Xəbərlər

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Prezident İlham Əliyev tədbirdə iştirak etmişdir


Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.

Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Səhiyyə naziri OQTAY ŞİRƏLİYEV xatirə gecəsini açaraq dedi:

-Zati-aliləri möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün Azərbaycan səhiyyəsi və tibb elmi üçün çox əlamətdar bir gündür. Böyük xidmətləri və xeyirxah əməlləri ilə Azərbaycan səhiyyəsinin tarixində silinməz iz qoymuş görkəmli alim, əlişəfalı həkim, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 85-ci ildönümüdür.

Artıq iyirmi ildən çoxdur ki, Zərifə xanım bizimlə deyil. Lakin onun əziz xatirəsi ölkəmizdə səhiyyə sahəsində çalışan hər bir insanın qəlbindədir. Əslində, bu gün burada, belə geniş və mötəbər bir toplantıda onu yad etməyimiz, xalqımızın sağlamlığının qorunmasında və tibb elmimizin inkişafında Zərifə xanımın əvəzsiz rolunun bir daha sübutudur.

Zərifə xanımın alim, həkim, pedaqoq və insan kimi mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, müdriklik məktəbidir.

Tale Zərifə xanıma əfsanəvi bir həyat yazmışdır. O, Əziz Əliyev kimi görkəmli dövlət və elm xadiminin ailəsində dünyaya göz açmışdır. Dünya şöhrətli bir ölkə rəhbərinin həyat yoldaşı olmuş, Azərbaycana layiqli Prezident olan bir oğul bəxş etmişdir. O, həyatı boyu bütün qüvvə və bacarığını doğma xalqına xidmətə həsr etmiş və ömrünün sonunadək bu amala sadiq qalmışdır.

Zərifə xanımın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, çətinliklərdən qorxmayaraq, hər zaman ən mürəkkəb problemlərin həllinə cəhd göstərirdi. Öz tədqiqatlarını isti kabinetlərdə aparmırdı, lazım olanda, Azərbaycanın rayonlarını kəndbəkənd gəzirdi. Ona dünya şöhrəti gətirən laboratoriyanı elmi tədqiqat institutunda deyil, məhz istehsalat müəssisəsində yaratmışdı.

Azərbaycanda vaxtilə geniş yayılmış traxoma kimi infeksion xəstəliyin kökünün kəsilməsində Zərifə xanımın həm elmi, həm praktik, həm də sanitar-maarifçilik fəaliyyətinin böyük əhəmiyyəti olmuşdur.

Onun elmi uğurları sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinə həsr olunmuş tədqiqatları xüsusi vurğulamaq lazımdır. Diqqətəlayiqdir ki, ulu öndər Heydər Əliyev respublikamızın tərəqqisi naminə Azərbaycanda sənayeni yeni inkişaf mərhələsinə yüksəltdiyi bir vaxtda Zərifə xanım Əliyeva təzə tikilmiş zavod və fabriklərdə işləyən sadə əməkçilərin qayğısına qalır, onların peşə xəstəlikləri probleminin həlli uğrunda çalışırdı. Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o, yaratmışdır.

O dövrdə ümumittifaq mükafatları müttəfiq respublikalardan olan alimlərə tək-tək hallarda verilirdi. Amma peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatına - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Professor Z.Əliyeva həm də həmin mükafatla təltif edilən ilk qadın alim idi. Bütün bunlar onun elmi araşdırmalarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə bariz sübutdur.

Peşə oftalmologiyası Zərifə xanımın yol açdığı yeganə elmi istiqamət deyildir. O, həm də o zaman ölkədə qəbul edilməyən alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk alimlərdən idi. “İridodiaqnostikanın əsasları” kimi fundamental elmi əsərin müəlliflərindən biri idi. Həmin dövrdə mövcud olan ideloji maneələrə baxmayaraq, kitabın nəşri də elə Zərifə xanımın səyi nəticəsində mümkün olmuşdu.

Böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.

Zərifə Əliyeva həm də gözəl müəllim olmuş və illərlə əldə etdiyi bilikləri böyük həvəslə həkimlərə çatdırmışdır. Onun rəhbərliyi altında bir çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. O, Azərbaycanda elə bir oftalmologiya məktəbi yaratmışdır ki, bu məktəb Sovet İttifaqının parçalanması ilə dağılmamışdır və bu gün də mövqeyini itirməyən sahələrdən biri olaraq qalır.

