Haqqında

Ömrün gözəl illəri

Həyatdan vaxtsız köçmüş yaxın dost, yoldaş, məsləkdaş haqqında söz demək çox çətindir.

Allah heç kimə göstərməsin. Mənim ömrümün ən gözəl illəri Zərifə xanımla bağlı keçib. Biz onunla erkən uşaq çağlarından tanış olmuşduq, bir məktəbdə oxumuşduq. Sonradan onlar evlərini dəyişdilər, Zərifə başqa məktəbə keçdi, ancaq buna baxmayaraq, dostluğumuz yenə də davam etdi. Biz tez-tez görüşür, yaxın ünsiyyət saxlayırdıq. Orta məktəbi bitirəndən sonra tale yenə bizi görüşdürdü. Hər ikimiz Azərbaycan Tibb İnstitutuna daxil olduq. Ali təhsilimizi bitirəndən sonra eyni ixtisası seçdik və düz 18 il mərhum professor Umnisə Musabəyovanın rəhbərliyi altında Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda çiyin-çiyinə çalışdıq. Burada dostluğumuz daha da möhkəmləndi.

50-ci illərdə institutumuzun oftalmoloqları qarşısında duran ən əsas məsələ respublikamızda traxomanın - keçmişin bu acı qalığının aradan qaldırılması idi. Traxoma Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdı. Bununla əlaqədar Zərifə xanım tez-tez rayonlarda olur, xəstələrin müayinə olunub dispanserizasiyası işində böyük əmək sərf edirdi. Çox ağır və üzücü bir iş idi ­bir sıra sənaye müəssisələrinin işçilərinin müayinə olunması, traxomaya tutulmuş, ancaq heç yerdə işləməyən adamlara baş çəkmək, onları, doğma və yaxınlarını yoxlamaq, mərəzin yayılma ocaqlarını meydana çıxarmaq, respublikanın ən müxtəlif rayonlarındakı tibb məntəqələrində, əmək müəssisələrində, təşkilatlarda söhbət və mühazirələr keçirmək. Bütün bunlar nə qədər ağır, zəhmət tələb edən iş idisə, bir o qədərdə şərəfli iş idi. Ağır iş idi, lakin eyni zamanda şərəfli bir iş idi. Traxoma ilə mübarizə apardığı müddətdə Zərifə xanım çalışdığı terapevtik şöbənin əmək­daşları ilə birlikdə bir neçə elmi-tədqiqat işini də yerinə yetirmişdi. Həmin araşdırmalarda iki rayonda keçirilmiş tədbirlər ümumiləşdirilərək, bunların əsasında traxoma ilə mübarizənin təşkilati, tətbiqi-müalicəvi əsasları işlənib hazırlanmışdı. Bu elmi tədqiqatların nəticələri sayəsində həmin rayonlarda traxoma ilə mübarizə məntəqələri açılır, bütün xəstələr ciddi nəzarətə götürülür, zəruri müalicə tədbirləri aparılır, traxomanın aradan qaldırılması üzrə başlıca metodiki-təşkili təlimatlar hazırlanırdı. Zərifə xanımın iştirakı ilə həmin elmi-tədqiqat işlərinin aparılması 1965-ci ilə qədər Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əhəmiyyət kəsb etmişdi. Bütün bu illər ərzində Zərifə xanım "Məktəblilər arasında traxomanın müalicəsi" adlı elmi iş üzərində çalışırdı. Bu kütləvi mərəzə tutulan uşaqların müalicəsi üçün o, oftal­mologiyada ilk dəfə olaraq həmin illərdə icad edilən təzə antibiotikdən - sintomisindən istifadə etmişdi. Bu yeni aspektdə aparılan araşdırmalar həmin xəstəliyin müalicəsində əvvəllər tətbiq və tövsiyə olunan digər preparatlarla müqayisədə sintomisinin üstünlüyünü üzə çıxardı. Zərifə xanımın həmin uşaqlar üzərində apardığı dinamik müşahidələr göstərmişdi ki, sintomisin selikli qişanın infiltrasiyasında sorulmanı sürətləndirir, kirpiklərin yaralarını bitişdirir, pannusu sorur, konyuktival torbacığın mikroflorasını təmizləyir.

