Əbədiləşən adı

Bakının Binəqədi rayonu ərazisində Zərifə Əliyeva adına parkın açılışı

28 aprel 2000-ci ildə Bakının Binəqədi rayonu ərazisində Zərifə Əliyeva adına parkın açılış mərasimi olub.

Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın adını daşıyan və Binəqədi rayonu ərazisində yerləşən, altı hektar sahəni əhatə edən bu istirahət guşəsi bir il ərzində salınıb. Vaxtilə yararsız yer kimi istifadəsiz olan bu sahə abadlıq işləri görüldükdən sonra müasir səviyyəli istirahət parkına çevrilib. İstirahət parkında Azərbaycanın müxtəlif iqlim qurşaqlarının faunasına aid 2000 ağac və 4000 yaşıl kol əkilib. Parkda həm də Zərifə Əliyevanın ağ mərmərdən büstü qoyulub, onun həyat və yaradıcılığını əks etdirən eksponatlar toplanmış xüsusi guşə yaradılıb.

İstirahət parkının açılış mərasimində şəhər ictimaiyyətinin qarşısında çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev Bakı şəhərində və digər iri şəhərlərdə bu cür guşələrin yaradılmasının ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişaf proqramının tərkib hissəsi olduğunu bildirib.