Əlbəttə, dünya tibb elminə əvəzsiz töhfələr verən həkim-oftalmoloq, öz elmi, biliyi və bacarığı ilə xalqına ürəklə xidmət etmiş bir ziyalı qadın kimi Zərifə Əliyeva haqqında çox danışmaq olar. Amma onun bunlardan heç də az əhəmiyyəti olmayan başqa cəhətləri də var idi.

Zərifə xanım sanki bu dünyaya insanları sevmək üçün gəlmişdi. Maraqlıdır ki, onun haqqında danışarkən, hətta onu şəxsən tanımayanların da siması nurlanır.

Zərifə xanım yaxşı ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə vurğun insan idi. Ailədə onu daim sevən və sevilən əzizləri əhatə edirdi.

Deyirlər, insan o vaxt işində, ictimai fəaliyyətində uğur qazanır ki, evindən, ailəsindən, uşaqlarının tərbiyəsindən arxayın olsun. Bu mənada ümummilli lider Heydər Əliyev, həqiqətən, xoşbəxt insan olmuşdur. Çünki onun ömür-gün yoldaşı belə müdrik və fədakar qadın, övladlarının tərbiyəsi və təhsili üçün əlindən gələni edən bir ana idi.

Ailə əsrlər boyu Azərbaycan üçün çox önəmli olmuşdur. Ümummilli lider Heydər Əliyevin ailəsindəki başlıca həyat prinsipi xalqa, millətə xidmət və sədaqət idi. Bu yolda Zərifə xanım ona əsl həyat yoldaşı olmuşdur.

Bu gün isə ölkə Prezidenti cənab İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır. Azərbaycan Prezidentinin ölkə səhiyyəsinə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosial yönümlü siyasət ulu öndərin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Bu işdə dövlət başçısının ən yaxın silahdaşı Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Onun ölkədə təhsilə, mədəniyyətə, səhiyyəyə verdiyi töhfələr əvəzsizdir.

Zərifə xanımın həyatda daha bir amalı həkimlərimizi bilikli və peşəkar, millətimizi sağlam və gözünurlu görmək olmuşdur. Bu millətə Əziz Əliyev, Tamerlan və Cəmil Əliyevlər kimi həkimlər bəxş edən bir ailənin təbiblər nəslinin nümayəndəsi olan Zərifə Əliyeva ömrünü Azərbaycan tibb elminə və səhiyyəsinə həsr etmişdir. Onun zəngin elmi irsi, tədqiqatları, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifəsidir. Doktor Əliyevanın əlləri ilə minlərlə insan şəfa tapmış, zülmətdən işığa qovuşmuşdur. Bu gün də Zərifə xanımın şəxsiyyəti gənc nəsillər üçün bir örnək, məktəbdir.

Görkəmli alim, həkim, nurlu şəxsiyyət, əziz və unudulmaz müəllimimiz Zərifə xanım Əliyevanın xatirəsi bizim qəlbimizdə daim yaşayır və yaşayacaqdır.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri HİCRAN HÜSEYNOVA çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Bu gün biz böyük alim, gözəl insan, fədakar həyat yoldaşı, müdrik ana – Azərbaycanın xanımı, akademik Zərifə Əliyevanın işığına yığışmışıq.

Ulu öndərimiz Heydər Əliyevin kəlamlarının birində deyilir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti, gözəlliyi və Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır”. Şəxsiyyəti və fəaliyyəti sayəsində zamanında respublika qadınlarının lideri olmuş, müasir Azərbaycan qadınının simvoluna çevrilmiş Zərifə xanım Əliyevanın işıqlı obrazı bütün bu keyfiyyətləri özündə parlaq surətdə təcəssüm etdirir.

Yüksək vətəndaşlıq mövqeyi, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmət və sevgisini qazanmış Zərifə xanım, ilk növbədə, böyük və parlaq şəxsiyyət idi. Başqa cür ola da bilməzdi, çünki o, görkəmli dövlət xadimi, ictimai xadim, xalqımızın sədaqətli oğlu Əziz Əliyevin ailəsində doğulub böyümüş, gözəl tərbiyə və mükəmməl təhsil almışdı.

Əsil-nəcabətli ziyalı mühitində formalaşan Zərifə xanım qayğıkeş və mehriban ana kimi övladlarına da ən yüksək mənəvi keyfiyyətləri aşılamışdı.