Zərifə xanım həmçinin qlaukoma və yaxındangörmə xəstəlikləri üzrə profilaktiki iş aparmaqdan ötrü də dəfələrlə respublikamızın rayonlarına getmişdi. Qlaukomaya tutulmuş xəstələrin müəyyənləşdirilməsi üçün bir çox illər ərzində o, Əli Bayramlı şəhərinin sənaye müəssisələrində ciddi müayinə işləri ilə məşğul olmuşdu. Qlaukomada şübhəli şəxslər təcili surətdə onun tərəfindən dispanser uçotuna alınır və onlar ətraflı müayinə və müalicə üçün göz stasionarlarına göndərilirdilər. Yaxındangörmənin müəyyənləşdirilməsi məqsədilə o, Əli Bayramlı şəhərinin məktəblərində xeyli təcrübə]ər aparmışdı. Əgər institutumuza lazım idisə, Zərifə xanım işə həvəs­lə girişirdi, gərək olan kimi rayonlara gedir, profilaktika ilə məşğul olurdu.

1964-cü ildən etibarən, o, görmə orqanlarının peşə patologiyasına həsr edilmiş doktorluq dissertasiyası üzərində işə başladı. Üç il ərzində, 1967-ci ilə qədər dissertasiya işinin ayrı-ayrı fraqmentləri yerinə yetirildi, Bakı Şin Zavodunun müxtəlif sexlərində çalışanların görmə orqan­larının bir sıra funksiyaları öyrənildi. Sonradan iş yerini dəyişdiyi üçün dissertasiyasının yeni hissələrini də Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında yerinə yetirdi. Zərifə xanımın yüksək ixtisaslı mütəxəssis, alim kimi pedaqoji fəaliyyət sahəsində qazandığı uğurlar da həmin müəssisənin adı ilə bağlıdır. Qeyd etməliyəm ki, Zərifə Əliyeva böyük bir həyat yolu keçmiş, həkim-oftalmoloqdan Azərbaycan EA-nın aka­demiki, professor, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdirliyinə qədər yüksəlmişdi. O, bütün bunlarla bərabər, həm də gözəl ictimai xadim idi.

Zərifə xanım geniş dünyagörüşünə, çevik ağla, ilahi daxili və zahiri gözəlliyə malik idi.

Cazibədar, heyrətamiz insanlara xas olan sadəlik, genişürəklilik, xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın şəxsiyyətində ahəngdar şəkildə qovuşmuşdu. İnsanlara intəhasız sevgi, onlarla ünsiyyətdə qeyri-adi sadəlik, yüksək mədəniyyət və ziyalılıq, həqiqətpərəstlik və doğruluq kimi xüsusiyyətləri sayəsində Zərifə xanım hər yerdə özünə dərin hörmət və məhəbbət duyğuları doğura bilirdi. Ən qəribəsi bu idi ki, o, ünsiyyətdə olduğu adamların hər birinin dilini tapa bilirdi. Tutduğu yüksək mövqeyə baxmayaraq, o, sıravi həkimliyi dövründəki sadəliyini, xeyirxahlığını qoruyub saxlamışdı. Zərifə xanımın qəlbi hamının üzünə açıq idi.

İş günləri onun boş vaxtı olmazdı: mühazirələr, təkmilləşdirmə institutunun dinləyiciləri ilə məşğələlər, xəstələrin müayinə və məsləhət saatları, ağır ictimai iş yükü. Zərifə xanımın – bu böyük alimin, həkimin, pedaqoqun, ictimai xadimin bütün həyatı və fəaliyyəti Vətəninə, xalqına təmənnasız xidmət nümunəsidir. Həkim-oftalmoloqların hazırlanmasına, elmi işçilərin gənc nəslinin tərbiyəsi işinə Zərifə xanım bütün bilik və bacarığını sərf edir, var gücünü qoyurdu.

Lakin o yalnız işlə yaşamırdı. Hüdudsuz enerji, həssas ürək sahibi olan bu qadın sərbəst vaxtlarının hamısını ailəsinə həsr edirdi. O, diqqətli övlad, gözəl həyat yoldaşı, qayğıkeş ana, nənə idi. İşdə de belə idi, əməkdaşlarımızın hamısı üçün sədaqətli dost, xeyirxah bir ana idi. O, hamının imdadına çata bilirdi. Yoldaşlarımızdan kimsə doğmasını, yaxınını, əzizini itirəndə hayımıza daha tez yetişirdi. Yaxın, sadiq, təmənnasız bir dost köməyinə möhtac qaldığın anlarda Zərifə xanımı yanında görürdüm.

