
Gülər üzlü, qara gözlü anam,
Hara getsəm gözün mənə baxar,
Ana, qəlbin layla olar gəzər,
Doğma səsin ömrü-günü bəzər...

 

K. RZAQIZI