Zərifə Əliyeva ətrafına nur saçan böyük ziyalı idi. O hesab edirdi ki, insan biliyi ilə mütləq cəmiyyətə fayda verməli, xeyirxah əməlləri ilə özündən sonra iz qoymalıdır.

Yüksək səviyyəli peşəkar kimi neçə-neçə insanın gözünə işıq verib, onları həyata qaytaran akademik Zərifə Əliyeva həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara xüsusi qayğı ilə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında böyük ehtiramla yaşadan həm də bu mərhəmət və şəfqətdir.

Görkəmli alimin zəngin həyat təcrübəsi və əmək fəaliyyəti əsasında qələmə aldığı “Həkimin mənəvi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” kitabındakı dəyərli tövsiyələr əsl həyat məktəbidir.

Səmərəli ictimai fəaliyyət üçün xüsusi istedad tələb olunur. Tanrı bu müdrik xanıma belə bir istedadı da bəxş etmişdi. Dövrünün ictimai həyatında yaxından iştirak edən akademik, əməkdar elm xadimi Zərifə Əliyeva keçmiş SSRİ-nin Oftamoloqlar Elmi Cəmiyyəti idarə heyətinin, SSRİ və Azərbaycan Sülhü Müdafiə Komitəsinin rəhbər orqanlarının, respublika “Bilik” cəmiyyəti idarə heyətinin və “Novosti oftalmologii” jurnalının redaksiya heyətinin üzvü kimi ən müxtəlif, məsuliyyətli vəzifələri böyük bacarıq və ləyaqətlə yerinə yetirirdi.

Çoxşaxəli və gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilirdi. Hər kəsin qəlbinə yol tapmağı bacaran nəcib insan təkcə öz həmkarları ilə yox, sadə peşə adamları, alimlər, mədəniyyət və incəsənət xadimləri ilə də asanlıqla ünsiyyət qurur, həmişə ətrafında xeyirxahlıq mühiti yaratmağa nail olurdu. İstedadlı insan hər bir işdə istedadlıdır. Onun fortepianoda dünya və Azərbaycan musiqisi nümunələrini ifa etdiyi musiqili axşamlar haqqında xatirələr bu gün də yaddaşlarda qalmaqdadır.

Ulu öndərin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı.

Dəyanətli şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı kimi çətin, lakin şərəfli missiyanı layiqincə yerinə yetirərək, ulu öndərə etibarlı mənəvi dayaq idi. Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə, milli dəyərlərimizi əks etdirən örnəkdir.

Ümummilli liderimizin ölkə rəhbəri kimi fəaliyyətinin ilk günlərindən etibarən respublikada dəyişikliklər prosesi başlanmış, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bu inkişaf dinamikasında ölkənin mədəni və elmi həyatında da canlanma yaranmış, Azərbaycanın əlaqələri genişlənməyə başlamışdı.

Sovet dövründə məhz ulu öndər Heydər Əliyevin cəsarəti, fədakarlığı və ona dayaq olan Zərifə xanımın xalqına sonsuz məhəbbəti milli dəyərlərimizi məhv olmaqdan qorudu, Azərbaycanda milli elm və təhsilin, ədəbiyyat və incəsənətin tərəqqisi dövrü başlandı. Ölkəmizin beynəlxalq aləmdə daha da tanınmasına xidmət edən mədəniyyət günlərində, konfranslarda, Azərbaycanda keçirilən bir çox dövlət əhəmiyyətli tədbirlərdə istər Sovet İttifaqından, istərsə də xarici ölkələrdən tanınmış, nüfuzlu nümayəndələrin iştirakının təşkil edilməsində Heydər Əliyev şəxsiyyətinin rolu əvəzsiz olmuşdur.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi yolla sürətlə inkişaf edən, azad, müstəqil, gələcəyə inamla baxan müasir Azərbaycanı görmək çox təəssüf ki, Zərifə xanıma qismət olmadı. Lakin biz əminik ki, Zərifə xanımın Azərbaycanın bugünkü uğurlarına şahid olan ruhu şaddır.

Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın firavan gələcəyinə olan inamımız sonsuzdur, çünki sarsılmaz təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Zərifə xanım Əliyevanın mənəvi ideallarını yaşadan dövlət etibarlı əllərdədir.

İki böyük və əvəzsiz şəxsiyyətin – ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmuş ruhları şad olsun!

BAKI. 28.04.2008. AzərTAc.