Taleyim mənə düz əlli il onunla ünsiyyətdə yaşamaq xoşbəxtliyi bəxş edib. Bütün bu müddətdə həmişə qəlibimin dərinliklərində hiss etmişəm ki, Zərifə Əziz qızı yanımdadır, özünün isti, səmimi nəvazişi ilə, xeyirxah əməlləri ilə mənə hər an yardım göstərə bilər. Ömrünün son illərində o, Bakıda yaşamırdı, ancaq bura hər gəlişində biz onunla mütləq görüşərdik. O, mənim ətrafımda baş verənlərlə maraqlanar, halımı gözlərimdən oxuyardı. Mən onun şəxsində belə bir qeyri-adi, həssas və diqqətcil bir dost, rəfiqə tapmışdım. Zərifə xanımın şəxsiyyəti çoxcəhətli idi. O, yalnız yüksək ixtisaslı həkim, hərtərəfli alim, görkəmli pedaqoq və ictimai xadim deyildi. Eyni zamanda dərin musiqi savadına da malik idi, gözəl fortepiano çalır, oxuyurdu, incə yumor hissi vardı, hazırcavab və maraqlı müsahib idi. Yüksək müşahidə qabiliyyəti de vardı.

70-ci illərin əvvəllərinə qədər N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda professor U.Musabeyovanın rəhbərlik etdiyi göz xəstəlikləri kafedrası Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun terapevtik şöbəsinin bazasında yerləşirdi. Zərifə xanım da bu şöbənin böyük elmi işçisi idi. O vaxt şöbə ilə kafedra vahid bir tam kimi qaynayıb-qovuşmuş üzvi bir orqanizmə bənzəyirdi. Biz burada bir ailə kimi çiyin-çiyinə çalışırdıq. Kollektivimiz mehriban, sıx və möhkəm idi, müəllimlərimiz, yaşlı yoldaşlarımız bizim üçün məxsusi ənənələr qoyub getmişdilər. Ayda bir dəfə biz hamımız işdən sonra kollektivimizin bir üzvünün evində çay süfrəsinə toplaşardıq. Bu məclislərin sırasını hər ilin əvvəlində Zərifə xanımın böyük bacısı, Tibb İnstitutu­nun göz xəstəlikləri kafedrasında dosent işləyən Ləzizə xanım tərtib edirdi. Harada yığışmağımızdan asılı olmayaraq, görüşlərimiz şən və maraqlı keçirdi. Cəmiyyətimizin canı və qəlbi isə həmişə Zərifə xanım olardı. O, yalnız təbabəti sevmirdi, incəsənətə və mədəniyyətə böyük sevgiylə yanaşır, teatrların bir premyerasını da buraxmaz, filarmoniyada keçirilən kon­sertlərdə iştirak edərdi. O, ahəngdar, hərtərəfli inkişaf etmiş nadir insanlarımızdan idi. Zərifə xanımın vaxtsız vəfatı xəbəri bizim hamımızı, onun bütün dostlarını və həmkarlarını sarsıtdı. Hələ bu günə qədər də inana bilmirəm ki, o bizim aramızda deyiL. İnanmaq istəmirəm ki, bir daha onun doğma, həlim səsini eşitməyəcəyəm. Rəhmətlik məni nəvazişlə "Fəriş" deyə çağırardı. Bu xitabı onun mənə səmimi duyğularını, sevgi və sayğısını ifadə edirdi. İstək və duyğularımız qarşılıqlı idi. Zərifə xanımın sevinci və kədəri mənim, mənim sevincim və kədərim onun idi.

O, mənim üçün yüksək mədəniyyət, ziyalılıq, düzlük, öz işinə sadiqlik, bütün bilik və bacarığını xalqına xidmət işinə yönəldən böyük bir İnsan obrazıdır. Bu obraz mənim yaddaşımda, qəlbimdə ölənədək yaşayacaq.


Q.M.NƏSRULLAYEVA,
professor, Azərbaycan Elmi-Tədqiqat
Oftalmologiya İnstitutunun şöbə müdiri